"Uzun, arıq kişiydi, qanadları da vardı"  - Cəbrayılla göylərə uçan Lent.az-a danışdı - VİDEO
28 yanvar 2022 20:15 (UTC +04:00)

"Uzun, arıq kişiydi, qanadları da vardı" - Cəbrayılla göylərə uçan Lent.az-a danışdı - VİDEO

- Gecə yarısı idi. Bir də gördüm evin qapısı açıldı. Hər tərəf işıqlandı. Dedi, dur, gedirik. Soruşdum hara, sən kimsən? Dedi, ora... 

Bunu deyib də əllərini göyə qaldırır. 
Sanki işarə edir. 
Sanki getdiyi yolun trayektoriyasını cızır. 
Və özü də məsumcasına sübut etmək istəyir ki, vallah-billah yalan danışmıram, o gözə görünməz gəldi, ağ qanadlarına aldı məni apardı göylərə, onun dərgahına. 
Sanki demək istəyir ki, məni anlamaq sizə çətin olmaz, məni başa düşərsiniz, amma məni anlamırlar, mən bir övliyayam, mən müqəddəsəm. Məni o dərgaha aparan isə o ali mələk Cəbrayıl idi. Və bu yerdə Qurandan misal da gətirir:
“O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər”. 

Amma onu göylərə aparan Cəbrayıl Qədr gecəsində gəlməmişdi. Amma bu yerdə, “Babagörükən”də üzünü Həzrət Baba ziyarətgahına tutub and-aman edirdi ki, o, məhz o ali mələk cənab Cəbrayıl onu aparmışdı. Və bu sətirlərin müəllifinin “Sən onu gördün, necə birisiydi?” sualına anındaca cavab vermişdi 
- Uzun, arıq bir kişiydi. Qanadları vardı. Üzü də gülürdü.
Qubanın Amsar kəndində yaşayır 58 yaşlı Şükür. Bölgədə inanc yeri kimi tanınan "Babagörükən" adlı yerdə söhbətləşirik onunla. Əvvəl dua verir. Əlimizi göyə qaldırıb bir olan yaradana şükür edirik.
“Mən Allah tərəfindən seçilmiş bir övliyayam. Bu övliyalığım ayan olandan sonra, Həzrət baba və Xıdırzində baba vasitəsilə mən göylərə qalxmışam”.
Deyir, sanki bir raket kimi onu başqa planetlərin yanından keçirib göyə qaldırıblar. 

“Ağ əbadaydılar. Hər iki baba yanımda dayanmışdı. Soruşdum Ki, məni niyə gətirmisiniz? Haradayam? Dedilər sən uca bir dərgahdasan. Sənə övliyalıq verilir, bizim vasitəmizlə. Dedim, indi mən nə edəcəm ki? Dedilər, sən öz övliyalığınla, xalqa, insanlara xidmət edəcəksən. Dedim, bəs məni eşidəcəklər? Dedilər, bəli. Daha sonra onların vasitəsilə yerə endim. Hərəsi bir yanımda, aşağıya uçduq. Məlakələr məni evə gətirdi”. 
Şükür deyir, evə gələndə həzrəti Cəbrayıldan xahiş edib ki, bir az onunla söhbət etsin. O isə razı olmayıb, sebh namazına tələsdiyini deyib.
Bəs kimdir bu övliya?
Övliya, əməlisaleh və təqva (Allahdan qorxu) sahibi olan mömin bəndədir. Uca Allah buyurur: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər".
Övliyalıq nəsildən nəslə ötürülmür, anadangəlmə verilmir. Övliyaların və Allah-təalaya ibadət edən saleh insanların yardan yanında hörmətlərinin qat-qat üstün olmağı yalnız Allah qorxusuna, xeyirli əməllərinə görədir. Allahın övliyaları nə məsumdurlar, nə qeybi bilirlər, nə də ki məxlu¬qatın işlərini sahmana salmağa və onlara ruzi verməyə qadirdi¬lər. Onlar insanları öz¬lə¬rinə təzim etməyə və ya var-dövlətlərindən on¬lara verməyə çağırmırlar. Belə əməlləri edən şəxs Allahın dostu yox, ya¬lançı, iftiraçı və şeytanın dostu sayılır.

Hə, gəlin yenə  yenə Şükürü dinləyək:


“Məscidlərə getdim. Orada hamıya Allahın məni övliya seçdiyini dedim. Mən bu yandan dedim, o yandan dedilər dəlidir, qulaq asmayın, xəstələnib, havalanıb. Təbii ki, belə də olmalı idi. Yenə mən öz sözümdən qalmadım. Övliyalığımı deməyə davam etdim. Böyük vəzifəli şəxslərə dedim, dini qurumlarına getdim. Amma onlar da məni eşitmədilər. Yenə yoruldum mən. Kağızlarımı yapışdırdım. Ailəm, qardaşlarım kağızlarımı cırdılar. Dedilər dəli olub, yazıqdı qardaşım, öldürəcəklər qardaşımı. Çox fikir edirdim, gecələr yatmırdım ki, birdən mən öz övliyalığımı çatdıra bilmirəm”.

Şükür deyir, elə bu zamanlarda mələklər yenə onu gecə aparıblar. Göydən Məkkəni göstəriblər. Sonra isə qəribə bir yerə gəlib çıxıblar. Hər tərəfdə balaca dəmir adamlar. Özlərinin də iri gözləri varmış. Hansı planetdə olduğunu bilməyib. Amma yenə də çox uzaqdaymış yerdən. Bir az onlarla söhbət edib, kimliklərini öyrənmək istəyib. Amma ona heç nə deməyiblər. Sonra da belə başa düşüb ki, başqa planetdə yaşayan adamlardı.

"Oradan qayıdanda mənə dedilər ki, daha üzünə lezva vurma. Dedim ki, mən qorxuram. Dedi ki, Allahdan başqa heç kəsdən qorxma. Biz həmişə sənin arxandayıq. Sonra yenə məlakələr məni geri qaytardılar. Bundan sonra hər yerə məktub yazdım. İcra hakimiyyətinə getdim. Ordan qovdular. Dedilər sən dəlisən. Qayıtdım ki, mən xəstəxanadan kağız almışam, tam sağlamam. Ailəm də həkim var, xəstəxanada işləyir. Necə olur ki, mən xəstəyəm? Fikir vermədilər. Amma bu anda maraqlı bir olay baş verir. Amsarda, qonşu Nügədidə, elə Qubanın özündə bir vaxt ona dəli deyənlər, göylərə ikinci səfərindən sonra ehtiramla yanaşmağa başlayırlar".

- Daha mənə daş atmırdılar. Küçəyə çıxanda iki əllə görüşürdülər. Məclislərə dəvət edirdilər. Ehtiramla yanaşırdılar. Artıq bütün rayonda, tədricən də Azərbaycanda övliya kimi tanımağa başladılar.


Əslində, Şükürün gecələr yoxa çıxmasından evlərində şübhələnirmişlər. Ağıllarına başqa şeylər gəlirmiş. Amma ilk təəccüb doğuran o olur ki, o, göyə uçanda da, geri qayıdanda da qapını sanki sehrli bir qüvvə açıb bağlayırmış. Yatağı isə isti qalırmış. Sanki bir neçə dəqiqəliyə harasa çıxıb. 

Özü də deyir ki, sanki ağlasığmaz sürətlə göyə qalxırmış. Hər dəfə də həyəcan onu basanda, mələklər qorxmamasını deyirmiş.
Deyir, mələklər onu seçənə qədər bir neçə ay tövbə etdiriblər. 

- Bəs siz hansı dildə danışırdız?

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             
- Mən onların dilini başa düşmürdüm. Ərəb dilinə də oxşamırdı. Amma sanki beynimə hopurdu, nə deyirdilərsə.
 Şükür göylərə uçmamışdan da, sonra da ancaq təsərrüfatla məşğul olub. Elə indii də mal-qara saxlayır. Bizimlə görüşə gələndə də mal-qaranı örüşə buraxıbmış.
- Bir müddət Rusiyada oldum. Sonra qayıtdım. Yəqin Allah belə məsləhət bilibmiş, qayıt,
Və o qayıdıb. Üstəlik göylərə də baş çəkir. Hələ də göylərlə əlləşir.
O, sadəcə danışır və ibadət edir. Kimə ziyanı var axı...

Bakı-Quba-Bakı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11220
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar