Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycan-Gürcüstan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi zamanı strateji əhəmiyyətli ərazilərin itirilməsindən narahat olduğunu açıqlayıb. İnstitutun Azərbaycanın əhalisi və coğrafiyası şöbəsinin müdiri Nizami Eyyubov Lent.az-a açıqlamasında deyib ki, indiyədək məcburən itirilən ərazilər hesabına Azərbaycan az torpaqlı, ərazisi ifrat məskunlaşmış, davamlı ərzaq təminatı üçün uzunmüddətli kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa imkanı məhdud olan ölkəyə çevrilib: “Ölkədə hər bir kv km-də əhalinin sıxlığı işğal olunmuş ərazilər də nəzərə alınmaqla 108 nəfər (nəzərə alınmadan 122 nəfər) təşkil edir. Bu da dünya və qonşu ölkələrlə müqayisədə çox böyük göstəricidir. Ona görə də torpaqlardan maksimum istifadə edilməli, sərhəd rayonlarda isə həm də onun strateji əhəmiyyəti nəzərə alınmalıdır. Hazırda Azərbaycanın qonşu həmsərhəd ölkələrlə sərhədlərinin delimitasiya və demarkasiya işləri həyata keçirilir. Tarixi xəritələri xroniki ardıcıllıqla izlədikdə görünür ki, mübahisəli ərazilər adı altında verilən yerlər-torpaqlar sonrakı mərhələlərdə böyük güclərin – xüsusilə də Rusiyanın təsiri ilə Azərbaycandan alınıb qonşu həmsərhəd ölkələrə verilib, rəsmi dövlət sənədlərində təsbit olunub. Qədim Azərbaycan torpaqları olan Göycənin, Zəngəzurun, Borçalının, Dərbəndin və s. ərazilərin aqibəti belə olub. Çox təəssüf ki, bu gün də artıq müstəqil olduğumuz, heç bir xarici dövlətin təzyiqi olmadığı şəraitdə də yenə xalq arasında “neytral” zonalar
adlandırılan dədə-baba torpaqlarımız qonşu ölkənin ərazisinə qatılır. Məsələn,
Azərbaycanla Gürcüstan arasında Qazax rayonunun II Şıxlı ərazisindəki iki ölkənin gömrük məntəqələri arasındakı sahə, Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki, son vaxtlar - müstəqillik illərində “neytral zona” kimi tanınan, əslində qədim dədə-baba torpaqlarımız qonşu ölkəyə verilib. Azərbaycanlıların Borçalı-Qazax məskunlaşma arealında yerləşən, üslubca oxşarı Xudafərin, Cənubi Azərbaycandakı Qaflanguh, Ərdəbil və Marağa yaxınlığındakı körpülər olan “Sınıx körpü” bu gün gürcü və Azərbaycan sərhədçiləri ilə birgə qorunur. “Sınıx körpü” – “Damqaçı” sərhəd zonasının Borçalı - Azərbaycan arasında mühüm coğrafi, tarixi mövqeyi ilə yanaşı, böyük strateji əhəmiyyəti var. Kür və Xram çayları arasındakı “Damqaçı” adlanan hündür sahə nəinki Gürcüstandakı soydaşlarımızın məskunlaşdığı əraziləri, həm də Ermənistanla həmsərhəd olan sahələri müşahidə etməyə, nəzarətdə saxlamağa imkan verir. Ona görə də bu yerləri hər hansı ərazi mübadiləsi adı altında güzəştə getmək olmaz”.
N. Eyyubov bildirib ki, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı nəzərə alınmalı mühüm məqamlardan biri də Qanıx çayı sərhəd zonasıdır: “Coğrafiya institutunun uzunmüddətli kompleks tədqiqatları göstərir ki, Qanıx çayı ilbəil sol sahilini yuyaraq respublikanın içərilərinə doğru irəliləyir. Dövlət sərhədlərinin çay yatağının ortası ilə keçməsi burada da xeyli torpaqların itirilməsinə səbəb olur. Ümumiyyətlə, Azərbaycan Respublikasının qonşu həmsərhəd ölkələr ilə
sərhədlərinin delimitasiya və demarkasiyası zamanı ərazinin strateji əhəmiyyətini,
coğrafi mövqeyini, milli-etnik və s. xüsusiyyətlərinin qiymətləndirilməsi məsələlərində coğrafiyaçıların, tarixçilərin, etnoqrafların cəlb edilməsi, onların fikirlərinin nəzərə alınması məqsədəuyğundur”.