<span style="color:red;">“O an həyatımın cəhənnəm mərhələsi başladı...”  – Bulud Qaranın gündəliyi – <span style="color:red;">VII BÖLÜM
24 aprel 2019 11:09 (UTC +04:00)

“O an həyatımın cəhənnəm mərhələsi başladı...” – Bulud Qaranın gündəliyi – VII BÖLÜM

 

 
7-ci hissə
Ümid və şantaj
 
Bu, dəhşət idi!

Dünən evimin içində, gözlərimin qarşısında olan, gülən, ağlayan, çörək yeyən, məni yedirən, sinəmə qısılan qadını indi dalğıclar sudan çıxarıb yerə uzatmışdılar və mən heç nə olmayıbmış kimi bir az aralıdan bu mənzərəyə baxmağa məhkum olmuşdum.

 

Həkimlər, polislər və digər adamlar sudan çıxarılan qadın cəsədinin ətrafına toplandılar. Daha heç nə görə bilmədiyim üçün ilk reaksiyam maşından düşüb həmin tərəfə qaçmaq istəyi oldu. Lakin iki polis nəfəri uzaqdan “Olmaz! Sürün gedin, vətəndaş!” deyə üstümə bağırıb getməyimi tələb edəndə ətrafımda deyinə-deyinə maşınlarına tələsən digər adamları da gördüm. Görünür, sahilə gələn cütlüklər də hadisəyə maraqlarına görə maşınlarından çıxıb yaxınlaşmaq istəmişdilər. Cəld oradan uzaqlaşdım, şəhərə qayıtdım. Lakin ürəyim sahildə qalmışdı və mən indi bu sətirləri yaza-yaza yadıma düşür ki, yol boyunca necə hönkür-hönkür ağlayırdım.

 

Əllərim əsirdi, həmin gün şəhərə çatanda ilk işim bir blok siqaret və şərab almaq olmuşdu. Sonra da evə qapanıb bütün gecəni içmiş, siqaret çəkmiş, işığı, televizoru yanılı saxlayıb, yuxulamışdım. Hə, bir o yadımdadır ki, yuxuya getməzdən qabaq televizorun ekranında onun sahildəki son görüntülərini izləmişdim. Üzü duman effektiylə örtülmüş yarıyanmış bədən və yarıyanmış qara donun uzun-uzun ətək ucları...bir də qarşımdakı jurnal masasının üstündə külqabıyla stəkanın, şərab şüşəsinin arasında çırpına-çırpına qalan telefonda Surxayın adını oxumuşdum.

 

Yuxuda da o qadını görmüşdüm.

 

Sahildə gəzirdi, mən də onun arxasınca düşüb üzümə baxmasını tələb edirdim, nəsə soruşmaq, nəsə demək istəyirdim deyəsən. O isə üzünü mənə göstərmir, sürətlə məndən uzaqlaşır, suya girir, dalğaların arasında yoxa çıxırdı. Mən onun dalınca suya girmək istəyəndə kimsə qollarımı arxadan tutub məni qucaqlamışdı və “getmə” demişdi. O qədər isti, doğma səslə demişdi ki, çönüb baxanda onu qarşımda sağ-salamat, gözəl, mənim pijamamda gülümsəyən görəndə uşaq kimi sevinmişdim, bağrıma basıb alnını, üzünü, saçlarını öpmüşdüm dəli kimi. Qoxusu qarışmışdı nəfəsimə yenə. Xəfif yasəmən ətri bürümüşdü sonra hər tərəfi...

 

Ayılmışdım.

 

Ayılanda  isə dünyada baş verən ən son hadisələri xəbər verən aparıcı xanımı görmüşdüm qarşımda. “Lənət şeytana!” deyib başımdakı ağırlıqdan və küt ağrıdan zarıyaraq əlimi atıb telefonumu götürmüşdüm. On beş cavabsız zəng vardı. Doqquzu Surxaydan, biri Tofiqdən, biri Gülnardan, dördü də tanımadığım nömrədən. İlk işim tanımadığım nömrəni yığmaq oldu. Güman ki, pasientlərimdən biri idi və işə gecikdiyimə görə zəng etmişdi. Bir gözüm saat ona on beş dəqiqə qalmışı göstərən divar saatında, bir gözüm televizorun ekranında, zəngimə cavab gözləyirdim. Amma heç kim telefonu açmadı. Surxayı yığdım. İlk zəngdəcə açıb bağırdı:

 

- Hardasan? Ödümüz qopdu bizim daha!

 

- Evdəyəm, yatmışdım.

 

- Gəlirəm ora!

 

- Gəlmə, yatıram! Beynim dağılır, çox içmişəm gecə.

 

Surxay nəsə də deyirdi, imkan verməyib telefonu qapadım və masanın üstünə atıb yenidən uzandım.

 

Başımı əllərimlə sıxıb, gicgahlarımı ovuşdurdumsa da ağrı keçmədi. Bir yandan da yasəmən ətri əl çəkmirdi, evdə hər yerə hopmuşdu sanki. Hiss etdim ki, yenə özümə yer tapmıram, durub siqaret yandırdım, şüşənin dibində qalmış şərabı da başıma çəkdim. Surxay yenə zəng etdi:

 

- Dur bir tünd qəhvə iç, sonra rədd ol gəl bizim işə, səninlə ciddi söhbətim var!

 

- Yaxşı - dedim və durub tünd qəhvə hazırladım.

 

Hər an beynimdə, gözlərimin qarşısında o qadını görürdüm,  xəyalımda onunla yan-yana hərəkət etdiyimi hiss edirdim. Suyu açanda, qazı yandıranda, fincanımı götürəndə...

 

Səsi gəlirdi qulağıma: “Bağışlayın ki, sizin qəhvənizi içdim, dözmədim”.

Fincanımı götürüb qurtum-qurtum içə-içə divana oturdum, televizorda yenə də dünənki hadisəni göstərirdilər. Yenə onun duman effekti ilə örtülmüş üzü, yarıyanmış bədəni, yarıyanmış qara donunun ətək tikələri... Bu dəfə qısa və konkret əlavə ilə bitirdilər xəbəri: “Mərhum Leyla Əkbərlinin həyat yoldaşının və digər yaxınlarının dediklərinə görə, uzun müddət psixi pozğunluqlardan müalicə alırmış, alkoqol və narkotik asılılığının daha bir qurbanı kimi affekt vəziyyətində özünə qəsd etmişdir”.

 

Leyla Əkbərli...demək onun adı Leyla imiş... Leyla...

 

Qəhvəni demək olar ki, qaynar-qaynar başıma çəkdim.

 

Kaş mən həmin gecə onu dinləməyəydim. Kaş onu tək buraxıb Surxayın evinə getməyəydim. Kaş onu ölümə təslim etməyəydim öz əllərimlə. Axı mən onu qoruya bilərdim, axı mənə qısılmışdı o...

 

Hirslə divanın üstündəki balaca yastığı döşəməyə itələyib saldım.

 

Və...

 

Və yasəmən qoxusu artıb hər tərəfimi bürüdü yenə. Gözlərimin qarşısında isə onun səliqə ilə büküb saxladığı qara donu vardı.

 

Nə edəcəyimi bilmədim bir anlıq. Bu nə demək idi?

 

Donu götürüb açdım, qoxuladım, birdən-birə beynimdə bir-birinin ardınca yaranmış saysız-hesabsız suallar və o suallara ola biləcək saysız-hesabsız cavab ehtimalları bir-birinə qarışdı.

 

Əgər onun donu burada idisə, demək bu evdən başqa geyimlə çıxmışdı. Başqa geyim isə ancaq mənə aid ola bilərdi. Çünki nə o qadının əlavə geyimi vardı, nə də mənim evimdə qadın geyimi vardı. Pijama ilə getməzdi ki?! Durub şkafda öz paltarlarıma baxdım, təxminim doğru idi. Mənim bir cins şalvarımı, bir sviterimi və idman gödəkçəmi geyinmişdi, idman ayaqqabılarım da yox idi. Demək...

 

Ürəyimdə yaranmış ümid işartısı üzümə yayılırdı deyəsən, gülümsəyirdim, sevinirdim ki, onun əynində qara don ola bilməz, televizorda gördüyüm, sahildə dalğıcların sudan çıxartdıqları, xəbərlərin manşeti olan o qadın başqa biridir, mənim... mənim tanıdığım, həm də tanımadığım o sevimli, sirli qadın deyil, Leyla deyil.

 

O zaman o bədbəxt kim idi? Niyə Leylanın əri bütün ölkəyə deyirdi ki, onun arvadıdır ölən? Yoxsa o da yanılmışdı? Bəlkə də mən yanılırdım, özümü ovudurdum qəfil beynimdə yaranmış yalançı ümidlərlə.

 

Kompüteri açıb, onun son dəfə açıb baxdığı səhifələri nəzərdən keçirməyə başladım. Sosial şəbəkələrin heç birinə baxmamışdı. Ya da baxıb silmişdi yaddaşdan, bunu dəqiq bilmədim. Amma son dörd səhifə mənim diqqətimi çəkdi. Biri mənim haqqımda məlumatlar olan vikipediya səhifəsi idi, ikisi xəbər saytı, dördüncüsü isə ucqar bir dağ rayonu haqqında səhifə.

İlk ağlıma gələn fikirlə kitab şkafının siyirtməsini açdım. Vizit kartlarım səliqəsiz və dağınıq şəkildə səpilmişdi. Saydım və zənnimdə yanılmadım. Biri əskik idi. Birinin isə üstünə xırda səliqəsiz hərflərlə yazılmışdı: “Hər şey yaxşıdır.”.

Vəssalam!

Uşaq kimi atılıb-düşmək, oynamaq, gülmək istəyirdim.

İndi mənim bircə problemim vardı: Bu sirri gizlətmək.

Və bircə məqsədim vardı: Onu axtarıb tapmaq.

 

Onun donunu min ilin həsrətlisi kimi sinəmə sıxıb qoxuladım və paltar dolabımın dərinliyində gizlətdim.

Üstü yazılı kartı isə gödəkçəmin iç gizli cibinə qoyub, vanna otağına keçdim. Yuyunub, əynimi təmiz geyinib, rahat beyinlə Surxaya zəng vurdum.

 

- Mən işə gedirəm, - dedim, - işdən sonra görüşərik.

 

- Adam olmusan, görürəm, - istehzayla dedi, - min dəfə demişəm ki...

 

- İ-şə ge-cik-mi-şəmmm!

 

Telefonu qapayıb evdən çıxdım.

 

İşdə məni gözləyən pasiyentlərdən üzr istəyib, kabinetimə keçdim və bir-bir onların hamısını qəbul edib, dinlədim, məsləhətlər verdim.

 

Sonra isə o gəldi – Gülnarın mənə düçar etdiyi o kabus rəfiqəsi.

 

Onu qapının astanasında görəndə tüklərim biz-biz oldu.

 

- Salam, - dedi.

 

- Salam, - çarəsiz halda oturması üçün yer göstərdim, - buyurun, oturun.

 

Oturdu. Yenə də telini aparıb qulağının arxasına sıxdı.

 

- Eşidirəm sizi.

 

- Mənə zəng vurdun. Cavab verə bilmədim.

 

- Sizə? – onun mənə ərklə “sən” deməsi ürəyimi bulandırdı.

 

- Həə, mən axşam yoldaşım evdə olmayanda yığmışdım səni, dedim bir az dərdləşim öz psixoloqumla (gülümsədi), amma psixoloqum cavab vermədi. Səhər zəng elədi mənə. Bu dəfə də mən cavab verə bilmədim, çünki kişi evdə idi, qırğın düşərdi, inan, sonra gərək başımı götürüb sənin yanına köçəydim mən də (bax burada əməlli-başlı hırıldadı).

 

- Nə? – mən yəqin ki üzümdəki ikrahı gizlədə bilmədim və o da özünü yığışdırıb, ciddi görkəm aldı.

 

- Yəni də. Mən də gəlib sənə sığınaydım.

 

- Nə demək istəyirsiz? “Mən də”, yəni nə?

 

- Yəni ki, ərindən qaçan o biri qadınlar kimi.

 

- Başa düşmədim.  – məni soyuq tər basdı. - Ərindən qaçan qadınlar mənə niyə sığınırlar ki?

 

- Mən hardan bilim? Gülnar danışıb da. Deyir, kimə gizli eşq lazımdır...yəni, başa düşürsüz də, biz qadınların həmişə bizi başa düşən bir kişiyə sığınmağa ehtiyacımız olur axı... yəni psixoloqlara.

 

- Xanım, mən bilmirəm Gülnar sizə nə deyib, nə deməyib. Bu dəqiqə, inanın ki, mənə bu mövzu qətiyyən maraqlı da deyil. Sizə də bu dəqiqəyə qədər elə Gülnarın xətrinə hörmət elədim, dinlədim, məncə bəs edər.

 

- Gülnar demişdi ki, siz nazlı oğlansınız, inanmamışdım, - o yenə də hırıldadı.

 

- Durun, xahiş edirəm, gedin, mənim iş vaxtım bitdi, kabinetdən çıxmalıyam, - mən ayağa qalxıb, onun da durmasını gözlədim.

 

- Hmm, - kefini pozmadan ayağa qalxıb, qapıya sarı getdi. Qapının ağzında isə birdən dönüb sərt baxışlarla üzümə baxdı:

 

- Amma Sehrbazın arvadına belə deməmişdin! Onu evinə kimi buraxmışdın! Mətbəxində fırlanırdı, hələ sənin pijamanda...

 

- Nə danışırsız siz? – mən key halda onun üzünə baxırdım.

 

- Gördüyümü danışıram! Lazım olsa, hər yerdə də danışaram! Bəlkə də elə sən onu öldürmüsən! Bəlkə də sənə görə atıb özünü dənizə!

 

O, bunları deyib əlini qapının dəstəyinə atdı.

 

Mən bağırdım:

 

- Dayan, getmə!

 

O, dayandı.

 

Və o andan mənim həyatımın cəhənnəm mərhələsinin ilk dəqiqələri başladı...

 

(Davam edir)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3440
avatar

Bulud Qara

Oxşar yazılar