“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU
“Hətta məsləhət gördük ki, ekrandan insanları səksəndirən, iyrəndirən millət vəkillərinin televizayaya çağırılmasına da son qoyaq”
Lent.az Moderator.az-a istinadən xəbər verir ki, bunu şair, Azərbaycan Televiziyasında Bədii Şuranın üzvü Baba Vəziroğlu dövlət kanallarında aparılan islahatlarla bağlı danışarkən deyib. B.Vəziroğlu bildirib ki, aparılan islahatlar göz qabağındadır:
“Telekanalların ümumi mənzərəsi haqda danışa bilmirəm, çünki onlara baxmıram. Amma AzTV və Mədəniyyət kanalları haqda danışa bilərəm. Bilirsiniz ki, Azərbaycan Televiziyasında Bədii Şuranın üzvüyəm və bu işlərə məsul şəxsslərdən biriyəm. Televiziyada dəyişiklik olanda əlavə şərhə ehtiyac qalmır, çünki hər şey göz qabağında olur. Doğrudan da Azərbaycan dövlət Televiziyası və Mədəniyyət kanalı aylar ərzində göz önündə dəyişir. Əslində televiziyada islahatlar aparmaq həmişə çoxlu vaxt aparır, buna illər lazımdır. Bu gün televiziya qurmaq və onu çalışdırmaq çox çətin bir işdir. Bəzən cavan dostumuz Rövşən Məmmədova acıyıram, çünki o, sökülüb, dağılmaqda olan bir mexanizmi təhvil götürüb. Bəlkə də bir az da gec olsaydı, biz televiziyaların xarabalıqlarını görərdik. Kənardan baxanda adama elə gəlir ki, ən varlı televiziyadır, gözəl binası var, amma mətbəxin içində girəndə görürsən ki, vəziyyət başqadır. Televiziya ola bilər ki, komada yerləşsin, amma onun göstərdiyi efir ekrandır. Gözəl binada yerləşsə də göstərdiyi ekran gözəl görünmürsə, bunun xeyiri yoxdur.
Biz demək olar ki, Rövşən müəllimlə eyni vaxtda fəaliyyətə başladıq və gördük ki, vəziyyət çox acınacaqlıdır. Televiziyanın dili, verilişlərin naftalin formatı, aparıcıların naşılığı, onların Azərbaycan dilində danışa bilməməsi və s. problemlər var idi. Özünüz də görürsünüz ki, nə qədər dəhşətli bir mənəzərə yaranır. İlk gündən televiziyanın dinamikası artırıldı. Televiziyada əsas dinamikadır. Televiziya tamaşaçını yatırtmamalıdır, həmişə gərgin saxlamalıdır. Uzud-uzadı söhbətlərə son qoyduq. Günün nəbziylə döyünən, canlı verilişlərin artırılması, televiziya mühitinə səmimi abu-havanın gətirilməsi nail olduq. Yəni boğazdan yuxarı danışıqları yığışdırdıq. Hətta məsləhət gördük ki, ekrandan insanları səksəndirən, iyrəndirən millət vəkillərinin televizayaya çağırılmasına da son qoyaq. Artıq telekanalara kimlərin buraxılıb və buraxılmamasıyla bağlı siyahı da məsuliyyətli bir siyahıya çevirilib.
İndi Qızıl Fondun təzələnməsi prosesi başlayıb. Uzun illərdir ki, bu fonda heç bir əsər daxil olmurdu. Bədii Şura yox idi, əsərlər qəbul olunmurdu. Yeni ekran əsərlərinin çəkilməsinə heç kimdə həvəs qalmamışdı. Bu gün Mədəniyyət kanalı demək olar ki, o fondun hesabına çalışır. Biz artıq Bədii Şura üzvləri olaraq bölgələrdə insanlarla görüşlərə başladıq. Yay tətili olduğu üçün buna ana verdik, amma sentyabr ayından buna davam edəcəyik. İnsanlarımızla söhbətimiz zamanı onların televiziyalarımızı, radiolarımızı necə görmək istəməkləri ilə bağlı fikirlərini öyrənirik”.
Vasif Əlihüseyn
1690