“Azərbaycanlı analar səfərbər olmalıdır”
14 aprel 2014 10:43 (UTC +04:00)

“Azərbaycanlı analar səfərbər olmalıdır”

Aprelin 13-də Bakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Hz. Məhəmməd (s.a.v) mübarək doğum həftəsi münasibətilə “Ailə ənənələrinin qorunmasında qadınların rolu” adlı konfrans keçirib.

 

Konfransın əvvəlində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru-Haqqın və haqqımızın səsi ilə” adlı layihəsinə dəstək olaraq “Qazi Qarabağ” azanı səsləndirilib.

 

Sonra “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli tədbir iştirakçılarını Həzrəti Peyğəmbər (s.a.v)-in doğum həftəsi münasibətilə təbrik edərək, müasir Azərbaycan ailəsində qadınların-anaların təkanverici mövqeyi barədə çıxış edib.

O, ölkəmizdə milli və dini tolerantlığın olduqca yüksək səviyyədə olmasını qürurverici hadisə olduğunu diqqətə çatdırıb: “Lakin dövlətin bu tolerant siyasətindən riyakarcasına sui-istifadə edən, məzhəblərarası münasibətlərin qızışdırılmasına şərait yaradan radikal dini cərəyanların fəaliyyəti buna imkan vermir. Biz Azərbaycan qadını, ana olaraq bu bədnam cərəyanları pisləməliyik”.

 

S.Əzimbəyli onu da qeyd edib ki, bu gün Suriyada 100-dən artıq radikal təkfirçi azərbaycanlı gəncin öldürülməsi millətimizin milli faciəsidir: “Azərbaycan gəncinin cihad yeri Qarabağdır, şəhidliyinin istinad nöqtəsi isə Seyid Mübarizdir. Bu həssas məsələdə Azərbaycan anaları səfərbər olmalıdır. Bunun üçün də biz gənclərimizi, övladlarımızı vətənpərvərlik ruhunda böyütməliyik”.

 

Daha sonra çıxış edən birliyin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova Azərbaycan milli mədəniyyətinin dirçəlişində inanclı qadınların rolundan danışıb.

 

Tədbirdə şəhid və qazi ailələri, çoxlu sayda tələbə gənclər iştirak edib.

 

Sonda isə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən xanımlara qızıl güllər hədiyyə edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Oxşar yazılar