Nohur balıqçılığını necə inkişaf etdirməli? - <span style="color:red;">REPORTAJ
04 iyul 2016 13:16 (UTC +04:00)

Nohur balıqçılığını necə inkişaf etdirməli? - REPORTAJ

Son illər Lənkəranda nohur balıqçılığının inkişafına diqqət xeyli artıb. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun ayrı-ayrı ərazilərində yaradılan süni göllərdə məhsuldarlığı yüksək olan balıqlar yetişdirilir.
 
Zaur Nurullayev Lənkəranın Separadi kəndində yaşayır. Talış dağlarının ətəklərinə qədər uzanan bu yaşayış məntəqəsinin digər sakinlərindən fərqli olaraq, Zaurun çörəyi, necə deyərlər, sudan çıxır. Nohur balıqçılığına meylini salan 35 yaşlı bu gənc özünə məxsus olan pay torpaq sahəsində ümumi ərazisi bir hektar olan süni göl yaradıb və burada yüksək məhsuldarlığa malik balıqlar yetişdirir: "Dörd ilə yaxındır ki, balıqçılıqla məşğulam. Məndə dörd növ balıq növü var: sazan, ağ amur, enlialın və şamayı. Su hövzəsi iki hissədən ibarətdir. Biri böyükdür, digəri kiçik. Xırda su hövzəsində əsasən hər birinin çəkisi 1 kiloqrama çatan balıqlar yetişdiririk. İri su hövzəsinin həcmi geniş olduğundan, orada balıqlar daha tez inkişaf edir, həm də çəkiləri çox olur".
 
Zaur Nurullayevin sözlərinə görə, Lənkəranda balıqyetişdirmə vətəgələri olmadığından, o, körpə balıqları Neftçala rayonundan gətirməli olur. Gənc təsərrüfatçı builki mövsümün həm də  balıqçılıq sahəsi üçün uğurlu olduğunu deyir: "Bu il suya 4 minə yaxın balıq buraxmışam. Onlardan artıq 2500 ədədini tutub satışa buraxmaq mümkündür. Amma keçən il 3000 ədəd körpə balıq suya buraxmışdım, məhsuldarlıq aşağı oldu. Onlardan 1000 ədədini sata bildim".
 
Zaur Nurullayevin qənaətincə, balıqların saxlanılma şəraiti və qidalanması düzgün təşkil olunsa, bu sahədə yaxşı nəticələr əldə etmək mümkündür: "Hər balığın özünəməxsus qida növü var. Enlialın əsasən kəpəklə, bir də göldəki həşəratlarla qidalanır. Ağ amurların isə yemini otlaq bitkiləri, o cümlədən çayır, əkmə yoncalar təşkil edir. Sazan balıqları çörək qırıntıları, buğda və arpa yarması ilə qidalanırlar".
 
Zaur Nurullayevin sözlərinə görə, balıqçılıq təsərrüfatı gəlirli sahə olmaqla yanaşı, həm də fiziki baxımdan faydalıdır. Balıq tutmaq əsəbləri sakitləşdirir. Lakin balıqçılığı asan peşə hesab edənlər yanılır. Çünki bu işlə məşğul olmaq həm səbir, həm dözüm, həm də diqqət tələb edir. Onunla bərabər kənddən daha dörd ailənin də çörəyinin buradan çıxdığını söyləyən həmsöhbətimizin fikrincə, balıqçılığın inkişaf etdirilməsi üçün dövlətin dəstəyinə  ehtiyac var: "İstərdim ki, bankdan aşağı faizlə kredit götürüm. Bunun hesabına həm balıqçılıq təsərrüfatını inkişaf etdirərdim, həm də işçi qüvvəsinin sayı çoxalardı. Çünki nohur balıqçılığı gəlirli sahədir və həmişə balığa tələbat var".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325
avatar

APA TV

Oxşar yazılar