Bu ilin yanvar-sentyabr aylarında respublika üzrə ümumilikdə 358 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. “Azərsu”dan Lent.az-a verilən məlumata görə, bunun da 148 min nəfəri regionların payına düşür. Su təchizatının yaxşılaşdırılması nəticəsində bəzi istehlakçılar üçün suyun verilmə intervalı artırılıb, abunəçilərin bir hissəsi fasiləsiz rejimdə su almaq imkanı əldə edib, əhalinin bir hissəsi isə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub.
2014-cü ilin 9 ayının yekunlarına görə hazırda ölkə üzrə istehlakçıların 62,5 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Bakı şəhəri üzrə bu göstərici 78,3 faiz təşkil edir. “Azərsu” ASC ölkə üzrə 1 milyon 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir.