Geniş miqyaslı, uzunmüddətli tədqiqatlar göstərir ki, siqaret çəkənlərin ürək-damar xəstəliklərindən ölüm faizi tütün istifadə etməyənlərə nisbətən, üç dəfə çoxdur.
“BMC Medicine” jurnalında dərc olunan hesabatda deyilir ki, tütün istifadəçilərində insult olma və ya ürək böhranı riski iki dəfə yüksəkdir.
Avstraliyadakı Kanberra Milli Universitetinin araşdırmaçıları yeddi il ərzində 188 167 siqaret çəkən şəxsi təhlil ediblər. Burada kişilər və qadınlar, 45 yaşdan sonra siqaret çəkməyənlər (siqareti tərgidənlər), siqaretin ürək-damar sisteminə təsiri təhlil olunub. Mütəxəssislər siqaret çəkmənin intensivliyini və davamlılığını qiymətləndirərək yaş, cins, yaşayış yerini, subyektlərin sosial vəziyyətini, gəlirlərini və təhsillərini də nəzərə alıblar.
Qeyd olunub ki, insanların çoxu siqaretin təhlükəsini qiymətləndirə bilmirlər.
Onlar anlamırlar ki, gündə orta hesabla dörd-altı siqaret çəkmək insanın siqaret çəkməyən insandan xeyli əvvəl həyatdan getməsinə şərait yaradır.
Bununla yanaşı, tədqiqat aparan alimlərin yaxşı xəbərləri də var: siqaret çəkməkdən imtina etmək ürək böhranı, infarkt və digər xəstəliklər riskini əhəmiyyətli dərəcədə azaldır. 45 yaşa qədər siqareti tərgitməyi bacaranlar, siqaretin səbəb olduğu ürək-damar xəstəliklərinin riskini təxminən 90 faiz azalda bilərlər.