24 aprel - Dünya Erməni Yalanı Günü
24 aprel 2014 16:05 (UTC +04:00)

24 aprel - Dünya Erməni Yalanı Günü

Hər il aprel ayı gələn kimi dünya erməniləri bir neçə ölkənin bayrağını əllərinə alıb daşlaşmış süni göz yaşlarını silməyə başlayırlar. Və bu ölkələrin də “vicdanlı-elitası” mənsub olduqları xalqın şərəfini bir ovuc diaspor ermənilərinin əlinə yaylıq kimi tutuşdurmaqla öz gizli sevinclərindən həzz alırlar. Aprel ayına gülüşlə başlayan erməni elitası 24 aprel daxil olmaqla öz ucuz qondarma “soyqırımı zarafatlarından” qalmırlar. Artıq dünya təqvimindəki 24 aprel gününü güclə erməniləşdirmiş və hər kəsi öz məkrli, dəlilsiz, dünyanın sayğı ilə hesablaşdığı tarixçilərin yekdilliklə təsdiqləmədiyi bir köçürülmə hadisəsinə qriqoryan şapkası taxaraq özlərinə şərik qoşmaq istəyən erməni yalanının 100 yaşlı yubileyi astanasındayıq. İllər keçir “erməni xarakteri” qloballaşır, daha da həyasızlaşır. Erməni əfsanəşünasları yüz illik şərlərinin yubileyinə tam sürətlə hazırlıq işlər görürmüş. İddia edirlər ki, Osmanlı Türkiyəsi 24 aprel 1915-ci il tarixində öz vətəndaşları olan 1,5 milyon ermənini ucdan tutma hamısını qırıb və daha sonra sağ qalan bir milyonluq erməni “tarixi vətənləri” olan Mars planetindən yerə qayıdış ediblər. Dünya miqyasında tanınmış, özündən öncə tarix elminə hörmət edən hələ bir dənə də olsun tarixçi 1915-ci ildə Osmanlıda həqiqətən də dövrünün şərtlərinə görə baş vermiş müvəqqəti köçürülmə hadisəsini “erməni soyqırımı” kimi adlandırmayıb. Belə ki, onlardan da əvvəl var olmuş tarix, belə bir hadisəni öz rəsmi sənədlərinə soyqırımı paraqrafı adı ilə qeyd düşməyib. İstərdim ki, erməni - hayların bir neçə gün sonra dünya media qurumlarının pəncərələri önündə illərdir oynadıqları “soyqırımı - tamaşasının” əslində hansı hay-küydən 24 aprel rəqəmi formasını almasına nəzər yetirməzdən öncə Osmanlıda ilk kütləvi erməni köçlərinə də deyinək.

 

Osmanlıda ermənilərin ilk kütləvi köçürülməsi

 

 

Əvvəla, bundan başlayaq ki, Osmanlıda ilk dəfə ermənilərin kütləvi halda imperiyanın bir ərazisindən digər ərazisinə köçürülməsi hələ 1827-1828-ci illərdə olub. Bunu da saraya yaxın olan nüfuzlu Qriqoryan ermənilər türkün əli ilə öz soydaşları olan katolik ermənilərə ediblər. Bunu günümüzdə də etiraf edirlər. Belə ki, XVI əsrdə katolik Avropası Osmanlı dövlətini əldə qılıncla yıxmağın mümkün olmadığını anlayanda, onu daxilən qısqanc xasiyyətli digər bir etnik kimliklərin cılız əlləri ilə parçalamaq planlarına start verirlər. Qısa zaman ərzində Osmanlıda yaşayan ermənilər kimisi könüllü, kimisi müxtəlif üsullarla katolik məzhəbinə keçirlər. Zamanla həmin katolik ermənilər Sultandan özləri üçün Qriqoryan erməni kilsəsindən ayrıca bir erməni katolik patrikxanəlik tələbində olurlar (XIX əsr). Bunu görən osmanlının Qriqoryan erməni elitası cəm olur və katolik soydaşları ilə ölüm-dirim davasına tutuşurlar. Qriqoryan başbilənləri anlayırlar ki, ikinci bir erməni patrikxanası olarsa, az saylı erməni milləti məhv olar. Qriqoryanlar dövrünün Ulduz sarayı hakimiyyətinə yaxın olan paşaların dəstəyi ilə 1828-ci ildə katolik erməniləri İstanbul başda olmaqla bir neçə strateji siyasi şəhərlərdən uzaq diyarlara sürdürürlər. Ermənilər öz ermənilərinin evlərinə, ticarətlərinə hətta namuslarına belə əl qoyurlar.

 

Osmanlıda ermənilərin ikinci kütləvi köçürülməsi

 

Keçək digər sürgün hadisəsinə. Tarix səhifəsi 1828, kiçik bir Türkmənçay kəndində Böyük Vətənim Azərbaycanın... O gündən namərd deyirik ağlını itirmiş Araza... Hələ də açarları bizdə qalan İrəvan xanlığımın Çar Rusiyasına birləşdirilməsi... I Nikolayın Şərq ellərinə olan siyasi həvəsindən Qərbi Azərbaycanda yaradılan “Erməni vilayəti”... Çarın əmri ilə işğal olunmuş Anadoludan güclə 100.000 üzərində erməni döyülə-döyülə İrəvana köçürülür. Hələ İrandakıları demirik. Çünkü söhbət məhz “24 aprel” üslubundan gedir. Lakin, 24 aprelçi erməni əfsanəşünasları 1828-29-cu illərdəki öz qriqoryan elitalarının xeyir-dua verdiyi “soyqırımlardan” susur, 1890-1897-ci  illərdə yaratdıqları terrorçu Hınçak, Daşnaqstyun partiyalarının qanlı səlnamələrindən, 1905-ci ildə Osmanlı sultanı II Abdulhamid xana bombalı sui-qəsdini demir, 1914-1920-ci illərdə Anadoluda milyonlarla türkü, kürdü, lazı, qırdığına göz yumur, 1978-1986-ci illərdə  ASALA-nın dünyanın 38 siyasi şəhərində (21 ölkə) 42 Türk diplomatların qətli, 1905-1994-ci illər ərzində azərbaycanlıların başına gətirdikləri müsibətləri, ruhları hələ də Qarabağda öz uşaqlıq illərini yaşayan Xocalılı körpələri sanki unudub...Və ya zənn edirlər ki unutduracağıq...

 

Osmanlıda ermənilərin sayca üçüncü kütləvi köçürülməsi

 

İndi biz 24 aprelçilərin dünya siyasi səhnəsində səhnələşdirdikləri soyqırımı tamaşasının məntiqi xronologiyasına qısa bir baxış keçirək.

Hələ 1914-cü ildə Osmanlı Dövləti öz tabeçiliyində olan bütün vətəndaşlarını sayanda, toplam erməni sayısı 1.229.007 idi. Amma 24 aprelçi üzdən iraq daşnak zehniyyəti türklərin 1915-ci ildə bir milyon yarım erməninin məhz şərqi Anadolu vilayətlərində qırıldığını iddia edir. Gəlin digər məntiqi göstəriciyə nəzər salaq. Osmanlı Məclis-i Məbusanında imperiya ərazisində yaşayan hər 100.000 etnik millətə 1 millət vəkili düşürdü. Ermənilər günümüz termini ilə desək Osmanlı parlamentində cəmi 12 deputat ilə təmsil olunurdular. 

1912-1913-cü illərdə, bir tərəfdə Osmanlı dövləti, digər tərəfdə Yunanıstan, Bolqarıstan, Serbistan arasında iki dəfə Balkan müharibələri oldu. Balkanlardan yüz minlərcə müsəlman (türk, Qafqaz kökənlilər, pumaklar, alban və s.) Anadoluya pənah gətirmək məcburiyyətində qalmışdılar. Bu ərəfədə əldə silah tuta bilən türk kişiləri səfərbər olunur, qızğın döyüşlərin getdiyi cəbhəyə yollanılırdı. Şərqi Anadoluda isə ermənilər xarici havadarlarının dəstəyi ilə silahlanır və yerli müsəlman camaata divan tuturdular. Osmanlı idarəçiləri daşnak liderləri ilə 1914-cü ilin avqustunda bir görüş keçirdir. Müharibə dövründə ermənilərin sadiq Osmanlı vətəndaşları qalmaları barəsində söz aldılar. Amma hələ iki ay öncə Ərzurumda daşnakların gizli toplantısında Birinci Dünya müharibəsindən istifadə edilməli, ermənilərin çoxluq təşkil etdikləri yerlərdə üsyanlar başlatmaları haqqında qərar qəbul olunmuşdu. Daşnaklar öz “vədlərinə sadiq” qalır və çar ordusu 1915-ci ildə Vana doğru hərəkət etməzdən əvvəl, erməni komitacılar terrora start verirlər. Silahsız və başsız qalmış türk, kürd şəhər və kəndlərində misli görülməmiş soyqırımlar sonucu milyonun üzərində insan amansızca şəhid edilir. Daşnaklar bununla da qalmır Osmanlının iri şəhərlərində də terror və qorxu əməllərindən qalmırlar. Belə olan halda, mərkəzi türk hökuməti 24 aprel 1915-ci ildə o dövrün gizli polis təşkilatı sayılan Təşkilati Mahsusanın hesabatına əsasən vətən xainlərinin həbsi barəsində qərar çıxardır. Belə ki, məhz həmin gün 235 daşnak terrorçusu həbs edilir. Daha sonrakı günlərdə bu sayı deyilənə görə 2345 olur. Məhkəmə qərarı ilə 10 nəfər edam olunur, digərləri qısa müddətlik töhmətlə həbs olunur qalanları isə əff olunaraq sərbəst qalır. Erməni katalikosu Kevork ABŞ prezidentinə teleqraf yollayaraq, “xristian erməniləri qoruyun” yalvarışı... Bəli, məhz bu hadisəni dünya erməniləri “soyqırımlaşdırmış” və dünya ictimaiyyətinə şər servisi ediblər.

Qaldı kı, Osmanlıda ermənilərin kütləvi halda üçüncü dəfə köçürülməsinə bu da yalnız daşnakların Şərqi Anadolu vilayətlərində artıq yerli türk, kürd xalqı ilə ölüm-dirim qan davasına tutuşduqları üçün, məhz ermənilərin can və mal varlığını qorumaq naminə, şərq cəbhəsində irəliləyən çar ordusunun gəlişinin zəminini hazırladıqlarına görə 27 may 1915-ci ildə Təhcir Qanunu, Keçici qanun adlı başlığı ilə dövlətin bir ərazisindən digər ərazisinə köçürülməsi ilə başlamışdır. Burdakı əsas məqamlara diqqət edək. Belə ki, həm Osmanlı arxivləri, o dövrün İngiltərə, Fransız, Amerika diplomatik nümayəndəliklərinin günümüzə qədər qalan qeydlərinə əsasən Şərqi Anadoludan 1 milyon erməni Suriya, Beyrut, (bu gün Livan), İraq ərazilərinə köçürülmuş, bunlardan 413.067 və üzərində erməni vətəndaşlar müəyyən olunmuş məntəqələrə sağ salamat çatmışdır. Unutmayaq ki, günümüzdə Suriya, Livanda olan erməni diasporası da məhz həmin Osmanlı vətəndaşlarının davamıdır (1915-16-cı ildə fransızlar ermənilərdən ibarət Şərq Legionu təşkil edərək onları Adana, Urfa döyüşlərinə yollayır). Qeyd etdiyim bütün rəsmi xronikalar yekdilliklə qəbul edirlər ki, bəli, Müvəqqəti köçürülmə qanunu ərəfəsində yolda xəstəlikdən (dərman qıtlığı dövründə türk, kürd, ərəblər də) vəfat etmiş, qan davası zəminində intiqam almaq üçün yerli xalqların köç karvanına hücumları nəticəsində toplam 400.000 üzərində ermənilər həlak olmuşdur.

Qondarma erməni soyqırımını ifşa etmək üçün adları sadalanan ölkələrin Milli Arxiv idarələrində kifayət qədər sənədlər mövcuddur. Bunların hər birisini tək-tək qeyd etməklə bitməz. Amma bir neçə sual var ki, bunları qondarma erməni soyqırımını tanıyan 20 ölkə parlamentindən soruşmağa dəyər.

Osmanlı türk dövləti erməniləri tamamilə qırmaq istəsə niyə paytaxt şəhər İstanbuldakılara və digər əyalətlərindəkilərə toxunmadı?

Türk əgər Hitler kimi soyqırımı etmək istəsəydi o zaman niyə 100-dən çox əsgər və zabitini yolda ermənilərə kobud rəftara görə edam etdi?

Osmanlı ermənilərdən birdəfəlik qurtulmaq istəsəydi onları öz sərhəd hüdudlarından kənara qova bildiyi halda niyə ən gözəl yerləri olan Hələb, Beyrut, Mosul şəhərlərinə yolladı?

Osmanlı erməniləri bir ərazisindən digər ərazisinə Müvəqqəti yolladığı zaman haradan bilə bilərdi ki 7 il sonra ermənilərin havadarları onu dağıdacaqlar və müvəqqəti köçkünlər sonradan yaranmış Suriya, Liviya, İraq dövlətlərinin ərazisində qalacaqlar?

İkinci Dünya müharibəsi illərində ABŞ öz yapon əsilli vətəndaşlarını qorumaq üçün onları bir ştatdan digər ştata kütləvi köçürməsi soyqırımıdırmı?

Hitlerdən fərqli olaraq “soyqırımı” törətmiş türk hər bir köçürülmüş erməni ailəsinə niyə elə həmin il kompensasiya ödədi?

Əgər Osmanlıda cəmi 1,2 milyon erməni yaşayırdısa və 1,5 milyon qırılıbsa bəs, bu gün Türkiyədə, Suriyada, Livanda milyon olan ermənilər hansı super texnologiya ilə uzaq planetlərdən geri qayıtdılar?

Niyə Türkiyəlilərdən, Azərbaycanlılardan fərqli olaraq ermənilərin bircə dənə də olsun toplu məzarları yoxdur?

Birinci Dünya müharibəsi ərəfəsi dövründə erməni komitacılar tərəfindən şəhid edilmiş 2 milyon insanımızın qanı məgər İnsanlığın damarından axmadımı?

Türkiyə Cümhuriyyəti öz arxivlərini hər kəsə açıq elan etdiyi halda, niyə Ermənistan olmayan-əsaslarla dolu rəsmi arxivlərini açmamaqda inad edir?

Suallar, suallar və cavabsız erməni həyasızlığı. Bizlərə düşən isə gərçəyi dünyaya çatdırmaq. Dünyaya həqiqəti təbliğ etməkdən ziyadə, bu yalanı tanıyan 20 dövlətə insanlığa hörmət etməyi dəvət edərək, onları öz gələcək nəsilləri ilə barışdırmağa dəvət etmək qalır.

Daşnakların hələ Sovet dövründə hər kəsi çaşdıraraq erməni dilində təsdiq etdikləri Tsitsernakaberd “soyqırımı abidəsinin” təməllərini atmaları, 1965-ci ildə Ermənistan SSR-də anti-türk, anti-Azərbaycan mitinqləri... Buna göz yuman xalqlar qardaşlığı prinsipini şah damarımıza yeridən Sovet rejimi... ASALA dünyanın 38 şəhərində türk qanı axıdır, Zatikyanın Moskva metrosunda partlatdığı bomba, 1978-ci ildə ermənilərin İrandan Qarabağa güclə köçürülməsinin 150 illik anım gününə ucaldılmış Qriqoryan abidəsi... Sonra Qərbi Azərbaycanlıların növbəti deportasiyası, Sumqayıt, gizli Krunk, Xocalı, Qarabağın işğalı... Biz məgər ilk növbədə özümüz-özümüzə sual ünvanlamağımı unutduq?

Xeyir! Bizlər 100 yaşlı erməni yalanının hər yüz simasına da ayna tutaraq onun qanlı gözlərini ilk növbədə özünə göstərməyə qadirik. Unutmadıq! Unutdurmarıq! Yalanın 100 yaşı tamamlanırsa, həqiqətin da yaddaşı bir həftəlik deyil...!

 

Əbülfəz Şeydabəyov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Oxşar yazılar