İşıqlı qaranlığın adamları: görmədən də yaşamaq olur
26 iyun 2014 16:33 (UTC +04:00)

İşıqlı qaranlığın adamları: görmədən də yaşamaq olur

Azərbaycanda 30 mindən çox insan dünya işığına həsrətdir. Ancaq onlar çoxunun bacarmadığı xüsusi qabiliyyətə malikdirlər. Qəhrəmanlarımız Qədir və  Natiq kimi. APA TV olaraq, bu dəfə reportajımızı heç bir şərh vermədən elə onların öz  dilindən təqdim edirik.

 

 

"Mən, Qurbanov Qədir Zakir oğlu 1988-ci il oktyabrın 24-ü Dağlıq Qarabağ Xocavənd rayonun Tuğ kəndində anadan olmuşam. Biz çox yaxşı yaşayırdıq. Mən əmim oğlu ilə oynayırdım. Münaqişə zonasında gəzərkən  bomba əlimdə partladı, iki gözümü və sağ qolumu biləyimdən itirdim. Baxmayaraq belə oldu, mən heç vaxt həyatdan küsmədim. Həyata daha da bağlandım. Həyata tez adaptasiya olmaq üçün görənlərlə birlikdə oxudum. Xalam qızı və bacım dərsi oxuyurdular, mən isə yadımda saxlayırdım. Şükür Allaha savadım yaxşıdır. Özüm məktəbi bitirdim. İmtahanlarda əyləşirdim, yanımdakı nəzarətçiyə mən deyirdim o isə işarələyirdi".

 

Gözdən əlillərin ən böyük problemləri nəqliyyatdır. Səkilərdə, yol qırağında maşın saxlamaq:
 

"Bizə yaşlılar  yer verəndə qürurumuza toxunur. Biz onlardan özümüzü fərqli görmürük. Cəmiyyət fərq qoyur, ancaq biz normal insanın bacardığı hər şeyi bacarırıq. Bəzilərimiz az, bəzilərimiz çox. Bilsinlər ki, biz də onlar kimi kompüter işlədirik, xarici dil öyrənirik. Mən hətta futbol oynayıram, hətta qapıçı dururam. Çox da güclü hissiyatım var. Məni həmişə qapıçı qoyurlar. Domina oynayıram, nərd oynayıram. Mənim gözüm görməsəd də hissiyatım daha güclüdür. Daha duyğusal və diqqətcil olmuşam. Həm də düşünürəm ki, bəlkə də mən görsəydim indikindən daha az uğur əldə etmiş olardım. ELə insanlar var ki, gözləri görür, amma heç nə bacarmırlar".

 

"Natiqlə kompüter kursunda tanış olmuşuq. Natiqi tanıdığım üçün heç də peşman deyiləm. Biz hər gün bir yerdəyik. Telefonla danışırıq, kompüterdə "skype"da danışırıq".

 

"Mən, Şıxəliyev Natiq İlham oğlu Cəlilabad rayonun Kazımoba kəndində 1992-ci il aprelin 5-də anadan olmuşam. Görmə problemim anadan gəlmə olub. Bir gözüm heç görmürdü, o biri gözüm isə 60-70 faiz görürdü. Müddət keçdikcə o da zəiflədi. 6-cı sinfə kimi mən yaxşı oxumuşam. Qiymətlərim də əla idi. Amma sonra gözüm görmədiyindən oxuya bilmədim, qiymətlərim də düşdü. Oxumağa da həvəsim öldü. 9-cu sinfdə bir təhər imtahan verdim, şəhadətnamə aldım, 11-ci sinifdə imtahan verə bilmədim. Çünki bilmirdim nəzarətçi olur. Ona görə də attestatım yoxdur. Çalışıram ki, müvafiq qurumlara müraciət edim, attestatımı alım. Rayonda sıxılırdım, heç kimə demirdim, buna görə də stress keçirirdim".

 

 

Qədir Qurbanov: "2009-cu ildə məktəbi bitirdikdən sonra evlənmək qərarına gəldim. Dostuma mesaj yazdım, səhv düşdü, yoldaşımla tanış oldum. Qeyri-etik də çıxsa yoldaşımı qaçırdım. Şükür Allaha, xoşbəxtik. 5 ildir, evli də olsaq, hələlik uşağımız yoxdur. Amma inşallah, o da olar. Allah böyükdür. İlk görüşümüz parkda oldu. Gülü heç nə danışmırdı, mən danışdım, dedim narahat olma hər şey yaxşı olacaq".

 

Qədirin həyat yoldaşı da çox xoşbəxt olduğunu deyir: "5 ildir, evliyik. İlk illər valideynlərimlə küsülü qaldıq. Razı deyildilər. 1 il 6 aydan sonra barışdıq. Mən heç vaxt şikayət etmirəm, yorulmuram. Mənə çox xoşdur".

 

Qədir Qurbanov: "Biz sosial şəbəkələrdə də varıq. Gözü görənlərin çoxundan yaxşı işlədirik. Hətta çoxu heç hiss etmir ki, biz görmürük.  Biz kompüteri səsli işlədirik və gözü görənlərdən də mənə elə gəlir ki, çox yaxşı işlədirik. İstəyirəm ki, Qarabağ alınsın. Mən o torpaqları görməsəm də, gedim oranı hiss edim, dincəlim".

 

Natiq Şıxəliyev: "Mənim ən çox yaralı yerim. Mən özüm çəkmişəm. Bilirəm. Rayonda yaşayan gözdən əlillər, əlillər məlumatsızlıqdan məhv olub gedir. İntihar edirlər. Mən isə onlara heç bir kömək edə bilmirəm..."

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar