Azərbaycan universitetlərində hələ də bunlardan istifadə olunur? - <span style="color:red;">Təəccüblü məqamlar
04 sentyabr 2019 16:49 (UTC +04:00)

Azərbaycan universitetlərində hələ də bunlardan istifadə olunur? - Təəccüblü məqamlar

Hər il yüzlərlə gənc təhsil almaq üçün Azərbaycandan kənara üz tutur. Onların arasında daha yaxşı təhsil almaq arzusunda olduğu üçün öz istəyi ilə gedənlər də var, təhsil almaq üçün xarici ölkələrdəki universitetləri son çarə olaraq görənlər də.

Təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki,  hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onun sözlərinə görə, onlardan 15 mini Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır: “Xarici ölkələrə təhsil almaq üçün gedənləri bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir. Bunların sayı hədsiz dərəcədə çoxdur. İkinci qrupdakılar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər”.

K.Əsədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali məktəbdə 164 mindən çox insan təhsil alır: “Təəssüf  ki, bizim bu qədər universitetin heç biri dünya reytinq cədvəlində yoxdur. Ölkəmizdəki universitetlərin çoxunda infrastruktur müasir standartlara cavab vermir. Yeməkxana, tələbə yataqxanaları yoxdur. Tələbələrin sosial fəaliyyəti yox dərəcəsindədir. Ali təhsil ocaqlarının tədris resursları XX əsrin 80-90-cı illərindən qalmadır. Mühazirə, qayıb kimi üsullar hələ də istifadə olunur ki, bu da bizim universitetlərin geridə qalmış olduğunu göstərir. Azərbaycan universitetləri ancaq biznes obyekti kimi fəaliyyət göstərir və heç bir tutarlı beynəlxalq layihə həyata keçirilmir”.

Ekspert vurğulayıb ki, bu gün də gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb. Azərbaycanlı gənclərin xaricdə təhsil almasının ölkə üçün yeni təcrübə olmadığını deyən ekspert Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının artıq 99 ildir həyata keçirildiyini xatırladıb: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur: ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə, ya da öz vəsaitləri hesabına gedirlər. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı isə 40 minə yaxındır”.

Ekspert təhsil arxasınca xaricə üz tutanların sayının bu il də əvvəlki illərdən geri qalmadığını açıqlayıb. Onun sözlərinə görə, bu il minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub: “Hesab edirəm ki, bu gələcəkdə ölkəmizə rəqabətə davamlı kadrların qayıtması ilə nəticələnəcək və Azərbaycanın inkişafına müsbət təsir göstərəcək. Azərbaycan dövlətinin həyata keçirdiyi xaricdə təhsil dövlət proqramı başa çatandan sonra xarici dövlətlər və onların ali təhsil müəssisələri tərəfindən tələbələrin cəlbi prosesi başlayıb. Əlbəttə, bu cür proqramlar iki ölkə arasında bağlanan müqavilələr əsasında tənzimlənir. Həmin universitetlər bu yolla öz reytinqlərini artıraraq, gələcəkdə həmin ölkələrdə vətəndaşların öz vəsaitləri hesabına tələbə cəlbinə təsir göstərməkdə maraqlı olurlar. Çünki hər bir universitetin beynəlxalq reytinqinə orada təhsil alan xarici ölkə vətəndaşlarının sayı ciddi təsir göstərir”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1492
avatar

Aygün İbrahimli

Oxşar yazılar