Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.
Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. O, II dərəcəli dövlət müşaviri , Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor, "Yusif Məmmədəliyev", "Həsən bəy Zərdabi", "Humay", "Qızıl Qələm" mükafatları laureatı, Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq” kafedrasının müdiri Aqşin Babayevdir. A. Babayev 1936-cı ildə Bakı şəhərində anadan olub, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini, Milli Məclisin mətbuat xidmətinin rəhbəri kimi mühüm vəzifələrdə çalışıb. O, Türkiyəyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların Baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il ingilis, fransız, ərəb və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Ölkəmizin ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Ü. Hacıbəyov, F. Əmirov, Q. Qarayev, Niyazi, T. Salahov kimi sənətkarlarımızı xarici ölkə oxucularına tanıtdırıb.
- Filologiya ixtisasına, ədəbiyyat sahəsinə maraq sizdə haradan yarandı?
- Orta məktəbdə oxuyanda riyaziyyatı çox gözəl bilirdim. Riyaziyyat müəllimim elə bilirdi ki, sənədlərimi universitetin fizika-riyaziyyat fakültəsinə verəcəm. Riyaziyyat müəllimimiz eşidəndə ki, sənədlərimi filologiya fakültəsinə verəcəm, bizə gəldi. Atama dedi ki, Aqşin şeir, hekayə yazsa da, sənədlərini fizika-riyaziyyat fakültəsinə versin, atam da həmin müəllimə cavabında bildirmişdi ki, mən Aqşini məcbur edə bilmərəm, həvəsi ədəbiyyata olduğu üçün o sahəyə də gedir. 6-7-ci sinifdən məndə ədəbiyyata meyl oldu, şeirlər yazmağa başladım. “Azadlıq uğrunda” adlı ilk hekayəm 1958-ci ildə "Oktyabr işıqları" almanaxında dərc olundu.
Ədəbiyyat müəllimim bir gün xəstələndiyi üçün dərsə gəlməmişdi və onu başqa bir ədəbiyyat müəllimi əvəz etməli oldu. Həmin müəllim əlində kitabla sinfə girdi və dedi ki, sizə bir hekayə oxuyacağam. Müəllim Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsini oxuyandan sonra daha da ədəbiyyata bağlandım. Elə bil həmin hekayə məni ovsunladı.
1948-ci il idi, 12 yaşındaydım. Bir gün məktəbdən qayıdanda yolda qəzet bükülüsü tapdım. Bükülüdə xeyli pul, hərbi bilet, pasport var idi. Qarşıda gedən kişini çağırdım və dedim ki, əmi, yolda qəzet bükülüsü tapmışam içində də pul, hərbi bilet və pasport var. Həmin kişi də məni götürüb poçt şöbəsinə getdi. Görünür, həmin kişi çox saf insan imiş. Poçt şöbəsindən əvvəl “Azərbaycan pioneri” qəzetinə, sonra isə hərbi komissarlığa zəng vurdular. Bu barədə “Azərbaycan pioneri” qəzetində məqalə də dərc olundu. Qeyd edim ki, adıçəkilən qəzetdə mənim haqda məqalə yazan gənc jurnalist Hadı Rəhimovla sonradan birlikdə televiziyada çalışmalı olduq. Təhsil aldığım orta məktəbdə bu münasibətlə böyük təntənə keçirildi, atam qonaqlıq verdi. Amma nənəm dedi ki, bundan sonra pul tapanda evə gətirərsən, Allah sənə yetirib, nahaq aparıb vermisən.
Bu “Azərbaycan pioneri” qəzeti ilə tanışlığıma səbəb oldu. Bundan sonra həmin qəzetdə şeirlərim çap olunmağa başladı.
- Tələbəlik illərinizdən danışardınız...
- Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. Ali məktəbdə Həmid Araslı, Əkrəm Cəfər, Feyzulla Qasımzadə, Bəxtiyar Vahabzadə, Cəfər Cəfərov, Rza Təhmasib kim böyük alimlər mənə dərs deyib. Yadımdadır, bizim müəllimimiz professor Əli Sultanlı “Roma ədəbiyyatı müntəxəbatı” hazırlamışdı və onu (rus dilində olan əsərləri) tərcümə etmək üçün tələbələrə paylamışdı. Biz onu tərcümə etmişdik. Həmin tələbələr - Yaşar Qarayev, Arif Şəfiyev, Şamil Salmanov və digərləri sonradan elm sahəsində özlərinə yer tutdular. Beləliklə, 1959-cu ildə qeyd olunan kitab çap olundu. Artıq tələbə ikən kitab əlimizdə idi. Mənim tərcümə etdiyim əsər də həmin kitabda yer almışdı.
- Necə oldu ki, jurnalist kimi çalışmağa başladınız?
- Tələbə ikən “Avtomobil nəqliyyatı” adlı sahə qəzetində işləyirdim. Universiteti bitirən kimi isə (1959-cu ilin sentyabrından 1991-ci ilin mart ayının 1-ə qədər) 32 il radioda çalışdım. Azərbaycan radiosunda elə bir pillə yoxdur ki, o pilləyə ayağım dəyməsin. 1976-cı ilə qədər ştatdankənar müxbir, müxbir, kiçik redaktor, böyük redaktor, baş redaktorun müavini və baş redaktor vəzifələrində işləmişəm. 1976-cı ildə isə ulu öndər Heydər Əliyevin qəbulunda olduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (AzTV) radio və xarici verilişlər üzrə sədr müavini təyin edildim. 15 il ərzində bu vəzifədə çalışmışam. 1976-cı ildə AzTV-yə sədr müavini təyin olunanda mən 3 illik Türkiyə səfərindən qayıtmışdım. 1972-75 illərdə Türkiyənin İsgəndərun şəhərində türk-rus dili tərcüməçisi işləmişəm. 1991-ci ildə köçürülmə yolu ilə Ali Sovetə (indiki Milli Məclis) mətbuat mərkəzinin rəhbəri təyin olundum. 2006-cı ildə isə təqaüdə çıxdım. Bundan sonra Mədəniyyət və İncəsənət Universitetin rektoru, çox hörmətli professor Timuçin Əfəndiyev tərəfindən adıçəkilən ali məktəbə kafedra müdiri vəzifəsinə dəvət olundum. Mən müxtəlif vəzifələrdə çalışarkən elmi işlə də məşğul olurdum. 1967-ci namizədlik, 1996-cı ildə doktorluq müdafiə etmişəm, 1998-ci ildə professor elmi adı almışam. Hazırda Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi yaradıcılıq ” kafedrasının müdiri vəzifəsində çalışıram.
- Bundan öncə müəllimlik fəaliyyəti ilə məşğul olmusunuzmu?
- 1967-ci ildən namizədlik dissertasiyasını müdafiə edən gündən pedaqoji fəaliyyətlə məşğulam. 1972-ci ilə qədər Bakı Dövlət Universitetində, 1991-ci ildən sonra ADMİU-də çalışıram. Onu da qeyd edim ki, ali məktəbi bitirdikdən sonra məni türk filologiyası üzrə aspiranturaya çağırdılar və türk filologiyası üzrə aspiranturanı bitirdim. “Nazim Hikmətin dramaturgiyası” mövzusunda dissertasiyamı hazırlamaq üçün Moskvaya gedib şairlə görüşdüm. Bu gün də ADMİU-nun Sənətşunaslıq fakültəsində çalışıram.
- Aqşin müəllim, siz pedaqoq, alim və eyni zamanda jurnalistsiniz. Bu peşələrdən hansı sizin üçün daha doğmadır?
- Müəllimlik peşəsini həmişə yüksək tutmuşam. İstər orta, istərsə də ali məktəbdə mənə dərs deyən müəllimlər o qədər qayğıkeş , bilikli olublar ki, müəllim peşəsi mənim ideyalım olub. Orta məktəb müəllimlərimin hər birini akademik hesab edirəm. O müəllimlərdən biz tək təhsil almırdıq, eyni zamanda həyat dərsi almışıq. Sizə bir hadisəni xatırladım. Bir gün rus dili müəllimimiz xəstələndiyi üçün dərsə gəlməmişdi. Biz də evdən peraşki almaq üçün verilən pulu toplayaraq, bir tort aldıq və müəllimimizin evinə getdik. Müəllim bizi danladı ki, niyə peraşki almaq üçün sizə verilən qəpikləri toplayaraq mənə tort almısınız. Nə isə müəllim tortu doğrayıb, bizə yedirtdi. Özü də bir qıça yedi.
1941-45-ci illər müharibəsi idi. Atam müharibədə, anam isə xəstə yatırdı. O zaman bizə orta məktəbdə balaca bulka paylayırdılar. Bundan başqa suda bişmiş makaron və yaxud vermişel verirdilər. Müəllimlərə də nəzarət etməyi tapşırmışdılar ki, şagirdlər onlara verilən bulkanı və yeməyi evlərinə aparmasınlar. Bir gün bizə vermişel vermədilər, verilən bulkanı isə anama aparmaq üçün çantamda gizlətdim. Heç demə, bunu Güllü müəlliməmiz görübmüş. Gəldi dedi ki, Aqşin, bulkan hanı? Dedim yemişəm. Dedi çantanı boşalt. Çantamı boşaltdıqda isə bulka yerə düşdü. Ağlaya-ağlaya dedim ki, anam xəstədir, bu bulkanı onun üçün aparıram. Gördüm müəllimənin səsi çıxmır. Başımı qaldırdım gördüm ki, müəllimə ağlayır. Mənə dedi ki, sən bulkanı ye, ondan sonra səni evə buraxacağam. Sonra çantasından bir bulka çıxardı dedi ki, bunu da anana apararsan. Bax, bu cür müəllimlərimiz var idi.
Təhsil aldığım 1 saylı məktəblə üzbəüz hündür bina tikirdilər. Alman əsirlərini də Bakıya gətirib, orada işlədirdilər. Bizə evdə verilən çörəkləri taxtaların arasından alman əsirlərinə verirdik. Onlar da dəmirdən üzük düzəldib bizə verirdilər. Bax həmin hadisələri “Sünbül ətri” hekayəmdə yazmışam.
Mən özümü hər zaman jurnalist hesab etmişəm. Təbii ki bütün peşələr şərəflidir. O cümlədən də jurnalistlik şərəfli peşələrdəndir. 2006-cı ilin fevralından 2011-ci ilə qədər ANS CM radiosunda bazar günləri efirə gedən “Biri var, biri yox” verilişinin aparıcısı olmuşam. Jurnalistika peşəsinin sayəsində böyük xadimlərlə - Niyazi, Bülbül, Fikrət Əmirov, Qara Qarayev, Nazim Hikmət kimi şəxsiyyətlərlə görüşmüşəm. Təsəvvür edin ki, Heydər Əliyev kimi bir şəxsiyyətin tabeliyində çalışmışam. 1993-cü ildə Heydər Əliyev Ali Sovetin sədri olduqdan sonra onun mətbuat katibi işləmişəm. Hazırda Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə kitab hazırlayıram. Ali Sovetdə işlədiyim vaxtdakı xatirələrimdir, bundan əlavə müxtəlif məqalələrim, ulu öndərlə bağlı foto-şəkillərim həmin kitabda öz əksini tapacaq.
- İndiki jurnalistikanın səviyyəsi sizi qane edirmi?
- İndiki jurnalistikanın səviyyəsini qənaətbəxş hesab edirəm. Çünki bizim gözəl jurnalistlərimiz var. Xüsusən də gənclər arasında istedadlı jurnalistlərimiz çoxdur. Müxtəlif qəzetlərdə, o cümlədən “Azərbaycan”, “Mədəniyyət ” “Ədəbiyyat qəzeti”ndə çox gözəl məqalələrə rast gəlirəm. Məsələn AzTV-də elə proqramlar var ki, çox xoşuma gəlir. Hətta onlara zəng vuraraq təşəkkür edirəm.
Mən televiziyada çalışdığım zaman AzTV-yə Teymur Əliyev, Ənvər Əlibəyli kimi çox böyük qələm sahibləri başçılıq ediblər. Xaricdə yaşanan azərbaycanlılar üçün bizim bir radio proqramımız var idi. Bu verilişlərə də o zaman ki sədrimiz Ənvər Əlibəyli şəxsən özü nəzarət edirdi. Kiçik redaktor işləyirdim və mənə bir süjet tapşırmışdılar. Orada bir hekayə kimi “zarisovka” yazmışdım və o yazım Ənvər müəllimin xoşuna gəlmişdi. Bizim otağa gələrək qeyd olunan yazıma görə məni təbrik etmişdi. Bu, mənə böyük bir ruh yüksəkliyi bəxş etdi.
- Siz bir zaman Bədii Şuraya rəhbərlik etmisiniz. Sizcə, həmin Şura yenidən yaradılmalıdırmı?
- Mütləq yaradılmalıdır. O zaman Bədii Şuradan başqa Redaksiya Şurası da var idi. Bədii Şurada Tofiq Quliyev, Cahangir Cahangirov, Bəhram Mansurov Cabir Novruz, İbrahim Göyçaylı kimi insanlar təmsil olunurdular. Məsələn, deyək ki, hər hansı bir müğənni mahnısını təqdim edirdi. Onunla birgə ifa ediləcək mahnının bəstəkarı, sözlərinin müəllifi də gəlirdi. Ümumiyyətlə, hər mahnının, hər müğənninin efirə çıxması çox çətin idi. Bədii Şuranın gözəl cəhətləri ilə yanaşı nöqsanları da mövcud idi. Tapşırmışdılar ki, konservatoriya təhsili olmayan bəstəkarları yaxına buraxmayın. Mən isə Televiziyanın sədrini inandırmağa çalışırdım ki, konservatoriya təhsili olmayan bəstəkarların da mahnıları sənət əsərləridir. Məsələn, Ələkbər Tağıyevin mahnılarını necə qəbul etməyəsən? Ancaq hər zaman bu məsələdə Cahangir Cahangirovla Tofiq Quliyev məni müdafiə edirdilər. Bir məsələni də deyim ki, Ələkbər Tağıyevin mahnılarına qadağa qoyan məmurlar toylarda onun mahnılarına oynayırdılar. Amma bu gün Bədii Şura yaradılsa o zaman ki kimi nöqsanlar olmayacaq. İndi həmin Şuranın yaradılması vacibdir. Bu gün elə mahnılar eşidirəm ki, həmin mahnılarda melodiya yoxdur, sözlər zəifdir. Bizim Arif Məlikov kimi böyük bəstəkarımız var. Tarixində də bizim böyük bəstəkarlarımız olub. Fikrimcə, bütün telekanallarda Bədii Şura yaradılmalıdır. Arif Məlikov, Firəngiz Əlizadə, Eldar Mansurov, Oqtay Rəcəbov kimi bəstəkarlarımız orada təmsil olunmalıdır. Yəni zəif əsərlər, zəif mahnılar efirə verilməməlidir.
- Gənc müğənnilərdən dinlədiyiniz varmı?
- Gənclərin içərisində də ifasını bəyəndiyim müğənnilər var. Məsələn, Aygün Bəylər, Aygün Bayramova kimi gənc müğənnilərimizin, eyni zamanda Aybəniz Haşımovanın ifaları çox xoşuma gəlir. Böyük məmnuniyyətlə onları dinləyirəm.
- Radioda çalışdığınız zaman Cənubi Azərbaycanla bağlı hansı proqramlar efirə gedirdi?
- Radionun Cənubi Azərbaycan redaksiyasında “Körpü” adlı proqramın əsasını qoymuşam. İstərdim bu verişin yaranma tarixi barədə məlumat verim. Biz Cənubi Azərbaycandan məktublar almağa başladıq. Ona görə də bu verilişi yaratmaq qərarına gəldik. Həmin verilişə bəstəkarları, müğənniləri dəvət edirdik. Onu da qeyd edim ki, həmin verilişi Aqşin Ayaz adı ilə (Ayaz nəvəmin adıdı, təxəllüs götürmüşdüm) aparırdım.
- Bir dramaturq kimi fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
- Mənim Ulu Öndər Heydər Əliyevə həsr etdiyim “Xilaskar” pyesim əvvəl Sumqayıt teatrında, daha sonra İrəvan teatrında tamaşa qoyulub. Bundan başqa digər teatrlarda da mənim pyeslərim tamaşaya qoyulur. “Xilaskar” pyesim ötən il Türkiyənin 7 şəhərində İrəvan Azərbaycan Dövlət Dram Teatrı tərəfindən nümayiş etdirilib. Onu da qeyd edim ki, mənim “Nekroloq”, “Dəvətnamə”, “Yol”, “Mükafat” kimi televiziya tamaşalarım da var.