GÜNÜN ŞƏRHİ
Doha görüşündən sonra neftin ucuzlaşacağı gözlənilsə də, əksinə oldu. Bu görüşdən sonra qiymətlər sürətlə bahalaşmağa başlayıb və hazırda 50 dollar səviyyəsinə yaxınlaşır. Səbəblər çoxdur və səbəblərin hamısı siyasi iradəyə əsaslanan iqtisadi amillərdir. Nə qədər qəribə olsa da, Doha görüşünün fiaskoya uğramasının səbəbkarı olan Səudiyyə Ərəbistanının əsas neft yataqlarından birində hasilat son dərəcə aşağı düşüb. Nə qədər qəribə görünsə də, Səudiyyənin əsas tərəfdaşlarından olan Küveytdə tətillə əlaqədar hasilat yarıbayarı azalıb. Yenə qəribə görünsə də, ABŞ-da ilk dəfə olaraq neft hasilatı 2014-cü ilin oktyabr ayı səviyyəsinə enib. Bu amillərin hamısının təsadüf olması doğrudan da qəribə olardı. Neftin qiyməti siyasi amillərin diktəsi ilə formalaşır və belə görünür ki, bu gün qiymətlərə Doha görüşü deyil, Ər-Riyad görüşü daha çox təsir edib. Hasilatın azalması, bazarda tələbatın süni olaraq artırılması Səudiyyə Ərəbistanı və ABŞ arasında Ər-Riyadda keçirilən görüşündən sonraya təsadüf edib. Sual olunur, əgər Səudiyyə, Küveyt və ABŞ hasilatı azaldaraq qiymətləri artıracaqdısa, o zaman niyə Doha görüşünü pozdular? Cavab sadədir - hər kəs neftin bahalaşmasında maraqlıdır, sadəcə heç kəs bazarda payını və qiymətlərə təsir imkanını itirmək istəmir.
Vüqar MƏSİMOĞLU