“Aradan çıxan göl”dən REPORTAJ
29 noyabr 2013 13:33 (UTC +04:00)

“Aradan çıxan göl”dən REPORTAJ

 

İslahat kişiyə sonralar nə qədər adını dəyişməyi təklif etsələr də, razılaşmayıb. "Nənəmdən yadigardır, beləcə qalsın". Adını sevir, nə qədər qeyri-adi ad olsa da. Soruşanda "İslahat"ın yanına "reforma" da artırdığını da deyir. Adında dəyişiklik etmək istəməsə də, balıq tutduğu göldə dəyişikliyə, islahata ehtiyac olduğunun vacibliyində ürək ağrısıyla qeyd edir.

 
Bu ərazidə, Lökbatan qəsəbəsi ilə “Binə”, “Sədərək” ticarət mərkəzlərinin arasında (Qaradağ rayonu) yağış-qrunt sularından yaranan Lökbatan gölü və Qırmızı göl yerləşir. Qırmızı göl duzlu göldür və demək olar, canlılar yaşamır. O, Puta körfəzinin yanında, Yasamal dərəsinin cənub, Xocasən gölünün isə cənub-qərb hissəsində yerləşir. Qırmızı gölün ərazisi təxminən 7,2 km2, suyunun həcmi isə 8,3 mln. m3-dir. Lökbatan qəsəbəsindən Puta burnuna qədər olan məsafəni əhatə edən göl avtomobil yolu ilə ayrılıb, onun şərq hissəsi Qu gölü adlandırılır.

 

 

İslahat kişi balıq tutmağa tək gəlmir. Nəvəsini də gətirir, daha çox nəvəsinin israrıyla. Bu dəfə tək gəlmişdi. “Uşaq hazırlığa (məktəbdən kənar) gedir. Anası dedisə qalsın, biz nə kimik?!”, deyib gülür. Hər altıncı günü həyat yoldaşını götürüb “Gənclik” metrosu tərəfdən gəlir Lökbatan qəsəbəsinə. Gecəni burda, qızıgildə qalıb, səhər hava işıqlaşanda olur Lökbatan “göl”ünün sahilində. İki tilovu, balıq saxlamaq üçün torbası, digər lazımlı əşyaları da çantasında...

 

Deyir uşaqlıqdan bax beləcə, hər bazarın səhərini burda açıram. Deyir sevirəm buraları. Gölü də, göldəki keçən hər bazar gününü də, balıq tutmağı da. “Bircə havalar çox pis keçəndə gəlmirəm. Qarlı olanda, həddən ziyadə külək əsəndə...” 
 

Mən köhnə balıqçıya yaxınlaşmışdım ki, tilovla iki balıq çıxardı. Bunu da “mənim bəxtimə” yazdı. Tutduqları karpdır. Ən gözəl balıqlardandır. Qızardanda qoxusu gəlmir. Balığın qoxusuna görə narahat olanlar, rahatca karp yeyə bilər. “Külmə də tapılıb. Ancaq balacadırlar hələ. Hələ böyüməyiblər”.

 

İslahat kişi təbiətdən razıdır. Qanını qaraldan isə göldə balıq tutmaq üçün heç bir şəraitin yaradılmamasıdır. Ayağındakı ayaqqabı palçığa batmışdı. Yaxınına gəlmək istəyəndə dedi ki, “buralar sənlik deyil. Gəlsən, gərək ayaqqabını atasan”. Aramızdakı bütün söhbətlər elə bu 7-8 metrlik məsafədən baş tutdu.

“Bizim üçün şərait yaradılması bir yana, hələ bir gölü də qurudurlar. Mən Şıxovda da balıq tutmuşam, buranın yerini vermir. Belə yeri qurutmaq olar? Hələ bir hissəsində ticarət mərkəzi də saldılar. Düzdü, ora duzlu idi, amma, nə olsun ki?! Olmaz belə. Bir bazar günümüz var da”.

 

Qırmızı gölün ətrafında çəkiliş aparanda “Azərsu ASC”yə məxsus plakata rast gəldik. Plakatda Məhsuldarlığı sutkada 200 000 metr kub olan su təmizləmə qurğusunun tikilməsi qeyd edilmişdi. Bu ilin 30 dekabrınacan qurğu tikilib qurtarılmalıdır. Fikirləşdik ki, bu qurğu ilə göldəki su təmizlənəcək. Adı çəkilən müəssisədən verilən məlumatda da qeyd edilir ki, “məhsuldarlığı sutkada 200 000 metr kub olan müasir tipli bioloji qurğu  Lökbatan  qəsəbəsi, Səbayel, Yasamal rayonlarının bir hissəsinin, Xırdalan şəhərin, Xoca-Həsən, Masazır və digər ərazilərin çirkab sularını təmizləmək üçün nəzərdə tutulub”. “Bu qurğunun gölün təmizlənməsinə nə dərəcədə xeyri olacağı” sualına, “əlbəttə ki xeyri dəyəcək” cavabı gəldi. Buna hələlik ümid etmək qalır, amma.

 

Qırmızı gölün sahili, daha çox Lökbatana gedən yola yaxın hissəsi neftlə örtülüdür. O qədər neft yığılıb ki, artıq sahildə qalın qat yaranıb. Hətta bəzi hissələrdə neftli layın qalınlığı 4 – 5 santimetrə qədərdi. Göldə demək olar ki, canlı yoxdur. Arada bir qağayılara, vağlara rast gəlmək olar.

 

“Sədərək” və “Binə” ticarət mərkəzləri tikiləndə gölün bir hissəsi qurudulub. İndinin özündə də gölə zir-zibil, tikinti qalıqları tökülür. Tökülən zibillər həm göldə yaşayan canlılar üçün, həm də gölün su sahəsinin kiçilməsi səbəbindən ziyanlıdır. Digər tərəfdən Lökbatan yolunun (“Binə” Ticarət Mərkəzindən gedən) altından keçən su kanalı ilə göldəki su Qırmızı gölə axıdılır. Qırmızı göldən isə Xəzərə. Suyu azaldıqca qurudulma işi çox asanlıqla baş tutur. Tökülən zibillər isə suyu azalmış hissədə asanlıqla “quru sahə” yaradır. Hazırda Lökbatan gölünün bir hissəsində su çəkilən ərazidə tikinti işləri gedir. Vaxtı ilə gölün ortasında olan, hazırda qurudakı bir neçə təpə texnikayla dağıdılaraq çökək ərazilərə tökülür. Beləcə Lökbatan gölü “aradan çıxır”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) hər iki gölün vəziyyəti barədə soruşduq. Əvvəlcə “Qırmızı” adında gölün qeydiyyatda (balansda) olmadığı, adı kanalizasiya sularından yığılmış gölməçə olduğu bildirildi. Amma daha sonra göndərilən məktubda qeyd olundu ki, Qırmızı göl balansdadır, hətta gölün ekoloji vəziyyətinin yoxlanılmasıyla bağlı komissiya da var. Gölün suyundan nümunələr götürülüb, analiz aparılacaq. Bu sevindirici xəbər idi. Amma burda bir məsələ var. Bizim gölün vəziyyəti ilə bağlı narahatlığımızdan yaranan suallara cavab vermək üçün analizlərə ehtiyac yox idi. Gölə axıdılan çirkab suları, neft tullantılarını görmək üçün sadəcə gölün sahilinə yaxınlaşıb baxmaq lazımdır.

 

Qeyd etdiyimiz kimi, Lökbatan gölünün qurudulmaq təhlükəsi var. Bir müddət öncə Bakı ətrafındakı şoran göllərin qurudulması, yerində qəsəbələrin salınması işi həyata keçirilirdi. Bu iş rəsmi səviyyədə görülürdü və qeyri-qanuni deyildi. Sonra bu məsələ dayandırıldı. Həmin vaxt göllərin qurudulması və qəsəbələrin salınması işinə İqtisadi İnkişaf Nazirliyi (İİN) cavabdeh idi. Elə bu səbəbdən Lökbatan gölünün qurudulması məsələsini soruşduqda, bu məsələnin İİN-in səlahiyyətində olduğu bildirildi. Nazirlikdən məsələyə aydınlıq gətiriləcəyini qeyd desələr də, hələ cavab gəlməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1841
avatar

Elvin Bayramlı

Oxşar yazılar