“Azərbaycanda demokratik təşəbbüslərə dəstək” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin yanvar ayından etibarən Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu tərəfindən dəstəklənərək layihənin birinci ili yekunlaşır. Lent.az-ın məlumatına görə, respublikanın 5 regionunda (Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Quba) icra edilən layihənin məqsədi cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə və demokratik təşəbbüslərin artırılmasına yönəlib. Həmin məqsədə nail olmaq üçün adları qeyd olunan regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsi, yerli idarəetmə orqanları, bələdiyyələr və dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq nəzərdə tutulub.
Növbəti ildə layihə çərçivəsində tərəfdaş QHT-lərin regionlara mübadilə səfərlərinin təşkili, mövzuya aid təbliğat video-çarxlarının hazırlanması, bələdiyyə seçkilərində gənclərin və o cümlədən gənc qadınların aktiv iştirakının artırılmasına yönəlmiş bir sıra fəaliyyətlər, layihənin başa çatması ilə əlaqədar Yekun Konfransının təşkili planlaşdırılır. Layihənin 2014-cü ilin dekabrında başa çatması nəzərdə tutulub.