Təyyarənin göyərtəsində bunları etmək  olmazmış
11 oktyabr 2021 06:11 (UTC +04:00)

Təyyarənin göyərtəsində bunları etmək olmazmış

Səyahətlər çox zaman macərasız ötüşmür. Ya oteldə, ya turda, ya da elə təyyarənin içində.

Lent.az "aviatravel.az"a istinadən bildirir ki, bu macəralardan bəziləri heç də xoşolmayan təəssürat yarada bilər. Odur ki, uçuşun ən yüksək səviyyədə xoş və rahat keçməsi üçün təyyarənin göyərtəsində təhlükəsizlik qaydalarına və səyahətçinin etik davranış qaydalarına etinasız yanaşmayın. 

Təyyarə havaya qalxarkən və yerə enərkən təhlükəsizlik qaydaları

Mobil telefonları söndürün

Təyyarənin naviqasiya avadanlığına maneə törətməmək üçün təyyarənin havaya qalxdığı və yerə endiyi vaxt ərzində mobil telefonları və digər elektron qurğuları söndürün. Təyyarə kreyser hündürlüyünə çatdıqdan sonra "aviarejim"ə ("Airplane mode") keçərək telefondan  istifadə edə bilərsiniz. 

Təhlükəsizlik kəmərini bağlayın, açılıb-yığılan masaları qatlayın

Əgər bütün uçuş boyu oturur və ya yatırsınızsa, təhlükəsizlik kəmərini bağlı saxlayın. Bu, hava boşluqlarına daha asan qatlaşmağa kömək edəcək, həmçinin turbulentlik yaranan zaman baş verə biləcək sərt silkələnmə halında Sizi zədələrdən qoruyacaq. Açılıb-yığılan masaları qatlayın, çünki onlar ilə toqquşma insan sağlamlığı üçün ciddi fəsadlara gətirib çıxara bilər.

Oturacaqların söykənəcəyini şaquli vəziyyətə gətirin

Yüksəkliyə qalxarkən və yerə enərkən, habelə qida qəbulu zamanı oturacağın söykənəcəyi dik vəziyyətdə olmalıdır. Bu tövsiyə əhəmiyyətlidir: qarşınızda oturan sərnişinin geri qatlanmış oturacağı oturduğunuz yerdən çıxmağınızı əngəlləyə bilər.

İllüminatorların  pərdələrini açın

Təyyarənin yerdə hərəkəti, yüksəkliyə qalxması və yerə enməsi zamanı illüminatorların pərdələrini qaldırın. Belə olan halda göydə işıqlandırmanın kəskin surətdə dəyişməsinə uyğunlaşmaq və səmti müəyyənləşdirmək Sizin üçün daha asan olacaq. Pərdələrin açılması hər hansı bir gözlənilməyən hal zamanı göyərtədən kənardakı vəziyyəti gözdən keçirmək üçün lazımdır. Bundan başqa, sərt eniş zamanı plastik pərdənin parçalanaraq Sizi yaralamaq ehtimalı da var.

Siqaret çəkməkdən çəkinin

Təyyarənin salonunda siqaret çəkmək bütün uçuş boyu qadağan olunur, bu qayda elektron siqaretlərə də aiddir.

Alkoqollu içkilərdən sui-istifadə etməyin

Təyyarənin göyərtəsində artıq miqdarda spirtli içki qəbul etməyin. Bu, göyərtədəki digər sərnişinlər üçün narahatçılıq yaratmamalıdır.

Uçuş zamanı "səyahətçinin etik davranış" qaydaları

Uçuşdan öncə ətriyyat vasitələrindən çox istifadə etməyin
Otaracağınızın söykənəcəyini geriyə açmaq istəyiniz barədə arxanızdakı oturacaqda əyləşən sərnişinləri xəbərdar edin.
Ayaqqabını çıxartmaq Sizin qanuni haqqınızdır, lakin bəzi hallarda bunu etməmək daha yaxşıdır.
Uşaqlarınızın davranışlarına nəzarət edin.
Yuxarı rəflərdəki ümumi boş yeri nəzakətsiz şəkildə tutmayın.
Bort bələdçilərinin göstərişlərinə əməl edin.
Ayaqyoluna getməyi əvvəlcədən planlaşdırın.

# 1884
avatar

Oxşar yazılar