Və ya Vaqif Əhmədov niyə unudulub?
1988-ci il, dekabrın 8-i. Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində çalışan Vaqif Əhmədov səhər iş yerinə çatar-çatmaz bir neçə iş yoldaşı ilə birgə Nasoslu qəsəbəsindəki hərbi aerodroma aparılır. Hara və nə üçün təcili səfərbər olunmaları barədə onlara heç nə deyilmir, hətta ailələrinə belə məlumat verilməsinə imkan yaradılmır. Yalnız “İL-76” təyyarəsi ”ayağını” yerdən üzdükdən sonra məlum olur ki, onlar dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələ zonasına uçurlar. Sən demə, bu barədə Əbdürrəhman Vəzirov “qardaşlıq, dostluq nümunəsi” nümayiş etdirərək, xüsusi tapşırıq vermişdi.
Dekabrın 9-da səhər saat 10-da onlar artıq Leninakanda idilər. Amma sən demə, Azərbaycandan gələn xilasediciləri orada nəinki heç kim gözləmirdi, heç görmək də istəmirdi. 80 nəfərə yaxın adamın olduğu dəstəyə komandanlıq edən Vaqif Əhmədovun qarşısında nəinki dəstənin yaşayış-məişət problemlərini yoluna qoymaq, xilasetmə işləri ilə yanaşı hər bir kəsin tam təhlükəsizliyini təmin etmək kimi mühüm bir məsuliyyət də dururdu. İş o yerə çatmışdı ki, axşamlar qaranlıq çökəndən sonra ermənilər Azərbaycandan onlara köməyə gələnlərə xətər yetirməyə, hətta öldürməyə belə cəhd edirdilər. Yalnız Vaqifin və dəstə üzvlərinin sayıqlığı sayəsində daşnaklar bəd əməllərini həyata keçirə bilmirdilər.
Zəruri qeyd
1952-ci ildə Şəkidə anadan olmuş Vaqif Əhmədov 1968-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) neft və qaz mədənlərinin maşın və avadanlıqları fakültəsində ali təhsil almışdı. 1977-ci ildən etibarən öz istəyi ilə Qazaxıstanın Manqışlak neft mədənlərində 8 il böyük mexanik, sahə rəisi vəzifələrində çalışaraq, 1985-ci ildə vətənə dönmüşdü. Əvvəlcə Bakının maşınqayırma zavodlarından birində, sonra isə Sumqayıt Kompressorlar zavodunda mühəndis-mexanik vəzifəsində işləmişdi.
...Dekabrın 11-də Vaqif Əhmədovun komandasına Azərbaycandan gələn daha bir dəstə qoşulmalı idi. Ancaq 70 nəfərdən artıq ehtiyatda olan zabitlərlə Leninakana uçan “İL-76” təyyarəsini səmada ikən erməni daşnakları raketlə vurub partlatmışdılar. Ağır yaralanaraq, möcüzə nəticəsində sağ qalmış Fəxrəddin Balayevdən başqa ekipaj da daxil olmaqla 78 nəfər həmvətənimiz alova qərq olmuş təyyarənin yanan qalıqları içərisində məhv olub, külə dönmüşdülər.
Təsadüf elə gətirmişdi ki, həmin axşam Vaqif Əhmədov təyyarənin yanaraq qayalığa çırpıldığı yerdən 600-700 metr aralıda idi. Hər şey bir an içərisində baş verdiyindən heç nə anlaya bilməyərək, çaşqınlıq içində təyyarənin qalıqlarının partlayışlarla alovlandığı səmtə qaçmağa başlayır. Hələ təyyarənin hardan gəldiyini bilməsə də, kiminsə sağ qala biləcəyini, onun köməyinə ehtiyac olacağını düşünərək, ehtiyatla qəza yerinə yaxınlaşarkən birdən kiminsə zarıyaraq azərbaycanca “öldüm, ay ana” deməsi ilə Vaqif hərbi təyyarənin Azərbaycandan gəldiyini başa düşür. Cəld səs gələn tərəfə dönür və bir nəfərin partlayış dalğası ilə iri bir daşın yanına atılıb qaldığını, çırpındığını görür. Vaqif qan içində olan eloğlunu – Fəxrəddin Balayevi təzəcə bir qədər təhlükəsiz yerə çəkmişdi ki, qəfildən bir-birinin ardınca bir-neçə güclü partlayış baş verir. Vaqif köməkləşərək, ağır vəziyyətdə olan Fəxrəddini əvvəlcə tibb-sanitar hissəsinə çatdırır, səhəri daha ciddi müalicə üçün Yerevanda yerləşən hərbi hospitala göndərir. Orada SSRİ-nin müxtəlif yerlərindən gələrək, zəlzələdən zərər çəkənlərin müalicəsi ilə məşğul olan təcrübəli tibb işçiləri Fəxrədddin Balayevin həyatını xilas etmək üçün əllərindən gələni edirirlər.
Amma Vaqifin aglına da gəlməzdi ki, səhəri onun özünü də müalicə üçün həmin hospitala yola salacaqlar.
…Dekabrın 12-də dağıntılar altında sağ qalanların olacağına ümidlər artıq xeyli öləzimişdi. Bir tərəfdən də ermənilərin bizimkilərə qarşı açıq-aşkar nifrəti, kinli baxışları dəstənin axtarış həvəsini tamamilə azaltmışdı.
Həmin gün Vaqif dağıntılar zamanı iki beton plitə arasında sıxılıb qalmış 3-4 yaşında bir rus uşağının cəsədi ilə qəfil üzləşdikdə az qala yer ayaqları altından qaçacaq, huşunu itirəcəkdi. Bir-neçə saat sonra isə dağıntılar arasından güclə eşidilən səs gəldikdə dəstə üzvləri plitələri aralamış və zirzəmidə qorxudan, aclıqdan və havasızlıqdan sifətləri saralıb-solmuş 5 və 7 yaşlarında erməni uşaqlarını və onların gənc anasını aşkar edərək, ordan çıxara bilmişdilər. Vaqif onları xilas edib, rahatca nəfəs almaq istəyirdi ki, birdən başına küt alətlə ağır bir zərbə endirildi. Yalnız bir-neçə saat sonra gözünü açdıqda özünü həkimlərin, tibb personalının əhatəsində gördü. Çox keçmədən onu da Yerevan hospitalına göndərdilər.
Vaqif bir qədər özünə gələn kimi ilk olaraq Fəxrəddinin vəziyyəti ilə maraqlanmışdı. Rus həkimlər onun salamat olduğunu bildirməklə yanaşı ermənilərin Fəxrəddinin hospitalda olduğunu bilərək onu axtardıqlarını, öldürməyə cəhd etdiklərini də gizlətməmişdilər. Əlbəttə, aydın bir səbəbə görə - təyyarənin vurulması ilə bağlı izi, sonuncu şahidi aradan götürmək üçün. Bunu bilən Vaqif Fəxrəddini xilas etmək üçün hospital rəhbərliyindən onu qadın palatalarından birinə köçürməyi xahiş edir. Onun yaxşı düşünülmüş bu təklifi Fəxrəddini xilas edə bilir. Sonradan ermənilər kişi palatalarını ələk-vələk eləyib Fəxrəddini axtarsalar da, qadın palatalarını yoxlamaq ağıllarına gəlməmişdi. Bir-neçə gün sonra isə yenə də Vaqifin təklifi ilə müalicəsinin davam etdirmək üçün Fəxrəddin Moskvaya yola salınır. 4-5 aylıq intensiv müalicədən sonra ona əlillik dərəcəsi verilərək, Bakıya, ailəsinin yanına göndərilir.
Qəribədir ki, Vaqifgilin Leninakandakı dağıntılar arasından erməni ailəsinin sağ-salamat və rus balasının cəsədinin çıxarılması barədə elə həmin gün Moskvanın Mərkəzi televiziyası və radiosu xəbərlər yaymış, keçmiş SSRİ-nin nüfuzlu nəşrləri bu barədə geniş yazılar vermişdilər, ancaq heç bir konkret ad-familiya çəkilməmiş, xilasedicilərin kimlər olduğu barədə Sovet və dünya ictimaiyyətinə heç bir məlumat çatdırılmamışdı. Sadəcə, bunun hərbi qulluqçular tərəfindən edildiyi göstərilmişdi. Necə ki, “İL-76” təyyarəsində erməni faşistləri tərəfindən məhv edilən həmvətənlərimiz üçün hökumət adından verilən rəsmi başsağlığında da onların azərbaycanlı olduqları gizlədilmiş, onların sadəcə “sovet hərbçiləri” olduqları bildirilmişdi. Bu yalnız onun üçün edilmişdi ki, azğın, vəhşi əməllərinə görə Sovet adamında ermənilərə qarşı nifrət hissi oyanmasın, onların yırtıcı maskası yırtılıb açılmasın.
“İL-76”-nin guya dumanlı hava şəraitində qəzaya uğradığını sübut etməyə çalışan Moskva “qara yeşiyin” ciddi və diqqətlə araşdırılacağını dəfələrlə bildirsə də, bu işi nəinki başa çatdırmamış, heç başlamamışdı da. Halbuki bu tip hərbi təyyarələr hər cür hava və aerodinamik şəraitdə uçuşlarda dünyanın ən etibarlı hərbi təyyarəsi hesab olunur. Moskva öz elm və texniki nailiyyətinə kölgə salınmasına razı idi, amma ermənilərin bədxah, nifrətə layiq bir millət olduğunun bildirilməsinə – yox. Bizim təyyarədən sonra ermənilərin Türkiyəyə məxsus olduğu hesab edərək, yuqoslavların hərbi təyyarəsini də raketlə vurub salmaları rusların təqdimatında sadəcə “aviakatastrofa” kimi qiymətləndirilmişdi.
Yeri gəlmişkən, Yuqoslaviya təyyarəsində həlak olan 7 nəfərlik ekipajın Leninakana köməyi igidlik, qəhrəmanlıq səviyyəsinə qaldırılıb, onların xatirəsinə böyük bir abidə ucaldılsa da, sayca onlardan 10 dəfədən də çox olan Azərbaycan oğullarının fədakarlığı heçə endirilmiş, sayılmaz edilmişdi...
Rəhman ORXAN.
P.S. Təəssüf ki, Vaqif Əhmədovun, bu qorxmaz, cəsur azərbaycanlının, hazırda II qrup əlilin 25 il əvvəl göstərdiyi şücaət, əsl vətənpərvərlik nümunəsi o zaman nə Sovet dövləti, nə də Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirilməmişdi. Ancaq, yəqin ki, indi də gec deyil.