İlk dəfəydi heyvan qəbiristanlığı görürdüm. Üst-üstə qalaqlanmış yüzlərlə heyvan sümüyü bir arada. Sən demə, dünyada belə qəbiristanlıqların sayı 20-dən çoxdur. Lakin flora və fauna növünün zənginliyinə və tarixinə görə bizim Qır gölümüzün dünyada analoqu yoxdur. Bir tək ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Ranço Lya Brea fauna məskəni ilə müqayisə olunur. İndiyə qədər buradan 3 milyondan çox sümük, 600 növdən çox canlı tapılıb.
Binəqədinin Dördüncü dövr fauna və florası çeşidinə və çoxluğuna görə dünya miqyasında ən zəngin paleontoloji xəzinə hesab olunur. Geoloji tədqiqatlar göstərir ki, Ranço Lya Brea faunasının yaşı Pleystosen epoxasına aiddir. Ranço Lya Brea asfalt gölündə batmış heyvan qalıqları 35000 illik tarixə malik olduğu halda, Binəqədi fauna qalıqlarının yaşı 75000 ildir.
Binəqədi Qır gölünün heyvan qalıqlarının əksər hissəsini onurğalıların skeletləri təşkil edir. Bunların içərisində də quşlar və məməlilər əsas yer tuturlar.
Qır gölünə getməzdən əvvəl Bakıdakı Təbiət Tarixi Muzeyinə baş çəkdik. Göldən çıxarılan bəzi heyvan sümüklərinin nümunələri bu muzeydə saxlanılır.
Muzeyin direktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Binəqədi paleontoloji ekspedisiyasının rəhbəri Tariyel Heybətov deyir, Binəqədi dördüncü dövr fauna qəbiristanlığının kəşfi birbaşa Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin 3-cü kurs tələbəsi A. S. Məstanzadənin adıyla bağlıdır. Məstanzadə Qır gölündə axtarış apararkən sümüklər tapıb və müəllimi professor Boqoçova göstərib. Professor sümüklərə baxanda anlayıb ki, burada zəngin kolleksiya var.
- Bundan sonra ekspedisiya yaradılır və əsas qazıntılar 1938-ci ildən başlayıb. Həmin ildən Azərbaycanda onurğalılar faunasının öyrənilməsinin əsas inkişaf mərhələsi başlanıb. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə tədqiqatlar dayandırılıb. Müharibə bitəndən sonra, 1947-ci ildən təkrar davam etdirilib. 7 il sonra təkrar dayandırılıb. Sonuncusu 2012-ci ildən başlayıb. Bu günə qədər də davam etməkdədir. 47-53-cü illərdə qazıntılar zamanı yüz mindən çox heyvan sümüyü tapılıb. Bura Təbiət tarixi muzeyinin elmi əməkdaşları tərəfindən dərindən öyrənilib, təsnifatı isə muzeyin xüsusi redaksiyasında 12 cildlik kitabda çap edilib. 2012-ci ildən AMEA, Binəqədi rayon İcra Hakimiyyəti və "Regionların İnkişafı" İctimai Birliyinin birgə ekspedisiya yaradılıb. Onların köməyi ilə biz orada qazıntı işləri aparırıq. Müasir dövrdə oradan 300 mindən çox yeni növ sümük çıxarılıb.
1947-ci ildə aparılan çöl işləri zamanı flora qalıqları ilə zəngin laylar aşkar olunub. Bu dövrdə Abşeron yarımadasında müasir dövrə nisbətən ağaclıq və kolluq daha zəngin olub. Floralı laylarda ardıc, püstə, armud ağaclarının gövdə, budaq və meyvələrinə rast gəlinir. Hazırda muzeyimizdə ardıc, söyüdyarpaqlı armud və s. ağacların qalıqları saxlanılır. Hətta armud ağacının meyvələri belə var. Fındıq boyda armudların şəklini görəndə çox təəccüblənəcəksiniz. Kolleksiyada quraqlıq sevən çətirşəkilli və soğanaqlı bitkilərin olması geoloji keçmişdə geniş kserofil düzənliklərin olduğunu sübut edir. Bataqlıq bitkilərinin az da olsa gözə çarpan qalıqları o zamanlar Abşeronda göl və bataqlığın mövcud olmasına işarə edir. Beləliklə, Binəqədi ərazisində heyvanat və bitki aləminin tərkibi və onun təhlili göstərir ki, qədim zamanlarda Abşerondakı flora nisbətən daha mezofit, iqlim isə soyuq və rütubətli olub.
Muzeydəki tarixin canlı nümunələrini gördükdən sonra Qır gölünə getmək artıq şərt oldu. T. Heybətovla birgə yollandıq Binəqədiyə.
Muzeyin direktoru Binəqədi Qır gölündə fauna və flora qalıqlarının toplanmasını belə izah edir:
- Təxminən yüz min il öncə hazırkı Binəqədi qamışlığının yerində göl olub. Gölün dibində isə bitum qatı əmələ gəlib. Tapıntıların əksəriyyəti quş sümüklərindən ibarətdir. Onlar 100-dən artıq quş növünü müəyyən etməyə imkan verir.
Belə ki, suyun səthini örtən neft qatı quşlar üçün əsas təhlükə olub. Məlumdur ki, lələklər suyu quşun bədəninə buraxmır, quş suya qonan kimi bir neçə dəfə hərəkət etdikdən sonra mazuta bulaşır. Özlərini təmizləmək istəyəndə isə zəifləyib gücdən düşdükləri üçün zəhərlənib ölüblər. Tədqiqatlar göstərir ki, yaşılbaş ördəklər, qazlar, çöl qazları, qu quşları, qutanlar, cumuldaqlar belə tələf olub. Sonra cəmdəklər yırtıcı quşların, leşyeyənlərin, yəni berkutların, qırğıların, çalağanların, qarğaların, yapalaqların və bayquşların diqqətini cəlb edib. İri heyvanların cəmdəklərinə qara kərkəslər və ağbaş Asiya kərkəsləri də uçub qonub. Gölün bataqlıq sahilləri nəhəng marallar, kərgədanlar, ibtidai öküzlər, Abşeron çöl donuzları kimi su içməyə gələn iri məməli heyvanlar üçün də tələ olub.
Palçığa batmış heyvanlar yırtıcılar üçün münasib ov məhsulu olub. Kolleksiyada xırda gəmiricilər - dovşanlar, kirpilər, kor, adi, qum, yereşən, siçanlar və başqalarının da çoxlu qalıqları toplanıb.
Həmçinin, heyvan qəbiristanlığında onurğasız heyvanlardan çoxlu həşərat qalıqlarına təsadüf edilir ki, bunların 107 növünü böcəklər təşkil edirlər. Böcəklərin başqa onurğasızlara nisbətən üstünlük təşkil etməsi onlarda xitin örtüyünün yaxşı saxlanılması ilə izah olunur.
- İllərlə torpaq altında qalmalarına baxmayaraq, elə böcəklər var, neft onların rəngini belə qoruyub saxlayıb. Lakin torpaqdan çıxarılandan qısa müddət sonra onlar rəngini itirirlər.
Tariyel müəllim deyir ki, tədqiqat işləri dayandırıldığından son illər burada rayon sakinləri tərəfindən tikinti işləri aparılıb, ərazi zibilliyə çevrilibmiş. Hətta gələcəkdə Qır gölünün bu ərazisində yaşayış evlərinin tikintisi də nəzərdə tutulubmuş.
- Biz bu ərazini qoruya bildik. Ətrafını hasarladıq, sahə tam təmizlənib. Binəqədi Dördüncü Dövr Fauna və Flora Abidəsinin ərazisində muzey üçün özül hazırlayırıq. Muzeyin altında son 2-3 il ərzində qazıntı işləri aparırıq. Özüldən 40 mindən çox sümük və bitki qalıqları çıxarılıb. Onurğasız heyvanlar, böcəklər, kəpənəklər. Bundan əlavə, 43 növ məməli heyvan, 110-dan çox quş, 10-a qədər sürünən, 2 suda-quruda yaşayanların növü aşkarlanıb. Son zamanlar balıq fəqərələri də tapmışıq.
- Yaşları neçədir?
- Bu barədə danışmaq bir az çətindir. Əvvəllər Pleystosen dövrünün orta hissələrinə salırdılar. Son vaxtlar yaşı 0-dan 150 minə qədər götürmək olar. Ancaq bu rəqəmlər dəqiqləşməlidir. Muzeydəki kərgədan sümüklərinin karbonmetodla təyin olunan yaşı 45 min, ardıc bitkilərinin gövdəsinin yaşı isə 55 min il təyin olunub. Bu yaxınlarda ABŞ-dakı Ranço Lya Brea qır gölündə olduq, muzeylə də tanış olduq. Onlarla müqavilə bağlayıb, gələcəkdə onlarla kolleksiyaların mübadiləsini aparacağıq. Bu əməkdaşlıq nəticəsində biz Binəqədidəki fauna və flora məkanında daha keyfiyyətli tədqiqatlar əldə edəcəyik. Onlar artıq yüz ilə yaxındır ki, orada tədqiqat işləri aparır, xeyli vəsait sərf edirlər. Bizdə tapılan bitkilərin, kəpənəklər, qarışqalar, milçəklər, əqrəblərin çoxunun yaşı hələ təyin olunmayıb. Torpaq neftli olduğundan bunlarda bütün üzvi maddələr olduğu kimi qalıb. Hətta gələcəkdə istəyirik onların DNT-sini də öyrənək və gələcəkdə onların bərpası ilə də məşğul olmaq olar. DNT analiz laboratoriyası yaratmaq fikrindəyik. Onda bu işlə məşğul olacağıq. “Ranço Lya Brea”da belə bu işlə məşğul olmayıblar. Bio-kimyəvi cəhətdən heyvanların sümüklərinin, dişlərinin fərdi yaşını təyin etməklə biz daha çox nailiyyətlər əldə etmişik.
- İnsan sümüyü necə, tapmısınız?
- Hələ ki tapmamışıq. Amma axtarırıq. Əgər bu ərazidə kənd salınmasaydı, mən inanıram ki, axtarışlarımız daha yaxşı nəticə verərdi. İndi isə Qır gölünün çox ərazisinin üstündə evlər tikilib.
Abidənin ümumi sahəsi 1.43 ha-dır. Onun 6 sotunda muzey salınması nəzərdə tutulub. Muzeyin ərazisində bir şeyli qazıntı işləri aparılıb, müxtəlif növ heyvan sümükləri tapılıb. Lakin tapıntılar torpaqdan çıxarılmayıb. Ziyarətçilər üçün maraqlı olsun deyə üstü açılan heyvan porsuq, mağara kaftarı, quş və tısbağa çanağının qalıqları yağış və küləyin təsirindən xarab olmasın deyə, üstləri taxta qutularla örtülüb. Ərazidə 50-dən çox qazıntı işləri aparılıb. Habelə, burada qədim neft quyuları belə var. Kustar üsulla qazılmış neft quyularının sayı 32-yə yaxındır.
Qeyd edək ki, Binəqədi Qır gölündən bir neçə km qərbdə Xırdalan, cənubda Keşlə, şimalda Digah yaşayış məntəqələrində dam örtüyü üçün qır əldə edilən zaman at dişi, gənc kərgədanın ayaq, kəllə və b. sümükləri tapılıbmış. Təəssüflər olsun ki, bu obyektlərdə dərin tədqiqatlar aparılmayıb.
Abidənin ən unikal nümunələri Təbiət Tarixi Muzeyində qorunub saxlanılır. Əgər mövzu sizə maraqlı gəldisə, bunun üçün heç də Binəqədi Dördüncü Dövr Fauna və Flora Abidənə getmək gərəkmir. Lermontov küçəsi 3 ünvanında yerləşən Təbiət Tarixi Muzeyini ziyarət etməyiniz yetərlidir. Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsini muzeyin müvafiq vitrinlərində görə bilərsiniz. Nəsli kəsilmiş heyvanlardan Binəqədi kərgədanı, müasir qaramalın əcdadı olan öküzü, nəcib maral, donuz, tirəndazı və sair. Bunlarla yanaşı muzeydə Azərbaycan və dünya təbiətinə mənsub heyvan nümunələri - balina, Xəzər dənizindən tapılmış, dinozavr cinsindən olan suda yaşayan İxtiozavrın alt və üst çənəsini də görə biləcəksiniz. Ən önəmlisi, burada Azıx mağarasından tapılmış heyvan sümükləri də var. Unutmadan qeyd edim ki, muzeyə giriş pulsuzdur...