İstehlakçılar tərəfindən içməli su və kanalizasiya xidmətlərindən sui-istifadə hallarına yol verilir. “Azərsu”dan Lent.az-a verilən məlumata görə, bəzi hallarda istehlakçılar müqavilə bağlamadan içməli su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz olaraq istifadə edir, sayğacdan kənar əlavə su xətləri çəkir, sayğaca müdaxilələr edir, qeyri-əhali qrupu istehlakçıları əhali qrupuna aid istehlakçıların suyundan istifadə edirlər.
Belə hallarla mübarizə çərçivəsində cari ilin yanvar-sentyabr aylarında həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində qeyri-əhali qrupunda içməli su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə ilə bağlı 854 fakt aşkarlanıb. Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləği 581 min manat müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində əvvəlki illərdən yazılmış aktlara uyğun məbləğlər nəzərə alınmaqla 878 min manatının ödənilməsi təmin olunub.
“Azərsu” ASC istehlakçıların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür.