“Bir millət, iki dövlət”!
10 aprel 2014 12:30 (UTC +04:00)

“Bir millət, iki dövlət”!

Azərbaycan-Türkiyə əlaqələri tarixi dostluğa, ortaq dəyərlərə, ənənəvi qardaşlığa söykənən möhkəm təməllər üzərində qurulmuşdur. Tarixən din, dil, mədəniyyət eyniliyi ilə bağlanan millətlərimiz dövlət səviyyəsində də bu əməkdaşlığı davam etdirməkdədirlər.  Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığı  və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Martın 30-da Türkiyədə keçirilən yerli seçkilərdən sonra Baş nazir Rəcəb Tayyib Ərdoğanın ilk səfərinin Azərbaycana reallaşması Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının nə dərəcədə yüksək səviyyədə olmasının göstəricisidir. Artıq ənənə halını almış bu səfərlər iki ölkənin həmrəyliyini daha da gücləndirməklə, regional əməkdaşlığın da inkişafına imkan yaradır.  

İşgüzar səfər çərçivəsində istər siyasi, iqtisadi, istərsə də hərbi sahədə əməkdaşlıq məsələri müzakirə olunmuş, siyasi, hərbi, mədəni, iqtisadi, ticarət, - bütün bu sahələrdəki əlaqələrdən məmnunluq ifadə olunmuşdur. Eyni zamanda görüşdə xarici ticarət dövriyyəsi təqribən 15 milyard dollara doğru gedən iki ölkənin yaxın gələcək üçün planlaşdırdığı əməkdaşlıq layihələri də müzakirə mövzusu olmuşdur. Dağlıq Qarabağ problemi ilə bağlı Türkiyənin birtərəfli mövqeyi isə bir daha isbat olunmaqla, Baş Nazir  tərəfindən bu mövzuda hər hansı bir güzəştin mümkünsüzlüyü qətiyyətli şəkildə ifadə olunmuşdur. Səfər ikitərəfli münasibətlərin inkişafında yeni bir addım kimi dəyərləndirilməklə, tarixi bağlılığa əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığını bir daha təsdiqlədi.

 

 

Nailə Məmmədova

"Azerbaijan Realities"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087
avatar

Oxşar yazılar