Türkiyəli jurnalist : “Ermənistan Qarabağdakı həmkarlarımızı da qətlə yetirmək niyyətində idi”
27 sentyabr 2021 11:33 (UTC +04:00)

Türkiyəli jurnalist: “Ermənistan Qarabağdakı həmkarlarımızı da qətlə yetirmək niyyətində idi”

2020-ci il sentyabrın 27-si səhər saatlarından başlayaraq bütün dünya Cənubi Qafqazdan, Azərbaycanın əks-həmlə əməliyyatından danışırdı. Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan Vətən müharibəsinin gedişatını çox saylı jurnalist ordusu işıqlandırdı. Onların arasında qardaş Türkiyədən olan media mənsublarının əməyini xüsusi vurğulamalıyıq. Qarabağ savaşının informasiya səngərində Azərbaycanın haqq səsinə səs verən türkiyəli jurnalistlərdən bəziləri Vətən müharibəsinin ildönümündə APA-nın yerli bürosu ilə öz təəssüratlarını bölüşüblər.

Müharibə dövründə CNN “Türk”də çalışan Fulya Öztürk savaş başlar-başlamaz Azərbaycana getmək niyyətini bildirib və bunun üçün dəfələrlə telekanal rəhbərliyinə müraciət edib. O, münaqişənin tarixini, Ermənistanın mülki əhaliyə qarşı törətdiyi qətliamları, Xocalıda, Qarabağda baş verənləri yaxından izlədiyini söylədi.

F. Öztürk Türkiyənin 60-dan çox şəhərində, dünyanın bir çox riskli bölgəsində çalışıb, xüsusilə son 10 ildə Suriyadan Afrikaya, Banqladeşdən Avropaya qədər bir çox savaş bölgəsində xidməti vəzifəsini yerinə yetirib: “Azərbaycanda müharibə vaxtı çox böyük dəhşətlər gördüm. Ermənistan “Smerç” raketlərindən, kasetli bombalardan mülki əhalinin yaşadığı məntəqələri bir neçə dəfə atəşə tutdu. Həmin hücumlar zamanı biz də orada idik. Biz özümüz də həlak ola bilərdik. Dəfələrlə ölümdən döndük... Qarşı tərəfdə cinayətkar bir rejim var idi. Hər an hər şey ola bilərdi. Nə mutlu bizə ki, Azərbaycanı haqlı davasında tək buraxmadıq, onun səsini dünyaya duyurduq”.

F. Öztürk Azərbaycan cəmiyyətində ona olan diqqət və sevgidən xəbərdardır: “Hələ müharibə başlamazdan öncə sanki Allah məni buna hazırlayırdı. Hər sabahım “Çırpınırdın, Qara dəniz”i dinləməklə keçirdi. Buna səbəbi nə idi, heç özüm də bilmirdim. Mən əvvəl heç Azərbaycanda olmamışdım. Azərbaycana ürəklə, səmimi hisslərlə yollandım. Görünür, Azərbaycan xalqı səmimiyyətimə görə məni sevib bağrına basdı. Digər həmkarlarım da ürəklə çalışdı. Amma Azərbaycan xalqı ilə aramda fərqli, heç qopmayacaq bir bağ yarandı. Bəlkə gələcəkdə Azərbaycanda yaşaya bilərəm. Çünki ora da mənim Vətənimdir... Can Azərbaycana salamlarımı, sevgilərimi göndərirəm”.

CNN “Türk”ün əməkdaşı Ənvər Kaptanoğlu Vətən müharibəsi başlayan zaman Əfqanıstandan yenicə qayıdıbmış. O, məzuniyyətdə olmasına baxmayaraq, istirahətinə ara verərək Azərbaycana yola düşüb.

Ənvər Kaptanoğlu Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə də alıb.

“Ermənistan müharibənin ilk günlərindən “qara piar” aparırdı. Məhz buna görə döyüş meydanında baş verənlər haqda insanları düzgün şəkildə məlumatlandırmaq çox vacib idi. İlk dəfə idi ki, Azərbaycana səfər etmişdim. Dünyanın ən çətin savaş bölgələrində çalışan biri olaraq deyə bilərəm ki, Qarabağ digər münaqişə bölgələrindən çox fərqli idi. Ermənistan tərəfi ballistik silahlarla münaqişə bölgəsindən çox uzaqda yerləşən yaşayış yerlərini, mülki əhalini hədəf alırdı. Bu səbəbdən də biz Azərbaycanın haqlı mübarizəsində qarşı tərəfin törətdiyi cinayətləri dünyaya çatdırmaq üçün çalışırdıq. Düşünürəm ki, türkiyəli jurnalistlər bunu bacardılar, işlərinin öhdəsindən gəldilər. Artıq Qarabağ münaqişəsi həllini tapıb. Bir daha parlaq qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm”, - deyə türkiyəli jurnalist vurğulayıb.

“A-Haber” televiziyasının əməkdaşı Emine Kavasoğlu isə Azərbaycanda dəfələrlə olub, amma Qarabağa ilk dəfə Vətən müharibəsi vaxtı gedib: “Çox önəmli, ağır və yaddaqalan anlara şahid olduq. Azərbaycan xalqının yaşadığı o məşəqqətli günləri yaxından izləyirdik. Digər tərəfdən Qarabağın kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon işğaldan azad edilməsinə şahidlik etmək, əlbəttə, bir jurnalist kimi mənim üçün çox önəmli idi. Xüsusilə bizim nəsil Xocalıda Azərbaycan xalqının başına gələnləri, azərbaycanlıların nələr yaşadıqlarını televiziyalardan izləyib...”

Emine Kavasoğlu deyir ki, İkinci Qarabağ savaşı digərlərinə bənzəmirdi: “Bilə-bilə, göz görə-görə dinc insanlar öz evlərində Ermənistan tərəfindən qətlə yetirilirdi. Uşaq, gənc, qadın, qoca demədən insanları öldürürdülər. Hətta sizə deyim ki, mətbuat nümayəndələri də hədəfdə idi. Ermənistan Tərtəri atəşə tutarkən məlum olmuşdu ki, əslində məqsəd oradakı fabriki dağıtmaq olmayıb, həm də bu həqiqətləri dünyaya çatdırmağa çalışan jurnalistləri qətlə yetirmək olub. Bəs sonda nə baş verdi? Qarabağda işğala, zülmə son qoyuldu. Azərbaycan bayrağının Qarabağ torpağına sancılmasına şahidlik etmək şərəfli bir hiss idi”.

“Hürriyet” qəzetinin müxbiri Fevzi Kızılkoyun da II Qarabağ Savaşına qədər Bakıya bir neçə dəfə səfər edib. O, İraq, Suriya və Əfqanıstanda olub. Sentyabrın 27-də qəzet rəhbərliyi F. Kızılkoyunun Qarabağa göndərməklə bağlı qərar qəbul edir. Dediyinə görə bu qərar onun ürəyincə olub: “Savaşa qədər Ermənistan dünya ictimaiyyətində elə bir təəssürat yaratmışdı ki, sanki onlar məzlum durumda idi. Medianın dəstəyi ilə bu düşüncə tamamilə dəyişdi. Ermənistan münaqişə bölgəsini yox, dinc insanları hədəf almaqla müharibə cinayətləri törətdi. Bu ağır səhnələr, şəhidlər, itkilər, dağıntılar heç zaman xatirəmdən silinməyəcək izlər buraxdı. Amma sonda ədalət zəfər çaldı. Bu böyük uğura görə çox sevincliyəm və hər kəsi təbrik edirəm”.

“Əl-Ərəbiyə”nin İstanbul şöbəsinin operatoru Habip Demirci isə telekanalın müxbirləri Əhməd Ghannam ve Adnan Can Ataytürkmənlə birgə iki dəfə ölümlə üz-üzə qalıb: “Sentyabrın 27-də məsələ ilə maraqlandıq, telekanalın Londondakı mərkəzini məlumatlandırdıq və Azərbaycana ezam olunduq. Hadisələrin daha çox cərəyan etdiyi bölgələrdə aidiyyəti qurumlar xaricdən gələn jurnalistləri təhlükəsizlik baxımından məlumatlandırıb, xəbərdar edirdilər. Lakin biz baş verənləri daha yaxından çəkib göstərmək istəyirdik. Hətta Gəncədə riskə gedərək təhlükəsizlik zolağını keçərək çəkilişlər də etdik. Tərtərdə isə müxbirlə birlikdə dağıdılmış ərazini, alovlanan sahəni daha yaxından lentə alan zaman 100 metr məsafədə ard-arda iki bomba atıldı. Daha təhlükəsiz yerə sürünərək keçdik. Gəncəyə elə bir bomba atdılar ki, qaldığımız iz oteldə sanki 7 ballıq zəlzələ effekti baş verdi. Çəkiliş üçün hadisə yerinə yollandıq. Oralar tamamilə cəhənnəmə dönmüşdü. Bütün bu səhnələr çox üzücü idi”.

Habip Demirci Azərbaycan xalqının, xüsusən də münaqişə bölgəsində yaşayan yerli insanların qonaqpərvərliyinə, mehribanlığına heyran olub: “Azərbaycanı çox sevdim. Xüsusilə Şuşa, Füzuli, Qarabağın digər yerləri çox gözəldir. İnsanları çox istiqanlıdır. Bu qədər faciənin qarşısında insanların üzündən gülüş əskilmədi. Azərbaycan xalqının əzminə heyran oldum”.

TRT-nin müxbiri Bülent Çulcuoğlu savaş başlayan gündən Azərbaycana ezam olunub, 50 gündən çox Gəncə, Tərtər, Bərdə, Goranboy və Ağdamda olub: “Azərbaycan Ordusu sadəcə hərbi nöqtələri vurarkən, Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini qətlə yetirirdi. Ermənistan ordusunun Gəncəyə etdiyi hücumlar, körpələrin cansız bədənlərinin dağıntıların altından çıxarılması... Bu səhnələri heç vaxt unutmayacağam. Mən Suriyada Bəşər Əsəd rejiminin dinc insanları necə öldürdüyünə şahidlik etmişəm. İkinci Qarabağ müharibəsində Ermənistan hakimiyyətinin Suriyadakı Əsəd rejimindən heç bir fərqinin olmadığına şahidlik etdim. Bu xain hücumların qarşılığında Azərbaycan çox böyük müharibə mədəniyyəti ilə onları susdurdu və Zəfərə nail oldu. Bir daha Azərbaycan Ordusunu təbrik edirəm. Azərbaycanın böyük zəfərinə şahidlik etməkdən şərəf duyuram”.

# 876
avatar

Oxşar yazılar