“Məni SSRİ yığmasından Qarabağa görə çıxardılar” SÖHBƏT
21 oktyabr 2013 18:15 (UTC +04:00)

“Məni SSRİ yığmasından Qarabağa görə çıxardılar” SÖHBƏT

“Nəyin ki, əlillərin, hətta fiziki cəhətdən sağlam insanların da yaşamı çətinləşib. Ümumi böhran bütün dünyanı bürüyüb. İqtisadi, maliyyə, siyasi və sairə. Və sonucda faciələr baş verdi. Əfqanıstan, Yuqoslaviya, indi də Suriya. Son iyirmi ildə görün dünyada nələr baş verdi? Amma bütün bunlara baxmayaraq, insan çox şeylərə qadirdi, gərəklidi. İnsan Allahın ona verdiyi bütün imkanları dəyərləndirməlidi. Sadəcə və sadəcə çalışmaq lazımdı. Durduq yerdən heç nə olmaz! Ətrafınıza baxın görün fiziki qüsuru olan insanlar nələr edirlər, nələr... Cənubi Afrikada Pistori adlı bir idmançı var. Hər iki ayağının pəncəsi yoxdu. O, həm paralimpia oyunlarında iştirak edir, həm olimpiadada. Ona dedilər ki, sən paralimpiaçısan, olimpiadada iştirak edə bilməzsən. Olimpiadanı beynəlxalq məhkəməyə verdi və uddu. İnsanın iradəsinə baxın! Və belə adamlardan nümunə götürmək lazımdı”.

 

Bunu 10 yaşında gözlərinin nurunu itirməyə başlayan Allahverdi Culfayev deyir. Onunla çalışdığı Musiqi Akademiyasında görüşdük. Əlimdən tutub özüylə üzbəüz oturtdu. Deyir ki, onda göz əvəzinə əllərdi. Əliylə görür hər şeyi . Gözləri görməyən insanların daha həssas olduğunu bildiyim üçün sual verməkdə çətinlik çəkirdim. Özü bunu hiss edib: “Mənimlə rahat ol, qızım. Mənə bütün mövzularda sual verə bilərsən” dedi. Və başladıq söhbətə. Onun sözlərinə görə, məktəbi üçüncü sinfə qədər əlaçı oxuyub. Tədricən gözləri elə zəifləyib ki, dördüncü sinifdə dərsliklərini belə oxuya bilməyib.

 

 

- Artıq eynək belə kömək etmirdi. Az qalırdım kitabın içinə girəm ki, nə isə oxuya bilim. Yazı yaza bilim deyə, dəftərləri mənim üçün tünd rəngli qələmlə əlavə cızlayırdılar. Dəftərin zəif xətlərini görə bilmirdim. Elə oldu ki, 1965-də doğulub böyüdüyüm Tiflisdən Bakıya köçməli oldum. Gözlərim demək olar ki, görmürdü. Normal məktəbdə oxuya bilməzdim. Ona görə də gözdən əlillər üçün məktəbə getməliydim. Tiflisdə isə belə məktəblər ancaq gürcü dilindəydi. Kiçik xalam Bakıda yaşayırdı. O, məni Bakıdakı xüsusi gözdən əllilər üçün internat tipli məktəbə yazdırdı. Burda  həm rusca, həm də azərbaycanca təhsil vardı. Gürcüstanda rusca təhsil aldığımdan burda da təhsilimi rusca davam etdirdim. Gözlərimin düzəlməsi üçün 1965-ci ildən 70-ə yaxın müalicə aldım. Elə olurdu ki, ildə bir-iki dəfə Odessanın Ümumdünya Göz İnstitutunda müalicə alırdım. Amma faydası olmadı.

 

Bu vaxt bir xanım masanın üstünə iki çay qoyur. Allahverdi müəllim əliylə qoymuş kimi əlini qənddana atıb “bax, konfetimiz də var” dedi. Çay içə-içə söhbətinə davam edir. İnternat məktəbini bitirən il ali məktəbə sənədlərini verib. İmtahanlardan yaxşı qiymət alsa da, müsabiqədən keçmir.

 

- Universitetə qəbul olmayınca Gürcüstana işləməyə getdim. Orda Korlar Cəmiyyətinin iki saylı tədris istehsalat müəssisəsində bir il fəhləlik etdim. İşləyə-işləyə universitetə hazırlaşdım. Moskvadan brayl əlifbasıyla ədəbiyyat, tarix kitabları gətizdirmişdim. İkinci ili yenidən sənədlərimi verdim və  üç beş, bir dördlə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil oldum. Oxuduğum müddətdə mən ətrafımda olan uşaqları sözün yaxşı mənasında narahat edirdim (gülür). Məcbur edirdim ki, mənə kömək etsinlər. Onlar oxuyurdular, mənsə yazırdım. İndi “yazırdım” deyirəm camaat deyəcək ki, gözü görmür necə yazırdı?

 

Ayağa qalxıb şkafdan balaca, ucu biz nə isə çıxarır

 

- Bizim qələmimiz sizinkilərdən fərqlidi. Gözdən əlillərin yazmaq üçün xüsusi cihazı var. Yaza bildiyimi yazırdım, bilmədiklərimi isə yadımda saxlayırdım. 1979-cu ildə universiteti qırmızı diplomla bitirdim. O vaxtdan bəri Bakı Plan-İqtisad Texnikumda (indiki Bakı Sosial-İqtisad Kolleci) mülki və əmək hüququndan dərs deyirəm, uzun illərdi Bakı Musiqi Akademiyasının baş hüquqşünasıyam.

 

Çayını içən kimi fincanını götürüb əl-üz yuyana yaxınlaşdı. Fincanını yuyub yerinə qoydu və gəldi oturdu öz yerində.

 

 

- Mən özümü hər tərəfli inkişaf etdirmişəm.  Akkordeon üzrə beş illik musiqi təhsili aldım, yüngül atletika və üzgüçülüklə məşğul oldum. Kürün sahillərində böyüyüb üzməyi bilməmək olar? Dayanmadan Kürü o baş, bu başına dörd dəfə üzürdüm. Çayda üzmək çox çətindi, durğun suya baxma. Eyni zamanda yaxşı şahmat oynayırdım. Birinci dərəcəm var. Ali məktəbə qədər idmanla həvəskar məşğul olurdum, lakin universiteti bitirəndən sonra peşəkar idmana başladım. Yüngül atletikada böyük uğurlarım var. “Sovet İttifaqında şikəst insan yoxdu” deyilsə də, SSRİ-nin yüngül atletika üzrə gözdən əlillərdən ibarət iki yığma komandası vardı. Mən o komandanın üzvüydüm. 1983-cü ildə Yerevanda keçirilən ölkə birinciliyində üçüncü yer, 1988-ci ildə isə Belarusda ikinci yeri qazandım. Əslində birinci yeri qazanmışdım. Lakin yarış Belorusiyada keçirildiyi üçün qızıl medalı ev yiyəsinə verdilər. Mən etiraz edəndə mənə dedilər ki, sakit dur. Görürsən, Rusiyanın nümayəndəsi üçüncüdü. Hay-küy salsan, heç ikinci yer də olmayacaq. Həm Əli aşından, həm Vəli aşından olmamaq üçün məcburən susdum. Üzgüçülük üzrə 1979-da Alma-Atada keçirilən SSRİ birinciliyində iştirak etdim, 1981-də Rusiyanın Volqoqraddakı yarışda dördüncü yeri, 1984-cü ildə isə Özbəkistanın Nəvai şəhərindəki ölkə birinciliyində beşinci yeri qazandım. 1985 və 1986-cı illərdə Cənubi Qafqaz üzrə keçirilən yüngül atletika yarışlarının çempionu oldum. 1986-cı ildə Rusiyanın Stavropol diyarının Nevinomsk şəhərində keçirilən təlim-məşq toplantısının nəticələrinə görə, SSRİ yığma komandasına daxil oldum. Komandanın ilk azərbaycanlı idmançısıyam. 1987-də isə Moskvada Avropa birinciliyində iki növdə iştirak edim, Lujnikidəki yarışlarda bürünc medal qazandım. 1988-ci ildə Koreyada keçirilən Seulda paralimpiya oyunlarına hazırlaşırdım ki, erməni-müsəlman davası düşdü. SSRİ yığma komandasında Azərbaycandan mən idim, Gürcüstandan Şalbaydi, Ermənistandan Anjela. Qarabağ söhbətinə görə, üçümüzü də yığma komandadan çıxardılar ki, bu münaqişə həll olunmayana qədər bu komandanın üzvlüyündən kənarsız. Elə oldu ki, ondan sonra SSRİ-nin özü dağıldı.

 

Yarım saat ərzində Allahverdi müəllimin həm mobil telefonuna, həm şəhər telefonuna zənglər gəlir. Hamısına qısa cavab verir: “Lent.az-ın əməkdaşına müsahibə verirəm. Bitsin əlaqə saxlayarıq”. İşinə ciddi yanaşdığı hər hərəkətindən hiss olunur.

 

- Bir il dörd ay ev növbəsində durdum. 1981-ci il yanvarın 7-də Razində, iş yerimə yaxın beş mərtəbəli binanın üçüncü mərtəbəsində üç otaqlı ev verdilər. Artıq İnna xanımla ailə qurmuşduq, böyük qızım dünyaya gəlmişdi. Nimdaş bir evdə kirayə qalırdıq. Universiteti bitirəndən sonra iyirmi üç yaşımda evləndim. Sevib ailə qurduq. Allah mənə göz əvəzinə İnna xanımı verdi. O, mənim gözlərim oldu. Gözdən əlil insanla ailə qurmaq böyük məsuliyyət, böyük risk tələb edir. Bugünkü gündə yoldaşım nə qədər əziyyətimi çəksə də, təvazökarlıqdan uzaq olsa da, mən ona bu cəmiyyətdə dayaq olmuşam. İnna da bunu daim hiss edib. Bilir ki, mən heç vaxt onu çətin vəziyyətdə qoymaram, heç kimin ayağına vermərəm. Bacardığım qədər çalışıram ki, öz işimi özüm görəm, öz işimin dalınca özüm gedəm. Əvvəl bir az qaraltı görürdüm. On ildir ki, heç nə görmürəm. Maşın yolunu keçə bilməsəm də, metroda tək başıma hərəkət edə bilirəm. Bu günə kimi mənim dərs planlarımı xanımım yazır. Lazım olan yazıları mənə oxuyur. Xoşbəxtlikdən ətrafımda daim xeyirxah insanlar olub. İki qızım var: Natella və Səidə. Böyük qızım həmişə mənə deyir ki, atam nə edirsə, hamı onun qulluğunda dayanır (gülür). Bunu da gərək bacarasan. İnsanların etdiyi yaxşılıqların əvəzində onlara sevgi, hörmət verəsən. Gözdən əlil insanlar daha həssas, bacarıqlı olur. Bəzi insanlar var, düşünürlər ki, insan görmürsə, lap kobud desək kordusa, demək ağıldan da zəifdi. Təəssüflər olsun ki, cəmiyyətdə belə fikir var.

 

Allahverdi müəllim ona məşqçi kimi ilk uğurunu qazandıran Natalidən ağız dolusu danışır. Danışdıqca gözləri gülür, üzündə təbəssüm yaranır.

 

- 1996-cı il fevralında Azərbaycanda Milli Paralimpia Komitəsi yaradıldı. Sovet İttifaqı dağıldıqdan sonra  komandalar da dağıldı və mən idmanla yalnız fərdi şəkildə məşğul olurdum. 2008-ci ildə mən bu komitəyə getdim ki, bəs mən burda üzgüçülərlə məşğul olmaq istəyirəm. Baş katib Afiq müəllim mənə dedi ki, nə olar, məşğul ol. Amma bizim baş məşqçimiz var. Dedim, o mənə maneçilik etməsin, mən özüm fiziki qüsuru olan idmançılar da gətirəcəm, onlarla məşğul olacam, onların qayğısında da duracam. Çoxları mənə kinayə etsə də, Afiq müəllim inandı. 2009-cu ildən gənc üzgüçülərlə məşqlərə başladım. Kənan Pirizadə, Sergey Plujnikov, Natali Pronina kimi üzgüçüləri beynəlxalq səviyyədə keçirilən yarışlara hazırladım. Natalini 2009-da tanıdım. Onda onun iyirmi bir yaşı vardı. Natali üzgüçülüklə uşaqlıqdan məşğul olmuşdu. 2010-cu ilin martında üzgüçülük üzrə ABŞ-Kanada Paralimpia oyunlarında beş qızıl, iki gümüş medal qazandı. Həmin ilin iyun ayında Almaniyadan medal qazandı, 2011-də ildə isə Danimarkada uğurla çıxışlar etdi. Bu ilin sentyabr ayında İngiltərədə keçirilən Paralimpiya oyunlarında Azərbaycandan olan 21 paralimpiaçının qazandığı 12 medaldan biri qızıl, dördü isə gümüş olmaqla Natali vətənimizə beş medal gətirdi. Nataliyə qədər Azərbaycana üzgüçülük üzrə nə sağlam idmançılar arasında, nə də paralimpiaçılar arasından qızıl medal gətirən olmamışdı.

 

 Ən əsası ruhdan düşməyəsən, sabaha inanasan. Burdan əlil olan insanlara demək istəyirəm ki, özlərini sevsinlər və heç vaxt ruhdan düşməsinlər. Daim irəli getmək üçün çalışanlar! İstəsələr bu cəmiyyətdə özlərini tapacaqlar. Mənə baxın. Bakı Sosial-İqtisad Kollecinin müəllimi, Bakı Musiqi Akademiyasının baş hüquqşünası, Milli Paralimpia Komitəsinin üzgüçülük üzrə baş məşqçisi, “Şöhrət” ordenli, Azərbaycanın üzgüçülük üzrə əməkdar müəllimiyəm. Bundan da artığı gözəl ailəm, sevimli həyat yoldaşım, qürur duyduğum iki həkim qızım və nəvəm var. Daha nə lazımdı? Türk paralimpiaçı var, iki qolu yoxdu. Bir ayağı var. Mənim gözüm görmür, amma yanımdakılar dedilər ki, ilan kimi üzür. Odur ki, ürəyinizdə istək olsa, alınacaq!

 

...Otağın qapısı döyülür. Bir xanım əlində vərəq içəri girir: “Allahverdi müəllim, imzanız gərəkdi!”. Xanımdan bizim fotomuzu çəkməyi xahiş edirəm. Allahverdi müəllim pencəyini geyinir və sonda xatirə fotosu çəkdiririk...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2981
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar