"Qonşu olkələrdə “donuz qripi” ilə bağlı gərginlik real təhlükə sayılır"
01 fevral 2016 18:28 (UTC +04:00)

"Qonşu olkələrdə “donuz qripi” ilə bağlı gərginlik real təhlükə sayılır"

 

“Bütün sərhədyanı ölkələrdə “donuz qripi” ilə bağlı gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır”.

Lent.az-ın məlumatına görə, bunu V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova “Tibb” qəzetinə müsahibəsində deyib.

Onun dediklərinə görə, məhz bu təhlükəyə görə də profilaktik, müalicəvi və əksepidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların səfərbər edilməsi tələb olunurdu: “ Bunu nəzərə alaraq, hələ 8 dekabr 2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb. Sənəddə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb. Ölkəmizin sərhəd keçid məntəqələrində lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya olunur. Həmçinin xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd keçid məntəqələrində müayinədən keçirilir. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılır”.

H. Qədirova onu da əlavə edib ki, eyni zamanda, 3 tibb müəssisəsində – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb. Bu virus aşkarlanarsa, ölkəmizdə müalicənin aparılması üçün lazımi şərait, kifayət qədər dərman ehtiyatı var.

Professor H.Qədirova “Donuz qripi” A(H1N1) virusundan qorunmaq məqsədi ilə qoruyucu maskalardan istifadə etməyi, şəxsi gigiyenaya riayət etməyi tövsiyə edir: “Vətəndaşlara, əgər vacib deyilsə, epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfəri təxirə salmaq, əhalinin kütləvi toplaşdığı mədəni və digər tədbirlərdə iştirak etməmək, əlləri sabunla tez-tez yumaq, onları üzə, ağıza vurmamaq məsləhətdir. Bundan əlavə, orqanizmin müqavimətini artırmaq, immuniteti zəiflədən müxtəlif amillərdən – siqaretdən, spirtli içkilərdən, süni qidalardan uzaq olmaq lazımdır. Vitaminli, təbii qidalar yemək, idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək, burun-udlağı yumaq, epidemiya dövründə buruna müxtəlif damcılar, məsələn, interferon damcılatmaq lazımdır”.

”Əgər H1N1 virusunun sadalanan əlamətləri artıq müşahidə olunmuş olarsa, xəstə mütləq ayrı otaqda təcrid, yataq şəraitində qalmalı və çox maye qəbul etməlidir”, -deyən H. Qədirova bundan başqa, həmin şəxsin evdən çıxmamalı olduğunu diqqətə çatdırıb: “Otağın havası tez-tez dəyişdirilməlidir. Onun istifadə etdiyi birdəfəlik salfetkalar ayrıca sellofan torbaya yığılıb zərərsizləşdirilməlidir. Xəstəyə çoxlu maye – su, kompot, itburnu çayı içirmək lazımdır. Evə həkim çağırılmalı, xəstə mütləq müalicə olunmalıdır. Qrip diaqnozunu təsdiq etmək üçün yerli səhiyyə müəssisəsi tərəfindən xəstədən xüsusi tamponla burun-udlaq materialı götürülür və polimeraz zəncirvari reaksiya qoymaq üçün Respublika Taun Əleyhinə Stansiyasına göndərilir. Bu virusa qarşı xüsusi müalicə preparatları var. Oseltamivir (Tamiflu) və Zanamivir (Relenza) kimi virus əleyhinə dərmanlar bu qripə qarşı daha effektivdir. Remantadin preparatı da istifadə oluna bilər. Doğrudur, o daha az effektivdir, ancaq qripə qarşı müəyyən qədər müqavimət göstərə bilər. Xəstədə irəliləyiş olmazsa, mütləq tibb müəssisəsində xüsusi palatada müalicə edilməlidir”.

Son olaraq hazırda Azərbaycanda epidemioloji durumun  stabil və daim nəzarətdə olduğunu vurğulayan H. Qədirova bildirib ki, Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu tapılmayıb, bu qripə şübhəli hal müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar