Vətən Müharibəsinin 12-ci günü: 8 oktyabrda nələr baş verdi?  - VİDEO
08 oktyabr 2021 08:20 (UTC +04:00)

Vətən Müharibəsinin 12-ci günü: 8 oktyabrda nələr baş verdi? - VİDEO

 

8 oktyabr 2020 ci il. Döyüşlər intensiv şəkildə davam edir. Üstünlük qeyri şərtsiz olaraq Azərbaycan ordusundadır. Getdikcə ordumuzun hücum ərazisi genişlənir, düşmənin müdafiəsi zəifləyirdi.

Düşmən ordusu mülki texnika və mülki vətəndaşları döyüşə cəlb edir, digər tərəfdən isə Azərbaycanın dinc yaşayış zonalarına raket zərbələri endirməkdə davam edirdi.

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 1 mülki şəxs həlak oldu, 1 mənzil dağıldı.

Saat 8:00-da Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini də atəşə tutdu.

Düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar kənd tam orta məktəbinə külli miqdarda ziyan dəydi.

Elə həmin saatlarda düşmən Ağdamı yenidən raket atəşinə tutdu. Nəticədə rayonun Böyükbəyli kəndinə düşən mərmi səbəbindən 2 mülki şəxs xəsarət aldı.

Düşmən ordusu özünün çirkin niyyətini həyata keçirmək üçün yeni yollar axtarırdı. Lakin ordumuz tərəfindən düşmənin bütün təxribatlarının qarşısı anında alınırdı. Bunun nəticəsi idi ki, Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edildi.

Saat 11:30-da isə Ermənistan silahlı qüvvələri Bərdə şəhərini yenidən atəşə tutdu.

Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər 5 mülki şəxsin yaralanmasına səbəb oldu, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəydi.

Ermənistan silahlı qüvvələri həmçinin "Toçka-U" taktiki raket kompleksindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirdi.

Saat 12:30-da Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastruktur və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımladı.

Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolunu da artilleriya atəşi ilə məhv edilmişdi.

Müharibə həm döyüş meydanında, həm də informasiya üzərindən uğurla aparılırdı. Hər iki cəbhədə xalq Ali Baş Komandanın ətrafında sıx birləşmişdi.

Müdafiə Nazirliyinin verdiyi məlumatda isə xüsusən deyilirdi: "Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib”.

Düşmənin isə silahı yerə qoyub, təslim olması üçün 32 günü qalırdı.

# 2517
avatar

Oxşar yazılar