Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə , Azəri Gənclər Alyansı İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gənc Jurnalistlərin Yeni Media Məktəbi” layihəsinə start verilib. Lent.az-ın məlumatına görə, tədbirdə Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BDU-nun professoru Cahangir Məmmədli, BAMF sədri Umud Mirzəyevin çıxışları olub. Onlar iştirakçıları salamlayaraq gənc jurnalistlərə və Yeni Media Məktəbi layihəsinin təşkilatçılarına uğurlar arzulayıb, klassik media ilə yeni media arasındakı fərqlər haqqında məlumat veriblər.
Açılışdan sonra “Yeni Medianın üstünlüyü və cəmiyyətdə yeri və rolu” adlı I paneldə “Baymedia” internet portalının rəhbəri Elçin Mirzəbəyli, “Day.az” və “Trend” media şirkətlərinin direktor müavini Sevda Həmidova, Güney Qafqaz və Orta Asiya Şəbəkəsi İctimai Birliyinin sədri Azər Həsrət, “Caspian Barrel” online jurnalının baş redaktoru İlham Şaban ekspert kimi çıxış edərək iştirakçıların yeni media ilə bağlı çoxsaylı suallarını cavablandırdılar.
“Gənclərin informasiya təminatında yeni medianın rolu” adlı II panelin moderatoru Azəri Gənclər Alyansı İctimai Birliyinin sədri Leyla Məmmədli, Azərbaycanda aktiv və tanınmış gənclər təşkilatlarının rəhbərlərindən Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, Bakı Beynəlxalq Tələbə Təşkilatını sədri Aysəba Umudlu, Azərbaycan Britaniya Məzunlar Birliyinin sədri Ramiz Babayev, Junior Achivment Azerbaijan təşkilatının sədri Hökümə Babayeva, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı, AAA təşkilatının idarə heyətinin üzvü Rövşən Nəcəfovun çıxışları olub. Çıxışçılar gənclərə yeni medianın gənc liderlərin inkişafındakı rolu və bu istiqamətdə keçirdikləri layihələr haqqında məlumat verərək onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, Gənc Jurnalistlərin Yeni Media Məktəbi” iyul ayının 19-da yekunlaşacaq. Layihənin sonunda 100-ə yaxın iştirakçıya sertifikatlar veriləcək.