“B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya son dörd il ərzində 8936 nəfər müraciət edib”
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunan mətbuat konfransında komissiyanın üzvü, Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.
O bildirib ki, vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya – qaraciyər serrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır: “Komissiyaya müraciət edənlərdən 57 faizi kişi, 43 faizi qadın olub. Onlardan 73 faizində hepatit C, 27 faizində Hepatit B aşkar olunub. Ümumiyyətlə, 1142 nəfər şəxsdə bu virus var, amma xəstəlik müşahidə edilmir. B və D hepatitinə yoluxanların sayı 160 nəfərdir. Müraciət edənlərdə 493 nəfərdə serroz aşkar olunub. 6266 nəfərə isə müalicə yazılıb və onlar müalicəni başa çatdırıblar. 1259 nəfərin müalicəsinə əks göstəriş olub. 2017-ci ildə isə Hepatit A 59, hepatit B 160, Hepatit C vurusunun xroniki hal alması ilə bağlı 154 nəfər komissiyaya müraciət edib”.
Mətbuat konfransında çıxış edən İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, müalicələrin effektiv olması üçün xəstəliyi vaxtında aşkar etmək lazımdır: "Dünyada 400 milyon insan bu virusa yoluxub. Hər il bir milyon 400 milyon insan Hepatit virusundan ölür".
Mətbuat konfransında qeyd olunub ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün ölkədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır.