Dmanisidəki “Tetnuldi” otelində “Borçalı” İctimai Birliyinin rəhbərliyinin təşkilatçılığı ilə avqustun 2-də “Svan” icması ilə “Borçalı” İctimai Birliyinin üzvləri arasında görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə birliyin mətbuat xidməti məlumat verib. Tədbirdə Dmanisidəki “Svan” icmasının rəhbəri, Gürcüstan parlamentinin keçmiş deputatı Kaxa Kvitsiani çıxış edib və “Borçalı” İB-ni salamlayıb. Kaxa Kvitsiani Azərbaycan xalqına böyük hörmət və ehtiramını bildirərək, görüşdən məmnun olduğunu söyləyib və iki cəmiyyət arasında dostluq və əməkdaşlığın vacibliyini və əhəmiyyətini vurğulayıb.
Sonra söz “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədliyə verilib. Zəlimxan Məmmədli svanlarla Borçalı türkləri arasında olan dostluğun daha da möhkəmləndirilməsi üçün əlindən gələni edəcəyini söyləyib və ilkin olaraq “Svan” icmasının 2012-ci ildə nəşr etdirdiyi “Dmanisi” kitabını Azərbaycan türkcəsində nəşr etdirməyi öhdəsinə götürüb. Bundan başqa o, svanlarla Borçalı türklərinin dostluq və mehriban qonşuluq şəraitində birgə yaşamının daha da yaxşılaşdırılmasında və hətta gələcəkdə “Elat” bayramının təntənəli keçirilməsində svan xalqının da fəallıq göstərməsini arzuladığını bildirib. “Borçalı” İB-nin sədri yaxın gələcəkdə svan ziyalılarının iştirakı ilə “Svan xalqının dünəni, bu günü və sabahı” mövzusunda “Dədə Camal” məclisinin təşkil edilməsi haqqında düşündüyünü toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə “Svan” icmasının üzvu, Gürcüstan parlamentinin keçmiş deputatı İveri Çelidze çıxış edərək iki xalq arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsini alqışladığını söyləyib. İcmanin Dmanisi üzrə səlahiyyətli nümayəndəsi Qeno Pilpani iki təşkilat arasında əməkdaşlığın vacibliyini vurğulamaqla, soydaşlarımızın hüquqlarının təmin olunması və mədəniyyətlərimizin qarşılıqlı şəkildə tanınmasında ikitərəfli əməkdaşlığın faydalı olacağını bildirib. Görüşdə “Borçalı” cəmiyyətinin sədr müavini Elbəyi Cəlaloğlu, “Svan” cəmiyyətinin üzvlərindən Leonardo Tevdariani, Daniel Arquliani, Rusvalt Qerquliani, Marati Qadrani və başqaları svan və azərbaycanlılar arsında baş tutan görüşü yüksək qiymətləndirərək, gürcü və Azərbaycan xalqının tarixi dostluğunun maksimim səviyyəyə çatdırılmasının hər iki xalqın gələcəyi üçün xüsusi önəm daşıdığını vurğulayıblar. Görüş mehriban dostluq şəraitində keçib. Sonda “Borçalı” İB-nin sədri “Svan” cəmiyyətinin üzvlərinə “Elat” bayramı atributları hədiyyə edib.