Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti sentyabrın 24-27-də Rusiyanın paytaxtında keçiriləcək Moskva Beynəlxalq Qida Sərgisində (“World Food Moscow”) iştirak edəcək.
Lent.az-a verilən məlumata görə, sərgidə iştirakın əsas məqsədi yerli istehsal olan qida məhsullarınının tanıdılması və yeni beynəlxalq əməkdaşlıqların yaradılmasıdır.
Məlumat üçün bildirək ki, Moskva Beynəlxalq Qida Sərgisi qlobal qida və içki sənayesinə xidmət edən böyük bir sərgidir və 1991-ci ildən keçirilir. Sərgi təşkil olunduğu ilk gündən böyük Rusiya bazarına çıxmaq istəyən beynəlxalq istehsalçıların əsas əməkdaşlıq mərkəzidir. Dünyanın müxtəlif ölkələrindən olan qida və içki məhsulları istehsalçıları öz məhsullarını tanıtmaq üçün bu platformada iştirak edirlər. Rusiya bazarının ölkəmiz üçün əhəmiyyətini nəzərə alan ATT də sərgidə yerli istehsal olan məhsullarla təmsil olunacaq, beynəlxalq tanıtımını həyata keçirəcək.
Bundan başqa, “Aqrar Tədarük və Təchizat” tərəfindən Moskva Beynəlxalq Qida Sərgisində “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayı, Haşimi düyüsü, noxud, düyü unu, həmçinin qurudulmuş meyvə və tərəvəzlər (feyxoa, pomidor, alça, alma və s.), ağ kişmiş, qara kişmiş, badam, zəfəran çayı və s. yerli kənd təsərrüfatı və qida məhsulları sərgilənəcək. Tədbir çərçivəsində ATT nümayəndə heyəti beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və yerli istehsal olan məhsulların ixracının artırılması məqsədi ilə bir sıra görüşlərdə olacaq.