Türkiyənin TRT kanalı bu dəfə Azərbaycanın müasir memarlığını, arxitekturasını ekranlara gətirəcək.
TRT-nin Bakı Təmsilçiliyindən Lent.az-a verilən xəbərə görə, “TRT Haber” kanalının “Dev Yapılar’’ proqramı budəfəki bölümünü Bakıya həsr edib.
Proqramın aparıcısı Danny Forster və çəkiliş qrupu dünyanın hər yerində yeni, müasir üslubda inşa edilən göydələnlərin təməlatma mərasimini, bina istifadəyə verilənə qədər inşaat-tikinti prosesini anbaan lentə alır.
TRT Bakı Təmsilçisi Yüksəl Dəyərcan “Dev Yapılar’’ proqramının Heydər Əliyev Mərkəzində və Alov Qüllələrində çəkiliş apardığını və videoçarxın bu cümlələrlə başlandığını qeyd edib: “Dəniz dalğasını xatırladan göydələn bir mədəniyyət mərkəzidir. Neft və qazın alovundan ilham alan “Alov qüllələri” Bakıda, Azərbaycanın qazanılan yeni möhtəşəm müasir memarlıq xəzinəsidir”.
Proqram sentyabrın 28-də Bakı vaxtı ilə saat 00.10- da “TRT Haber” kanalında yayımlanacaq.