Xaltanlı Tağı. Bu ustad aşıq əsərlərini sanki unudulmaq, yaddan çıxmaq üçün yazdı. Onun dünyaya gəlişi də, gedişi də, yazdığı şeirlərin aqibəti kimi müəmmalıdır. Sanki tale özü Xaltanlı Tağının izlərini yer üzündən silib...
Xaltanlı Tağı 1780-ci ildə Quba rayonun Xaltan kəndində doğulub. Aşığın nəvəsi Ənvər Tağıyev deyir ki, Tağının anası Şirvan zonasından olduğu üçün şeiriyyata, söz sənətinə dərin həvəs göstərib. Oğlu Tağıda da aşıq sənətinə maraq anasının ona söylədiyi laylalardan yaranıb. İllər ötür Tağı böyüyür, mədrəsədə təhsil alır. Nəvəsinin sözlərinə görə, aşıq Tağı Quran Kərim-i əzbər bilib. Mədrəsədə oxuduğu dövrdə təkcə dini deyil, dünyəvi biliklərə də yiyələnib. Yaşadığı mahalda mollalıq edib, söz, hörmət sahibi olub.
El arasında belə bir rəvayət gəzir ki, bir gün gənc Tağı yuxusunda gözəl bir qız görür. Röyasında gördüyü qızın adı Güllü olur və o, Dağıstan mahalında yaşayır. Aşığa yuxuda vəhy gəlir ki, sən bu qızı tapmalı və onunla evlənməlisən. Gənc Tağı yuxusunu danışarkən kənd camaatı ona şübhə ilə yanaşır, aşığın tanımadığı qıza görə dəli olduğunu düşünürlər. Amma Tağı sevgisinin ardınca getməyi qərara alır və Dağıstana yollanır. Yuxusundakı qızın ardınca gedərkən Samur çayını keçməli olur. O zaman çayda körpü yox idi və rəvayətə görə, aşıq çayı keçərkən su çəkilir, ona yol verir ki, çayı adlaya bilsin. Beləcə, Xaltanlı Tağı gəlib bu yerlərin nüfuzlu mülkədarı Hacıbaba bəylə tanış olur. Güllü isə Hacıbaba bəyin yeganə qızı imiş. Tağı öncə bu ailəyə aşıq olduğunu bildirmir. Hacıbaba bəyin həyətində işləyir, bura əslində hansı səbəblə gəldiyini isə ilk dəfə mülkün bağbanına deyir. Xəbər Güllünün atasına çatanda o, Aşıq Tağının qarşısına bir şərt qoyur. “Gözləri bağlı halda 40 qızın arasından Güllünü seçə bilsə, qız onundur, yox əgər tanıya bilməsə, bir də bu mahala ayağını basmasın”. Aşıq Tağı bu sınaqdan uğurla çıxır. Hacıbaba bəy Xaltanlı Tağıya qızını verməyə razı olur. Aşıq Güllü ilə evlənir və onunla birlikdə Xaltana qayıdır. Sonra isə “Tağı və Güllü” dastanı meydana gəlir.
Aşıq Tağı sevgisinə qovuşduqdan sonra yeni-yeni şeirlər, mahnılar yazır. Bu da kəndin köhnə fikirli insanlarının xoşuna gəlmir. İş o yerə çatır ki, aşığı döyüb kənddən qovurlar. Tağı Güllü ilə vidalaşıb, uzaq səfərə - Dağıstana Şeyx Şamilin görüşünə gedir. Bir müddət Şeyx Şamilin dəstəsində qulluq edir. Ona “Əfəndi” rədifli qoşma yazır.
Xaltanlı Tağının bircə oğlu olur, adını Sədi Şirazinin şərəfinə Sədi qoyur. Lakin aşığın tez-tez səfərlərə yollanması, Sədini ata nəvazişindən məhrum edir. Günlərin bir günü Sədi xəstələnir. Bunu eşidən aşıq Şeyx Şamilin dəstəsindən ayrılıb Xaltana qayıdır. Evinə qayıtdıqdan sonra, oğlunu oxutdurur. Sədi atası kimi mədrəsədə təhsil alır, dövrünün ziyalısı olur. Bu müddət ərzində Sədi atasının şeirlərini yığıb saxlayır. Günlərin bir günü Xaltanlı Tağı cənubi Azərbaycanda səfərdə olarkən kəndə soraq yayılır ki, rus pristavları Xaltana gəlir və ərəb əlifbası ilə yazılan hər nə varsa məhv edirlər. Bunu eşidən Sədi atasının irsini qorumaq üçün onun əlyazmalarını bağda basdırır. Rus əsgərləri aşığın evində hər yeri axtarır, amma heç nə tapa bilmirlər. Sədi buna çox sevinir. Amma taleyin hökmü başqa idi. Rus pristavları kəndi tərk edənədək şiddətli yağış başlayır. Bağda basdırılan əlyazmaların əksəriyyəti yağış sularının altında yuyulub məhv olur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da, ondan əl çəkmirlər, daim sıxışdırılır, təzyiqlərə məruz qalır. 37-ci illərdə Aşıq Tağının da evinə gəlirlər, axtarış başlayır. Ustad aşığın yerdə qalan əsərlərini yandırmaq azmış kimi, üstəlik evə də od vururlar. Beləcə, Xaltanlı Tağıdan qalan bütün nişanələr külə dönür. Amma bu hələ son itki deyildi. İllər ötəcək, əlyazmalar tanınmış şairlərdən birinin əlinə keçəcəkdi...
Bundan sonrakı dövrdə Xaltanlı Tağının əsərləri yalnız dillərdə gəzir; Azərbaycan SSR Ali Məhkəməsinin sədri Abdulla İbrahimov Qubaya səfər edənədək. A. İbrahimov Azərbaycanın klassik ədəbi və mədəni irsinə yaxından bələd olan bir ziyalı idi. Quba rayonuna istirahətə gələn keçmiş Ali Məhkəmənin sədri yerli aşıqlarla görüşür. Məclisdə Qubalı aşıq Haşım Balasıyev A. İbrahimov üçün Xaltanlı Tağının yazdığı “Vücudnamə”dən bir parça səsləndirir. A. İbrahimov mahnını o qədər bəyənir ki, Aşıq Haşımdan müəllifin kimliyini soruşur. Müəllifin Xaltanlı Tağı olduğunu eşidən kimi, Aaşığın şeirlərinin toplanması barədə göstəriş verir. Beləcə, ziyalı Mütəllim Əfəndiyev və Haşım Balasıyev “Tağı” adlı birlik yaradırlar. Bu birliyə Xaltanlı Tağının nəvəsi Tağı kişi də üzv olur. Birliyin üzvləri min bir çətinliklə şeirlərin bir qismini toplaya bilirlər.
Aşıq Haşımın dediyinə görə, Şirvan rayonunda hərbi xidmətdə olarkən eşidir ki, burada bir nəfərdə Xaltanlı Tağının 3 şeiri var. Aşıq Haşım həmin şəxsdən bu şeirlərin əlyazmasını ona verməyi xahiş edir. Şeirləri özündə saxlayan həmin şəxs Aşıq Haşımın qarşısına bir tələb qoyur. “Gəl mənim biçənəklərimdə 3 gün ot çal, sonra şeirləri sənə verərəm”. Aşıq Haşım naəlac qalıb razılaşır. Xaltanlı Tağının şeirlərini isə yalnız qarşısına qoyulan tələbi yerinə yetirdikdən sonra əldə edir.
Axtarışlar zamanı Xaltanlı Tağının iki dəftər həcmində şeirləri toplanır. Aşıq Haşım külliyyatı çap etdirmək üçün Azərbaycan Aşıqlar Birliyinin keçmiş sədri Hüseyn Arifə təqdim edir. H. Arif əlyazmanı qəbul edir. Amma Aşıq Haşımın özünə də naməlum qalan səbəblər üzündən dəftərlərdən biri itir. Uzun müddət keçir və toplu kitab halında dərc edilmir. Aşıq Haşım bundan sonra yalnız bir dəftəri geri ala bilir.
Əməkdar incəsənət xadimi, mərhum Ağalar Mirzə də Xaltanlı Tağı haqqında araşdırma aparıb. 1999-cu ildə ustad aşığın həyat və yaradıcılığına həsr edilən “Xaltanlı Tağı” adlı kitab dərc etdirir. Bu zaman Aşıq Haşım Ağalar Mirzəyə Xaltanlı Tağının “Güllü və Tağı” dastanını verir və yeni kitab çap olunur.
28 yeni saz havası Xaltanlı Tağının adı ilə bağlıdır. Onun mahnıları sırasında “Qobustanı”, “Quba Kərəmi”, “Alça gülü”, “Cığatay Koroğlu”, “Vücudnamə” “Çoban yaylağı” çox məşhurdur.
Xaltanlı Tağı 100 il yaşayıb (1880) və Xaltan kəndində dəfn olunub. Hazırda kənddə onun qəbri var. Məzar daşında kiril əlifbası ilə Xaltanlı Tağı yazılıb. Aşığın həyatı ilə bağlı başqa bir versiyada isə söylənilir ki, o, Təbrizdə doğulub, Arazı keçərək Şimali Azərbaycana səfər edib, Xaltan kəndində məskən salıb. Aşığın 1890-cı ildə Kərbala ziyarəti zamanı vəfat etdiyi deyilir. Qəbri guya M. Füzulinin məzarına yaxın yerdədir...