2015-ci ildən ali məktəblərə qəbul qaydaları dəyişdiriləcək
27 sentyabr 2013 13:38 (UTC +04:00)

2015-ci ildən ali məktəblərə qəbul qaydaları dəyişdiriləcək

“2015-ci ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək. Yeniliklər müzakirə olunduqdan və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra elan olunacaq”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Onun sözlərinə görə, müəyyən fənlər əvvəldən elan ediləcək və şagirdlərin onlardan 2-3-nü seçmək imkanı olacaq: “Bununla da şagirdlər 4-5 fəndən imtahan verəcəklər. Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, biologiya, kimya, fizika, xarici dil daxil ediləcək. Artıq hüquqi müstəvidə fənlərin artırılması həll olunub”.

TQDK sədri qeyd edib ki, gələn ildən Azərbaycanda orta məktəblərdə keçirilən buraxılış imtahanlarının vaxtında dəyişiklik ediləcək. Onun sözlərinə görə, əvvəlki illərin məzunları gələn il buraxılış imtahanlarını yayda yox, aprel ayının axırında verəcəklər: “Onlar tədris materiallarını mənimsədikləri üçün imtahanlara aprel və ya iyun ayında gəlməsinin fərqi yoxdur. 2014-cü ildə buraxılış imatahanlarına o uşaqlar gələcək ki, onlar 9-cu sinifdən imtahanda iştirak ediblər. Buna əsasən də biz müəyyən edəcəyik ki, onlar son 2 ildə hansı nəticələr əldə ediblər”.

M.Abbaszadə qeyd edib ki, 2014-cü ildən etibarən ediləcək daha bir yeniliyə əsasən, əvvəlki illərin məzunları buraxılış imtahanlarında göstərdikləri nəticələrdən sonra 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcəklər. 11 illik bazadan orta ixtisas təhsili bazalarına qəbul olmaq istəyənlər isə əvvəlki illərdə olduğu kimi imtahan verəcəklər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4268

Oxşar yazılar