“Biri var, qoca arvaddır, zəng edir, gedirik ki, lampası xarab olub. Lampa əlində deyir, bir bunu bağlayın. Neynəyək? Bağlayıb gəlirik. Belə adamları ünvanına kimi tanıyırıq. Getməkdən başqa çıxış yolumuz da yoxdur”.
...Gecə saat 3-dür. 8 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyasındayıq. Bunu Sübhan həkim danışır. Altı ildir, bu stansiyada işləyir. İxtisası anestezioloq – reanimatoloqdur. Stansiyanın ARB (anestezioloji – reanimatoloji briqada) qrupunun dörd həkimindən biridir. Bu briqada stansiyada ən ağır xəstələrin köməyinə göndərilir. Sübhan həkimin ekipajı feldşer, sürücü və özündən ibarətdir. Həkimlərlə feldşerlər 12 saatlıq rejimlə işləyir. Sürücülər isə 24 saatlıq.
Tıxaca görə danlananlar...
“Bir dəfə ağır xəstəmiz vardı. Axşam da yağış yağmışdı, yolları su basmışdı. Onda maşınımız Təhsil Nazirliyinin yanındakı yolda olan gölməçədə batdı. Sonra başqa maşın çağırdıq, bütün yükümüzü gələn maşına yığıb xəstənin üstünə getdik”... Bu əhvalatı da Esmira xanım xatırlayır. O, Sübhan həkimin ekipajında feldşerdir. İyirmi ildən çoxdur bu sahədə çalışır.
Stansiyadakı bütün həkimlər bir dərdi var: “Yollardakı tıxaca görə xəstə yanına gecikirik. Xəstəyə çatanda qohumları bizi yamanlayır, acılarını bizə tökür. Çalışırıq, yola verək. İnsanlar gərək bizi başa düşə. Əlimizdən gələn odur ki, zəng olan kimi özümüzü xəstəyə çatdıraq. Onlardan çox bizi narahat edən yollardır. Bir maşın önə keçəcəklər deyə təcili yardıma yol verməyən insanlar var”.
Stansiya və 90 faizlik diaqnoz
Stansiyada geniş zal, kişi və qadınların ayrıca istirahət otaqları, mətbəx, tibbi ləvazimat və başqa otaqlar var. Əvvəllər girişdəki dispetçer otağında belə növbətçi həkim əyləşir. Qəribə qaydası var bu növbətçiliyin. Kim çağırışdan tez qayıdır, o dayanır burda. Beləcə növbə sonuncu gələnə çatır. Səhəri növbəni bu cür dəyişməklə qarşılayırlar gecəni yatmayanlar.
Təcili yardım həkimləri kliniki mənzərəyə, xəstənin şikayətinə əsasən diaqnoz qoyurlar və bu diaqnoz 90 faiz doğru çıxır. Bu faizi elə təcili yardım həkimləri deyir. “Burda işləmək üçün insan xüsusi ilə bacarıqlı olmalıdır”.
Əgər xəstənin vəziyyəti ağırdırsa, onun həkim müayinəsinə ehtiyacı varsa, təcili yardım həkimi Hospitalizasiya şöbəsinə zəng vurur, xəstənin ümumi vəziyyətini, diaqnozunu şöbəyə bildirir. Şöbənin işçiləri isə xəstəni münasib xəstəxanaya təyin edirlər.
Töhmət və vicdan əzabı
“Bir dəfə mənə töhmət verdilər ki, niyə xəstəyə qəzalı avtomobilin daxilində yardım etmişəm. Partlayış ola bilərdi. Hadisə “28 May” tərəfdə olmuşdu. Maşın aşmışdı, oğlanın ayağı isə maşında dəmirə keçmişdi. Düz 55 dəqiqə fövqəladə halların əməkdaşları onun ayağını çıxartmaq üçün işlədilər. Mən həmin vaxt xəstəyə morfi vurdum və maşından çıxardılana kimi onun yanında qaldım. Biz söhbət edirdik. Sonra “Semaşko”ya (1 saylı xəstəxanaya) apardılar. Bir neçə gündən sonra zəng vurub soruşdum onu. Dedilər, ayağı sağalıb çıxıb artıq. Məni töhmət narahat etmir. Əsas vicdanım təmiz olsun.
Bəzən olur, xəstənin son anına çatırsan. Əlində keçinir. Bir ay gecə gözünə yuxu getmir. Özünü günahlandırırsan. Özünün günahın olmasa belə... Bunu etsəm, necə olardı?! Başqası necə edərdi? Suallar adam öldürür”.
Narkomanı ölümdən qurtarmaq, baş ağrısı dərmanı
“Hər cür ailəyə gedirik. İnsanları, onların yaşayışını bizdən yaxşı bilməzlər. Bəzən elə ailəyə rast gəlirik ki... Elə insanlar var ki, xəstəxanaya getmirlər. Bəziləri hətta başağrısı dərmanını belə ala bilmir. Belələri daha çox bizə müraciət edir, ümid yeri kimi baxır.
Bomjlar olur. Gedirəm ki, xəstəliyi yoxdur. Acdır. Pul verirəm ki, yemək alsın, ya da nəsə alıb verirəm yesin. Başqa əlimdən heç nə gəlmir. Belə adamları yerləşdirməyə yer yoxdur. Polisə deyirsən, deyir, nəyimə lazımdı? Xəstə də deyil ki, xəstəxanaya yerləşdirək.
Bir dəfə narkomanın üstünə çağırmışdılar bizi. Komadaydı, ölmüşdü, demək olar. Təcili tədbirlər gördük. Ayıldı, qalxdı, sonra həyətdə xeyli gəzindi, axırda da bizi söydü, qovaladı. Belə də olur...” Bunları Sübhan həkim danışır. Gecə ərzində onunla dörd xəstənin yanında olduq. Sonra mən stansiyada qaldım, o isə çağırışlara getdi səhərəcən. Hə, burda həkimin xəstənin köməyinə yetişməsinə “çağırış” deyilir.
Ünvanlar və mobil telefonlar
Bir xəstəyə yardım bu cür baş verir: 103-ə zəng olunur. Burada xəstənin yaşadığı əraziyə ən yaxın stansiya müəyyənləşdirilir. Xəstənin məlumatları həmin stansiyaya ötürülür. Tapşırığı alan həkim dərhal əraziyə yola düşür. Xəstəni müayinə edib, dərhal mərkəzə xəbər edirlər. Yeni çağırış yoxdursa, stansiyaya qayıda bilərlər.
“Evin ünvanını götürüb gedirik, amma blokları tapa bilmirik. Üstündə nömrəsi yazılmır, ev yiyəsi də hərdən çölə çıxmır. Yaxşı ki mobil telefonlar var, zəng edib tapırıq. Gündə nə qədər adama zəng etsək də, hesab öz cibimizdən çıxır”. Çağırışdan gələndən sonra iş nə qədər ağır olsa da, deyib-gülür, çay içirlər bu stansiyanın işçiləri. Boş vaxtları olanda nərd, domino oynayırlar. Bu gün çağırışlar çox olduğundan həkimləri stansiyada tapmaq olmurdu. Axşamdan mənə deyirdilər ki, sən səhərə kimi qala bilməyəcəksən, sənə çətin olacaq.
Saat 04:01. Həkimlərin istirahət otağındayam. Yorulmuşam, istirahət edirəm. Sübhan həkim isə müayinə etdiyi xəstələrin qeydiyyatını aparır. Bir azdan zəng gələcək və o, növbəti çağırışa gedəcək.
Quduzluq çağırışı
“Bəzən xəstələr xəstəxanaya getmək istəmir. Bu zaman xəstənin dilindən “xəstəxanaya getməkdən imtina” kağızı alırıq. Ancaq iki saatdan sonra həmin xəstəyə təkrar baş çəkirik, xəstəni müayinə edirik və xəstəxanaya getməsi üçün dilə tuturuq...
İstənilən halda – istər narkoman olsun, istər dəli, istərsə də lap bizi söysün – yenə xəstə haqlıdır.
Adi hallarda xəstələr həkimin yanına gedirsə, təcili yardımda biz xəstənin ayağına gedirik. Bu da biz həkimlərə münasibətdə özünü hiss etdirir. Başqa həkimlərə daha çox hörmət edirlər, nəinki bizə.
Gənc ailədir, ər arvadını döyüb, hirsi soyumayıb, arvadının ayağını dişləyib. Çatanda deyir ki, arvadımın ayağını dişləmişəm, bundan quduzluq keçməz ki?”...
Növbəti reportajdan əvvəl
Səhər saat 8.00. Artıq yeni növbənin həkimləri, feldşerləri və sürücüləri gəlmişdi. Yorğun idim. Ancaq Sübhan doktor qədər yox. Bu gecə o, 10-dan çox xəstəyə baxmışdı. On xəstə, ən azı on xəstəlik və on fərqli ailə... Və bir də hər çağırışın hesabatı. Növbəsi bitsə də, hesabatları yazmaqda idi...