Ölkənin radio efiri zəngin bir dünyadır, inanın mənə... Bu dünyanın elə qəribə aparıcı və dinləyiciləri var ki... Bunlar əsasən maşından istifadə edən insanlar və bekar xanımlardır.
Bu radiolara qulaq asa-asa nələrin şahidi olmursan? Əsasən verilişin özündən çox, ətrafındakı hadisələr maraq və çox vaxt da gülüş doğurur və aparıcıların özü də komik vəziyyətin iştirakçısına çevrilir.
Məsələn, bir dəfə cavan bir oğlan zəng edib efirə... (Xüsusi FM adı çəkməyə ehtiyac görmürəm, çünki aşağı-yuxarı durum hər yerdə eynidir). Efirdən deyirlər, dünən necə oldu, qəflətən zənginiz kəsildi. Oğlan buyurur ki, dünən maşın sürə-sürə zəng vurmuşdum, məni söhbətə tutdunuz, yol polisi saxladı...
Efirdəki intellektual oyunlar isə, lap əntiqədir. Təsəvvür edin, gənc xanım oyuna qoşulub, ona belə bir sual verirlər: “O, hansı yeyinti məhsuludur ki, oktyabrın sonlarında ABŞ-da bütün meyvə-tərəvəzdən daha artıq yeyilir. Variantlar belədir: alma, banan, boranı”
Gənc xanım azca düşünüb cavab verir: “Boranı bizim milli məhsulumuzdur. Ya banan olar, ya da alma.”
Aparıcı savadsızlıq bir yana, məntiqi də yerində olmayan dinləyicilərin əlindən bezmiş kimi görünür: “Sizcə başqa ölkələrdə boranı olmur? Özünüzə gəlin, xanım! Daha dərindən fikirləşin.”
Və bu qədər açıq münasibətdən sonra xanım yenə uzun-uzadı düşünür, daşınır, susur...
Başqa bir dialoq eşq mövzusundadır. Aparıcı qız Azərbaycan dilini çeynə-tüpür edərək efirə qoşulan gənc həmcinsini, demək olar ki, divara dirəyib:
- Necə tanış oldunuz?
- O necə baxdı?..
- Bəs sən?
- İlk dəfə necə görüşdünüz?
- Neçənci görüşdə öpüşdünüz?
- Siz onu öpdünüzmü?
Qəribədir ki, zəng edən xanım qızırqalanmadan bütün suallara cavab verir. Tək bircə yerdə demir ki, bunlar şəxsi məsələlərdir axı...
Amma nə olandan sonra adam yenə dönə-dönə bu verilişlərə, bu bayağı musiqilərə, bu düşük qonaqlara qulaq asmaq istəyir. Görünür günün-güzəranın ağırlığındandır ki, yol gedəndə vaxtını əyləncələrlə dəyərləndirmək istəyirsən. Bu proqramların bircə sirri var: ciddiyə almamaq! Didaktikadan bezib hər kəs... Əslində biz bu yüngülməcaz verilişlərdən çox şey öyrənə bilərik. Dinləyicilər hansı formata maraq göstərir, hansı verilişlərə çox qulaq asır, hansılarına çox zəng edib həmmüəllifə çevrilmək istəyir? Bircə qalır bu formatda dəyərli nələrsə təqdim etmək. Day hansısa gənc bir xanımın harda və necə öpüşməsini deyil...
Daha bir neçə örnək dialoq
- Napoleonun həlak olduğu savaş neçənci savaş idi?
Çox cavablar gəlir. İkinci, üçüncü, dördüncü və s.
Axırda bir xanım tapır: sonuncu! Ölübsə sonuncudur də yəqin... Bu gülməli məntiqə sözüm yox, məsələ budur ki, Napoleon savaşda ölməyib. O, sürgün olunduğu Müqəddəs Yelena adasında xərçəngdən vəfat edib.
Başqa bir sual belədir: iki beyinli adam! Cavab əntiqədir: hamilə qadın...
Amma məncə ən unikal dialoq budur: demək, tamaşaçı aparıcının söhbəti sağa-sola fırlamasına rəğmən “Hə”, “Yox”, “Bəli”, “Xeyir” sözlərini işlətməməlidir. İşlətməsə priz udacaq, işlətsə məğlub olacaq.
- Ailəlisən?
- Ailəliyəm.
- Neçə ildi?
- 5
- Uşaq var?
- Var.
- Neçə yaşı var?
- 6
- Aaa... Bu necə olur?... Hahahaha!
- Olur, olur! Əsas odu, “Bəli”, “Xeyir” deməyim.
- Aaaa... Hahahaha! Dediniz artıq...
- Aaaa... Doğrudan aaaa... Hahahah!
Di gəl, əylənmə!