105 yaşlı Şahverdi Əhmədov: “Dedilər sovet hökumətinin düşmənisiz””
Qardaşının nəvəsi Vüqar məni Şəki Dəmiryolu vağzalında qarşılayanda heç saat səkkiz olmamışdı. Ona görə də səhərin gözü açılar-açılmaz müsahibimi narahat etməyə tərəddüd vardı içimdə. Elə yolda da Vüqara bu barədə dedim. Kiçik oğlu Seyfəddinə zəng vurub dəqiqləşdirdi; Şahverdi kişi oyaqdır.
Şəkinin girəcəyinə yaxın “donuzçuluq sovxozu” adlanan ərazi var. Şahverdi kişi xanımı Səmərqə nənəylə 15 ildən artıqdır ki, burda, kiçik oğlu Seyfəddinin yanında yaşayır. Doğrusu, yaşayır deməyə də adamın dili gəlmir. Evə baxanda hiss olunur ki, insanlar burda hansı əzab-əziyyətlərə qatlaşıblar ötən illər ərzində. Amma bu il Şəkinin mərkəzinə yaxın olan ərazidə məcburi köçkünlər üçün inşa olunmuş mənzillərdən bu ailəyə pay düşsə də, hələlik ora tam köçməyiblər. Çünki yeni salınmış qəsəbədə mal-qara saxlamağa şərait yoxdu və 101 yaşlı qəhrəmanımız kənd həyatını çox sevdiyindən ailə hələ ki yeni mənzilinə tam məskunlaşmayıb.
Bütün bunlar mənzilbaşına çatana qədər öyrəndiklərimdir.
...Bakıdan onun haqqında yazmaq üçün gəldiyimi biləndə sevinir. Ölkə başçısı tərəfindən ona verilmiş avtomobilin yanında şəklini çəkmək istədiyimi deyirəm, xahişimi yerə salmır. Ardınca 56 illik ömür-gün yoldaşı Səmərqə nənə ilə qol-qola girib şəkil çəkdirirlər.
Deyir ki, Laçın rayonunun Hətəmlər kəndində anadan olmuşam. Uşaqlığı da Laçında keçib.
- 1957-ci ildə ailə qurmuşam. O vaxt mənim 45 yaşım var idi.
- Bəs niyə bu qədər gec ailə qurmusunuz?
- Ağdamda kənd təsərrüfatı texnikumunda oxuyurdum, dörd illik idi. Texnikumu qurtarmağımıza bir gün qalmış müharibə başladı. Elə bil camaatın üstünə su ələndi. 1941-ci il idi. O vaxt gərək iki il təsərrüfatda işləyib, sonra diplom alaydın. Ağdamdan Laçına qayıtdım, 15-20 gündən sonra müharibəyə getdik.
- 45-ci ilə qədər müharibədə oldunuz?
- Müharibə qurtarandan sonra Ukraynada, Donbasda qalıb şaxtaçı işlədim.
- 1956-cı ildə Azərbaycana qayıtdım, bir il sonra ailə qurdum.
- Səmərqə xala qohumunuzdur?
- Hə, əmim qızıdır.
- Deyəsən yaşca sizdən xeyli kiçikdir. Bəs onu sizə verəndə narazılıq eləmədilər ki?
- Hə, xeyli kiçikdir məndən. 1928-ci ildəndir.
Kiçik oğlu yenə müdaxilə edir: “Qaçırdıb e arvadı”.
Bu arada kiçik bir haşiyə. Hər halda gəldiyim qənaət bundan ibarətdir ki, “köhnə kişilər” ifadəsi reallıq imiş. Məsələn, Şahverdi kişinin oğlanlarına danışdığı bir neçə əhvalat var idi ki, nə illah elədimsə, mənə danışmadı, söhbəti “fırlatdı”. Uşaqlarının dediyinə görə, kişi almanlara əsir düşüb, onu Drezden şəhərindəki əsir düşərgəsində saxlayıblar. Ağır yaralı olanları güllələyiblər, qalanlarını da ağır işlərdə işlədiblər. Amma bir müddət sonra həmin əsirləri də güllələmək qərarına gəliblər. Sovet əsgərlərini sırayla düzüb ucdantutma güllələməyə başlayıblar və Şahverdi kişinin növbəsi çatanda güllə qolundan dəyib, özünü ölülüyə vurub. Sonra güllələdikləri əsirləri çalalara töküb üstünü torpaqlayıblar. Şahverdi kişi xeyli müddət torpağın altında qalandan sonra ordan çıxmağı bacarıb. Hər halda onun övladlarına, övladlarının da mənə dedikləridir bunlar.
Amma qəhrəmanımın hərbi xatirələri arasında danışdığı bu hadisəni soyuqqanlı dinləmək olmur. Şahverdi kişi bu hadisəni özünəməxsus ləhcədə elə danışır ki, hansısa döyüş filminə baxdığını düşünürsən.
- Günlərin birində oğlumun Şamaxıdan olan tələbə yoldaşı bizə gəlmişdi. Dedi ki, rayonumuzdan Sahibov Mirağa adlı bir nəfər müharibədən qayıtmamışdı, o vaxtdan nə ölüsündən, nə də dirisindən xəbərləri olmayıb. Adı eşidən kimi bildim ki, bu mənim döyüş yoldaşımdır. Sonra onun qardaşı da bizə gəldi. Deməli, hücuma keçəndə almanlar bizi yaxaladılar, qaçmağa da yer yox. Əlac ona qaldı ki, hamımız aşağı çökək. Mirağa da mənim böyrümlə irəliləyirdi. Bizdən irəlidə gedənləri vurdular. Mirağa ilə eyni vaxtda yerə çökdük. Heç komandirimizin də təcrübəsi yox idi. Düzün ortasında da hücuma keçərlər? Elə yerdi ki, hansı tərəfə uzansan güllə tutur. Can şirindi axı? Gördüm ki, bizdən qabaqda gedənlərdən sağ qalanlar geriyə qaçırlar. Dedim ki, “Sahibov, niyə durmusan, qaçaq e”. Bir tacik var idi bizdən qabaqda. Geriyə doğru sürünəndə bunu gördü, dedi ki, “Sahibov ranen”. Baxdım gördüm ki, güllə başından dəyib, ordaca keçinib. Sən demə, bu bayaqdan yanımda ölüb, mənim də xəbərim yox.
- Onu hardasa basdıra bildiniz?
- Qaldı döyüş meydanında, sonra meyiti yaxınlıqdakı tikilinin arxa tərəfinə keçirdik. Ara sakitləşəndən sonra dəfn elədik. Amma çox yaxşı oğlan idi, həmişə mənimlə hərlənirdi.
- Bəs sizi əsirlikdən necə azad elədilər?
- Müharibə qurtarandan sonra.
Bir az da Şahverdi kişinin ailəsi barədə. Yeddi övladı olub, biri dünyasını dəyişib. Nəvələrinin sayı da yeddidir.
Adamın 101 yaşı ola, onda uzunömürlülüyün sirrini soruşmayasan? Qəhrəmanım deyir ki, indiyə kimi ən çox yediyi məhsullar qatıq və süddür. Ətdən isə bacardıqca az istifadə edir.
- Çayı da çox içən deyiləm. Ürəyim sərin su istəyir. Onu da uşaqlar qoymurlar. Deyirlər ki, soyuq olar, xəstələnərsən.
- Yaddaşınız necədir?
- Babatdır.
- Laçından çıxmağınız yadınızdadırmı?
- Həmin hadisələr olanda Ağdamdaydıq. Amma çox qanlı-qadalı günlər idi.
Kişi sözünü tamamlayan kimi kiçik oğlu daha bir əhvalat üçün “pas” verir. “Ay dədə, bir əsgəri niyə “politruk”un (siyasi rəhbər) yanına aparmışdın? Onu danış” deyən kimi Şahverdi kişi gülümsəyir.
- Laçından Bayramov Manaf adlı bir yoldaş var idi. Səngərdə silahları təmizləyəndə, birdən üstümüzdən 5-6 alman təyyarəsi keçdi. Qəfil karabinimi götürüb yuxarı atmağa başladım. Tüfəng təyyarəyə neyləyəcək? Amma atıram da... Tappatap bir neçəsini atdım. Bu Manaf qayıtdı ki, “Əhmədov az qala mənə dəymişdi, tüfəngin ağzın o tərəf tut da” (gülür) Dedim bu tüfəng əyilən şeydir ki, gələ saa dəyə? İndi sənə aparım politrukun yanına? Politruk da siyasi rəhbər idi. Dedi dur apar, politruk mənə neyləyəcək? Politruk da bizdən 200 metr aralıda idi. Biz yaxınlaşanda politruk “zemlyanka”dan çıxdı çölə. İkimiz getdiyimizə görə elə bildi ki, hadisə olub. Ləzgi idi. Dedi ki neyçin gəldiniz. Dedim bunu görürsən? Düşmənin təyyarəsi keçir, özü atmır, mənə də deyir ki, tüfəngin ağzın bir az oy yana tut. Dedi ki, bunu neyçin güllələmədin, mənim yanıma gətirdin? Müharibə vaxtında elə “otkaz”ların üstündə vurmağa ixtiyarın var idi. Hirsləndi, buna dedi ki, şinelini soyun, soyundu, qayışını da aç, açdı. Gördüm ki, bunu güllələyəcəklər. Tez dedim yoldaş politruk, bu mənim ən yaxşı əsgərlərimdən biri olub. Dedi ki, get bunu qurban olsun sənə. Gördüm ki, öz əlimlə xata qayırdım.
Bir dəfə də silah gətirməyə gedəndə başımıza oyun gəldi. Gündüz bərk döyüş oldu, hər iki tərəf çox itki verdi. Onlar səngərdə, biz də düzün ortasında olanda komanda verdilər. Orda da gündüz hərəkət eləmək olmur. Yeməyi bir dəfə səhər, bir də gecə gətirirlər. Qaranlıq düşəndə yemək gəlməmişdi. Vzvod komandiri çağırıb dedi ki, “Əhmədov, bir-iki nəfər götür, get qərargaha”. Getdik qərargaha, hərəmizə bir uzun saplı bel, yastıq formasında olan qutuda güllələr, bir də qumbara kapsulu verdilər. Dedilər ki, gedib səngər qazacaqsınız. Orda da bir adam sürünərək gizlənmək üçün kanal qazıblar. Bir nəfər bələdçi də verdilər ki, kanalı bizə göstərsin. Amma almanlar hələ də atırlar. Göydən güllə yağa-yağa biz də sürünürük. Qabağa getdik, gördük nə qədər əsgərimizi qırıblarsa, meyitlə tüfəng əlindən yeriməyə imkan yoxdur. Dedilər ki, səngəri qazmaq lazım deyil, gətirdiklərinizi qoyun burda, qırılanların tüfəngindən hərənizə beşini götürün gedin. Təsəvvür edin ki, nə qədər adam qırılıbsa, əlinin hara atırsan, tüfəngdi. Adama beş tüfəng götürüb qayıtdıq gəldik. Bu köpəkoğlunun da canı yanmır ki, bizə istirahət versin. Dedi “Əhmədov, bir də gedin”. Bu səfər yaralılardan o tərəfə keçmədik. Söhbətin birini qoyub o birini danışım. Bala, Stalin çoxbilmiş adam idi. Alman Stalinqrada qədər gəlmişdi. Dedi ki, gecə tankları söndürməyin. Onlar da yatdılar. Sovet gecə ilə hücuma keçdi, qalib gəldi. Nə başınızı ağrıdım. O gecə 60 silah gətirib qərargaha təhvil verdik. Geriyə qayıdanda “zemlyanka”mızı tapmadıq. Yoldaşlar dedi ki, sabaha az qalıb, gəlin burda oturaq, işıqlansın girək “zemlyanka”ya. Dedim burda oturun, ətrafı dolanım, gəlirəm. İşıq yandırmalı deyil, çağırmalı deyil. Bu səfər bunları da itirdim. O gecə səhərə qədər axtardım, səhərə yaxın tapdım uşaqları. Bir ucdan da atırlar. Raket atırdılar ki, ətraf işıqlansın. Onlar atanda uzanırdım yerə. O vaxt da bizə yeməyi arabayla gətirib qalayırdılar. Səhər açılanda endim yarğana. Başqa heyət idi. Dedim yeməyə nəyiniz var, acından qırılırıq. Qazanların ağzını açdılar, heç nə yox idi.
- O vaxt ordunun yeməyi necə idi? Ac qaldığınız vaxtlar olub?
- Normal, amma elə olurdu ac qalırdıq günlərlə.
- Əsirlikdə olanda alman dilini öyrənmişdiniz?
- Babat bilirdim, evdə uşaqlar da öyrənmişdilər. İndi çox sözlər yadımdan çıxıb. Biz beş bacı, beş qardaş olmuşuq. Sovet hökuməti təzə qələbə çalanda atamın xeyli mal-qarası var idi. Bütün varidatımızı əlindən aldılar ki, sovet hökumətini düşmənidir. Amma müharibə başlayanda biz üç qardaş döyüşə getdik. Balaca qardaşım Misir müharibədən birinci qrup əlil kimi qayıtdı, qolunda böyük bazu sümüyünün 12 santimetri yox idi.
- Uzunömürlü olmaq sizdə irsidir?
- Hə, elədir. Anamın adı Lalabəyim idi, 120 yaşında dünyasını dəyişdi. Bir bacım 105 il yaşayıb. Doxsan yaşıma kimi işləmişəm. Bu gün də qapıda boş dayanmıram. Heç vaxt da evimə haram tikə gətirməmişəm. Elə sirrin biri də budur. Kişi ailəsinə, uşağına gətirdiyi çörəyə haram qatmamalıdır. Onda uzunömürlülük də olar, bərəkət də. Nəslimizdə hər kəs bir dəfə evlənir, arvad boşamaq söhbəti yoxdur. Özümüz də Qarabağın məşhur tayfalarındanıq.
- Siqaret çəkirsiniz?
- Yox, əvvəl elə-belə çəkmişəm.
- Bəs içki?
- Onu da elə belə. Amma axır 1-2 ildə içmirəm.
- Səhər çoxmu tez oyanırsınız?
- Hə, saat 6-da oyanıram. Amma günortalar da yatıram. İyirmi ildir çox pis şəraitdə yaşayırıq. Hələ məni saxlayan Laçının havası, orda yediklərimin dadı-tamıdır.
Söz verdiyim kimi sonda bir neçə kəlmə Şahverdi kişinin mənsub olduğu məşhur tayfa haqda. Oğlu Ələddin bəyin dediklərindən:
- Azərbaycan Demokratik Cümhuriyyətinin ilk hərbi naziri olan Xosrov bəy Sultanov məhz bu nəsildəndir. Xosrov bəy Sultanov Nəriman Nərimanovla Odessa Universitetinin tibb fakültəsini bitirib. Xosrov bəyin nənəsi Ağapəri xanım Hətəmlər kəndindəndir, eyni nəsilik. Onlar atama bacıoğlu hesab olunurlar. Sizə Xosrov bəyin gözünün çıxarılması əhvalatını da danışa bilərəm. Deməli, küçəylə gedəndə görüb ki, bir rus zabiti cavan qıza ilişir, sataşır. Özü də sərxoşdur. Dözmür, qızı zabitin əlindən alanda zabit bunu duelə çağırır. Həmin dueldə Xosrov bəy gözünü itirir, zabit də həyatını. Sonradan məlum olur ki, bu qız Odessa universitetinin rektorunun qızıdr. Həmin qızla evlənir, oğlunun da adını Murad qoyur. Murad da onun babasıdır.
İntiqam Valehoğlu