Uşağını parka aparanları belə soyurlar - VİDEO
23 sentyabr 2021 14:36 (UTC +04:00)

Uşağını parka aparanları belə soyurlar - VİDEO

Sumqayıtda uşaqların əylənməsi üçün ödənişsiz attraksionlar tapmaq müşkül məsələdir.

Böyük bir ərazini əhatə edən Nəsimi parkında uşaqlar üçün nəzərdə tutulmuş cəmi-cümlətanı 2 pulsuz attraksion və böyüklər üçün bir idman meydançası var. Onların da vəziyyəti heç də ürəkaçan deyil.

Uşaqlarını parka gəzdirməyə gətirən şəhər sakinləri də pulsuz attraksionların olmamasından şikayətlənirlər. Deyirlər ki, park gəzintisi onlara 10 - 15 manata başa gəlir. Parkda olan attraksionların qiyməti 50 qəpiklə 2 manat arasında dəyişir.

-Nəvəmi gətirirəm parka. Parkda bir dənə pulsuz bir şey yoxdur. Hamısı pulladır. Bir dənə bu balaca bir şeydir pulsuz qalanı pulladır. Bura gələndə 10 manat 12 manat pul çıxır. Maaş da almıram pensiyamı da kəsiblər.

- Elektriklə işləyənlər buna söhbət yoxdur, təbii ki, pullu olmalıdır. Buna elektrik enerjisi sərf olunur. Ancaq enerji ilə işləməyən müəyyən karusellər var, yelləncəklər var, bunlar da pulladır. 3 dəqiqəsi 50 qəpik. Niyə belə olmalıdır. Adi şar var. Doldurular içini, uşaq tullanmağa-düşməyə. Bir dəfə doldururlar. 5 dəqiqəsi 1 manatdır. Uşaqla çıxanda deyəndə ki, ya ata, ya baba bunu mən istəyirəm. Maddi cəhətdən gücü çatmır.

Nəsimi parkının rəhbərliyindən isə APA TV-yə şifahi olaraq bildirilib ki, ərazidə sakinlərin istifadəsində ödənişsiz əsaslarla fəaliyyət göstərən 2 attraksion və bir meydança mövcuddur. Digər attraksionlara gəldikdə isə həmin əyləncə vasitələri sahibkarlara məxsusdur və qiymətləri onlar müəyyən edir.

Park ərazisində apardığımız müşahidə zamanı həmin attraksionların fəaliyyət göstərmədiyini gördük.

Sumqayıt bulvarına gəldikdə isə orada ümumiyyətlə uşaqların əyləncəsi üçün heç bir pulsuz attraksion mövcud deyil. Ödənişli olan attraksionların isə pandemiya səbəbindən işləmədiyinin şahidi olduq.

Bulvar ərazisində ödənişsiz bircə yer var ki, bu da böyüklər üçün nəzərdə tutulan idman qurğularının olduğu meydançadır.

Sumqayıt bulvarının rəhbərliyindən isə gələcəkdə uşaqların pulsuz əyləncəsinin təşkili ilə bağlı müvafiq addımların atılacağı bildirilib.

# 2292
avatar

Oxşar yazılar