"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Vəkillər Kollegiyası və Hakimlərin Seçki Komitəsinin üzvü Anar Bağırovun Lent.az-a müsahibəsi
- Azərbaycanda hüquqi yardım alınması sahəsində mövcud olan problemlərin ümumi mənzərəsi hamıya məlumdur. Lakin bu problemlərin detalları haqqında məlumatlı şəxs kimi Sizin mövqeyini bilmək yaxşı olardı.
- Həqiqətən, vətəndaşların yüksək ixtisaslı və keyfiyyətli hüquqi yardım alması həyati məsələlərdəndir. Azərbaycan Respublikasının Konstitusiyası ixtisaslaşdırılmış hüquqi yardım almaq hüququnu təsbit edir və həmçinin, onun ödənişsiz olmasına təminat verir. Təcrübədə dövlət tərəfindən ödənişsiz hüquqi yardım əsasən müdafiəçinin məcburi iştirakını nəzərdə tutan hallarda göstərilir. Dövlətin maliyyə imkanlarını nəzərə almaqla, xüsusilə, əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə münasibətdə bu meyarların genişləndirilməsinin vacibliyi heç kimdə şübhə doğurmur. Əhalisinin 1/8 hissəsini qaçqın və məcburi köçkünlər təşkil edən Azərbaycan üçün isə bu məsələ xüsusilə aktualdır.
Ümumiyyətlə, Azərbaycanda hüquqi yardım alınması sahəsində mövcud olan əsas problemlərin məzmununu aşağıdakı kimi göstərmək olar:
Birincisi, konkret olaraq pulsuz hüquqi yardım almaqdan söhbət gedirsə, Azərbaycan vətəndaşlarının pulsuz vəkil, hüquqi nümayəndə tutmaq imkanları məhduddur. Çünki, mülki işlərdə pulsuz hüquqi yardım alınmasının qanunvericilik mexanizmi mövcud deyildir. Həmçinin mülki və vəkillik haqqında qanunvericiliyimizdə “maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə”, “orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları imkan vermədikdə” və s. anlyaşların meyarları konkretlikdən uzaqdır.
Daha sonra, qanunvericiliyimizə əsasən, ödənişsiz hüquqi yardım göstərməli olan vəkili birinci instansiya məhkəməsi təyin etməlidir. Lakin elə birinci instansiya məhkəməsinə müraciət etmək üçün vətəndaşa vəkil və ya savadlı hüquqşünas lazımdır ki, ona müvafiq şikayət ərizəsinin tərtibinə, habelə digər istiqamətlərdə köməklik göstərsin. Beləliklə, mövcud qanunvericilikdə vəkilin və ya nümayəndənin xidmət haqqlarının dövlət hesabına ödənilməsi yalnız şəxsin hansısa proses iştirakçısı olduğu halları əhatə edir. Əfsuslar olsun ki, nə “Vəkillər və vəkillik fəlaiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, nə Mülki Prosessual Məcəllədə aztəminatlı şəxslərin apellyasiya və birinci instansiya məhkəmələrində ödənişsiz hüquq yardımla təmin olunması barədə hüquqi mexanizm qeyd olunmamışdır.
Üçüncüsü, ümumiyyətlə, regionlarda vəkillərin sayının az olması hüquqi yardımın göstərilməsində bəlkə də, əsas maneələrindən biridir. Adambaşına düşən vəkil sayına görə Azərbaycan inkişaf etmiş Avropa ölkələrindən, hətta Cənubi Qafqaz respublikalarından geri qalır və bu, keyfiyyətli hüquq xidmətlərin göstərilməsi və ədalət mühakiməsinin həyata keçirilməsində əsas əngəllərdən biridir. Vətəndaşların konstitutsion hüquqlarının effektiv həyata keçirilməsi üzrə Avropa Şurasının Azərbaycanda vəkillərin sayının artırılması, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tövsiyələrinə əsasən, 2005-ci ildən bu günə kimi vəkillərin sayı 370-dən 824-ə, yəni 2,3 dəfəyədək artmışdır. Doğrudur, bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına əsasən, Azərbaycan digər ölkələr ilə müqayisədə adambaşına düşən vəkil sayına görə hələ də geri qalmasına baxmayaraq, bu çatışmamazlığın aradan qaldırılması məqsədilə vəkilliyə namizədlərin seçimi mütəmadi olaraq davam etdirilir. Dövlətin özü də vəkillərinin sayının artırılmasında bilavasitə maraqlıdır.
Digər problem kimi, vəkillərin aldıqları qonorarın məbləğinin az olmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 31 saylı qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat məbləğində müəyyən edilmişdir ki, bu da vəkillərin belə işlərə marağının azalmasına səbəb olur.
Yuxarıda qeyd olunan problemlərin araşdırılması və gələcəkdə "Ödənişsiz hüquqi yardım haqqında" qanun layihəsinin parlamentə təqdim olunması ilə əlaqədar "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB "Azərbaycan Hüquqşünaslar Konfederasiyası" İB ilə birgə 2012-ci ilin əvvəllərində peşəkar vəkil və hüquqşünaslardan ibarət İşçi Qrup formalaşdırmışdır ki, həmin Qrup Qanun layihəsinin konsepsiyasını hazırlamışdır. Belə bir qanun layihəsinin hazırılanmasının əsas səbəblərindən biri də ölkəmizdə aztəminatlı ailələr üçün mülki mühakimə icraatı zamanı məhkəməyəqədər və məhkəmə prosesi ərzində ödənişsiz hüquqi yardım göstərilməsi mexanizminin olmamasıdır.
- Qanun layihəsində hansı məsələlər öz əksini tapıb?
- İlk dəfə olaraq "dövlət tərəfindən təmin edilən hüquqi yardım", "ilkin hüquqi yardım", "peşəkar hüquqi yardım", "ictimai vəkil", "parayursit" anlayışlarından istifadə edilmişdir. Habelə dövlət tərəfindən təmin edilən hüquqi yardımın növləri, formaları dəqiqliklə öz əksini tapmışdır.
Məlumat üçün bildiririk ki, layihəyə əsasən, dövlət tərəfindən təmin edilən hüquqi yardım hüquqi məsələlərlə bağlı məlumatlandırmanın həyata keçirilməsi, məsləhət və izahların verilməsi, hüquqi xarakterli sənədlərin hazırlanması, dövlət idarəetmə orqanlarında təmsil etmə, inzibati xətalara dair işlər üzrə məhkəmə icraatı zamanı şəxsin maraqlarının müdafiəsi və s. formalarda həyata keçiriləcəkdir.
-Kimlər ödənişsiz hüquqi yardım ala biləcəklər?
- Sualınıza cavab olaraq bildirirəm ki, layihədə ödənişsiz hüquqi yardımın göstərilməsinin meyarları qeyd olunmuşdur. Hüquqi yardım almaq hüququna aşağıdakı meyarlara cavab verən şəxslər sahibdirlər:
- cinayət işləri ilə bağlı hüquqi yardıma ehtiyac yaranan zaman ədalət mühakiməsinin maraqları tələb etdiyi, lakin belə yardımı ödəmək üçün kifayət qədər vəsaitləri olmayan şəxslər;
- cinayət təqibi və ya inzibati xətalarla bağlı məhkəmə icraatı üzrə tutulmuş şəxslərə təcili hüquqi yardımın göstərilməsinə ehtiyacın yaranması zamanı;
- Azərbaycan Respublikasının cinayət-prosessual və mülki-prosessual qanunvericiliklərində göstərilən əsaslarla məcburi hüquqi yardımın göstərilməli olduğu zaman;
- inzibati hüquqpozmalar, mülki və inzibati işlərlə bağlı hüquqi yardıma ehtiyacı olan və bu xidmətin ödənilməsi üçün kifayət qədər vəsaiti olmayan, habelə belə işlərin hüquqi və prosessual cəhətdən mürəkkəbliyi ilə bağlı müraciət edilməsi zamanı;
Bundan başqa, gəlir səviyyəsindən asılı olmayaraq da ödənişsiz hüquqi yardımın göstərilməli olduğu hallar qanun layihəsində qeyd olunmuşdur. Belə ki, inzibati xəta törədilməsində şübhəli bilinən və həmin əmələ görə inzibati həbs cəzası nəzərdə tutulan şəxslərə, inzibati xəta törədilməsinə görə ölkə hüqdudlarından kənara inzibati qaydada çıxartma cəzasının tətbiqi riski olan şəxslərə, barəsində cərimə və ya ictimai işlər növündən seçilmiş cəzanın azadlıqdan məhrumetmə və ya inzibati xətaya görə həbs cəzası ilə dəyişdirilən şəxslərə, qanuna müvafiq olaraq hüquqi yardım almaq üçün ərizə verənədək 6 təqvim ayı müddətində sosial yardım alan şəxslərə gəlir səviyyəsindən asılı olmayaraq ödənişsiz hüquqi yardım göstərilir.
- Layihədə dövlət tərəfindən təmin olunan hüquqi yardım işinin təşkilinin hansı quruma tapşırılması nəzərdə tutulub? Həmin qurumun maliyyələşdirilməsi necə olacaq?
- Ödənişsiz hüquqi yardım yalnız ilkin hüquqi yardım formasında ictimai birliklər tərəfindən göstərilə bilər. Bu təcrübə bir sıra qərb ölkələrində "hüquq klinikası" formasında tətbiq olunur. Bunun üçün ixtisaslaşmış ictimai birliklərin olması vacibdir. Qanuna uyğun olaraq hüquqi yardım göstərilməsi işini təşkil edən qurumla ilkin hüquqi yardımın göstərilməsi ilə bağlı ictimai briliklərlə əməkdaşlıq haqqında sazişlər bağlanılır.
Dövlət tərəfindən təmin olunan hüquqi yardım işinin təşkilini kollegial orqan olan Milli Şura həyata keçirəcəkdir. Şuranın tərkibinə Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Maliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, habelə ictimai birliklər tərəfindən təyin olunan üzvlər daxil olacaqdır. Şuranın əsas funksiyasına dövlət tərəfindən təmin edilən hüquq yardım işi sahəsində siyasətin həyata keçirilməsi daxildir. Bundan başqa regionlarda Milli Şuranın ərazi büroları təşkil olunacaqdır ki, məhz ödənişsiz hüquqi yardım birbaşa həmin bürolar tərəfindən həyata keçiriləcəkdir.
Qanun layihəsinə əsasən, ödənişsiz hüquqi yardımın göstərilməsi dövlət büdcəsi hesabına həyata keçirilməlidir, çünki vətəndaşların keyfiyyətli hüquqi yardım təmin etmək öhdəliyi dövlətin üzərindədir. Düşünürük ki, bununla bağlı dövlət büdcəsinə müvafiq xərc maddəsi əlavə olunmalıdır. Buraya həm ödənişsiz hüquqi yardım göstərəcək vəkil və hüquqşünasların məvacibləri, habelə Milli Şuranın və onun bürolarının saxlanma xərcləri daxil edilməlidir.
- Bu qanunun qəbulu vətəndaşlara nə verəcək?
- Düşünürəm ki, gəlcəkdə Qanun layihəsinin qəbulu bir sıra sosial-hüquqi xarakterli məsələlərin həllində əvəzsiz rol oynayacaqdır.
Qeyd olunan qanun vasitəsi ilə aztəminatlı və əhalinin sosial cəhətdən həssas qruplarının ödənişsiz hüquqi yardıma çıxış imkanları təmin olunacaqdır. Burada söhbət fəaliyyət göstərən qanunvericiliklə müqayisədə ödənişsiz hüquqi yardımın göstəriləcəyi məsələlərin və şəxslərin dairəsinin genişləndirilməsindən gedir.
Bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın adı region ölkələri arasında adambaşına düşən vəkilin sayına görə ən aşağı göstəricilərlə xarakterizə olunmuşdur. Son dövrlər Vəkillər Kollegiyasına qəbulla bağlı seçim imtahanlarının aparılmasına və dolayısilə vəkillərin sayının artırılmasına diqqət yetitirlməsinə baxmayaraq, statistikaya görə Respublikanın 64 rayonundan yalnız 25-də hüquq məsləhətxanaları mövcuddur və 100 000 adama 9 vəkil düşür. Hüquqi xidmətlər məşğul olan vəkillərin əksəriyyəti paytaxtda məskunlaşmışlar. Regionlarda isə vəziyyət qənaətbəxş deyildir. Qeyd olunan problem əhalinin hüquqi xidmətlrədən yararlana bilmə imkanını əlindən almış olur. Lakin ölkə ərazisində hüquqi yardım işinin səmərəli təşkili əhali arasında ədalət mühakimsinə olan inamı güləndirməklə istənilən sosial gərginliyi aradan qaldırmış olar.
Bundan başqa ölkəmizdə gənc hüquqşünasların işlə təmin olunması ilə bağlı problemlərin həllində qanun layihəsində nəzərdə tutulmuş ərazi bürolarının açılması səmərəli ola bilər. Bu həm regiondakı hüquqşünasların paytaxta axının qarşısını almış, həm də onların peşə fəaliyyətlərinin yaşadıqları regionda tətbiqinə imkan yaratmış olar.
Sonda qeyd olunmalıdır ki, hər bir dövlətin məqsədi öz əhalisinin yüksək rifah səviyyəsini təmin etmək, insanların öz dövlətlərinə inam və etimadlarının gücləndirilməsinə nail olmaqdır. Sözün əsl mənasında, səmərəli şəkildə təşkil olunmuş hüquqi yardım xidməti əhalinin ədalət mühakiməsinə inamının gücləndirilməsində ən təsiredici vasitədir ki, bu üsuldan da həm mütərəqqi Avropa və bir sıra dünya ölkələri uğurla istifadə etməkdədirlər. Təbii ki, Azərbaycan kimi həm coğrafi, həm multi-etnik, həm də regional baxımdan siyasi baxımdan həssas olan bölgədə qeyd olunan təcrübənin müsbət nəticələr verəcəyi şəksizdir.