Qucaqlaşmaq hər dərdin dərmanıdır. Uşaqları qucaqladığımız zaman yaranan oksitosin hormonu onları sakitləşdirir, ağrılarını azaldır, qəzəbini yox edir və böyüməsinə yardımçı olur. Bu, həmçinin sosial bacarıqları da artırır. Eyni təsirlər, demək olar ki, valideynlərə də aiddir. Uşaqlar ağlayanda, sevinəndə, qorxduqlarında və ya narahat olduqda dərhal analarını qucaqlamaq istəyirlər. Çünki qucaqlaşmaq onlara təsəlli verir və bu zaman təhlükəsiz olduğunu bilirlər. Ona görə də qucaqlaşmaq sadə və adi bir hərəkət deyil, şəfavericidir.
Lent.az xarici KİV-lərə istinadla uşaqlara sarılmağın faydalarını təqdim edir.
Oksitosin qucaqlaşdığımız zaman yaranan bir xoşbəxtlik hormonudur. Sarıldığımız insana müsbət duyğular bəxş edir. Yəni uşaqlar ana və ya atasını qucaqlayanda sakitləşir və onlara bağlanırlar. Bu, həm də immunitet sistemini gücləndirir və müxtəlif xəstəliklərdən qoruyur. Eyni zamanda, münasibətləri də gücləndirir. Valideynlər övladlarını qucaqlayanda aralarındakı bağ artır, əlaqələri daha möhkəm olur və dərinləşir. Uşaq yıxılaraq özünə xəsarət yetirdikdə ən yaxşı dərman onu qucaqlamaqdır. Çünki onu qucaqladıqca ağrısı azalır. Qucaqlaşmaq bir növ ağrıkəsiciyə və şəfaverici duyğuya çevrilir. Uşaq bununla sakitləşir və qəzəb-hirsi yox olur. Uşaq əsəbiləşəndə də onu qucaqlamaq sakitləşdirir. Çünki qucaqlaşmaq bu zaman təzyiqi tənzimləyir, sinirləri aktivləşdirir və qan təzyiqini aşağı salmaq üçün beyinə siqnallar göndərir. Sarılarkən ifraz olunan oksitosin də stresi azaldır. Həm uşağa, həm də anaya müsbət düşünməyə kömək edir. Beləliklə, stres sona çatır və müsbət duyğular başlayır. Uşaqlarımızla müntəzəm qucaqlaşmaq onların böyüməsinə kömək edir. Bu artım qeyd etdiyimiz oksitosin hormonunun bütün müsbət təsirlərinin nəticəsidir.