Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qurban bayramı münasibətilə cəbhə xəttində bayram aksiyası keçirib. İctimai Birlikdən Lent.az-a verilən xəbərə görə, aksiya Türkiyənin Diyanət İşləri Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin din xidmətləri müşavirliyinin dəstəyi ilə təşkil olunub.
Birliyin rəhbərliyi Ağdamın Quzanlı, Tərtərin Həsənqaya, Çaylı və Şıxarx kəndində olublar. Tədbirdə ilk olaraq, çıxış edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli yerli sakinləri, şəhid və qazi ailələrini təbrik edib. Seyid Camal Türkiyənin Diyanət İşləri Nazirliyinə, Türkiyə səfirliyinin din xidmətləri müşavirliyinə şəhid və qazi ailələrinə verdikləri dəstəyə görə ayrıca təşəkkürünü bildirib.
Görüşdə şəhid ailələri, qazilər, eləcə də Tərtərin Həsənqaya, Şıxarx və Çaylı kənd icra nümayəndələri iştirak edərək, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar.
Görüş zamanı Qurban bayramı münasibətilə heyvanlar kəsilərək, əhaliyə bayram hədiyyəsi verilib. Tədbir çərçivəsində cəbhə xəttində yerləşən hər üç orta məktəbin şagirdlərinə “Yeni Üfüq”ün üzvləri tərəfindən ayrıca hədiyyələr təqdim olunub.
Onu da qeyd edək ki, bayramın ikinci günü “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Bakı şəhərində şəhid və qazi, eləcə də imkansız ailələrə Qurban hədiyyəsi aksiyasını davam etdirəcək.