Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent .az-a Palatadan məlumat verilib.
Kollegiya iclasında Qazax rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan məktəblərin tikintisi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə aparılan tikinti işləri üçün ayrılan vəsaitlərdən istifadənin vəziyyəti, Nəqliyyat Nazirliyinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisində suötürücü qurğuların rekonstruksiyası və lokomotivlərin təmiri, dəmir yolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərində qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadə vəziyyəti barədə hesabat və rəylər müzakirə olunub.
Bundan başqa, Ağcabədi rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondundan rayonun kəndlərində orta məktəblərin tikintisinə və əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadə vəziyyəti, həmçinin Bakı şəhərinin Yasamal rayonu üzrə Dövlət Torpaq Fondunun (o cümlədən, dövlət mülkiyyətində olan) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu üzrə aparılan audit tədbirlərinin nəticələri üzrə tərtib olunmuş hesabat və rəylər də geniş müzakirə edilib.
Bütün hesabat və rəylər qəbul olunaraq nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.