Xəbər verdiyimiz kimi, oktyabrın 7-də İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuş Bakı Zooloji Parkı istismara verilib.
Lent.az xəbər verir ki, Leyla Əliyevanın tapşırığına əsasən, yenidən qapılarını açan Bakı Zooparkının ilk ziyarətçiləri uşaq evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.
İlk olaraq, uşaqlar zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını böyük maraqla izləyiblər. Uşaqlar kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə onlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə məlumat verilib.
Uşaqlar daha sonra müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və sairə heyvanlar yerləşən kontakt zooparkının sakinləri ilə tanış olub, onlarla oynayıb, maraqlı və əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın kompleksi ziyarətçilər üçün daha rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.
Digər yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya və elektron bələdçi sistemi yaradılıb. Zoopar hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilib.
Zooparkda saxlanılan heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zoopakı, süni göl, və hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.