3 mart 2021-ci il tarixində aldığım ağır bir xəbər məni dərindən sarsıtdı: əziz dostum, vətənpərvər insan, görkəmli tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli koronavirus xəstəliyinə qarşı apardığı iki aylıq mübarizədən sonra əbədiyyətə qovuşdu.
Onunla tanışlığımızın 19 illik tarixçəsi vardı. Vəfat xəbərini aldıqda xəyalım məni yenidən o illərə aparıb çıxardı. Biz onunla 2001-ci ilin dekabr ayında tanış olmuşduq. O zaman mən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına yeni qəbul edilmişdim. Elmi rəhbərim olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyevin təlimatlarından dərhal sonra akademiyanın Mərkəzi Kitabxanasının oxu zalında ilk elmi axtarışlarıma başlamışdım. Masa arxasında sifariş etdiyim kitablarla tanış olarkən çiynimə ərkyana tərzdə bir əl toxunduğunu hiss etdim. Bu əlin sahibi başımın üstündə dayanaraq eyni ərkyana əda ilə, salamsız-kəlamsız, sanki məni uzun müddətdən bəri tanıyırmışcasına dedi: “Hə, qağa, Səfəvi tarixini oxuyursan? Sən də lap mənim günümdəymişsən ki... Gəl, çıxaq, bir az dərdləşək”.
Dəhlizə çıxdıq, tanış olduq və müəyyən fikir mübadiləsi apardıq. Məlum oldu ki, məndən iyirmi yaş böyük olan bu şəxs Dilavər Əzimlidir. 1992-ci ildə BDU-nun tarix fakültəsindən məzun olaraq aspiranturaya qəbul edilmiş, bir müddət jurnalistika fəaliyyəti ilə məşğul olduqdan sonra yenidən elmi araşdırmalarına davam etmək qərarına gəlmişdi. İlk andan etibarən xeyirxah, mehriban, qayğıkeş və ünsiyyətcil insan olduğu anlaşılırdı. O hadisədən sonra Dilavər müəllimi tez-tez akademiyanın Mərkəzi Kitabxanasında, Nadir kitablar fondunda, Dövri mətbuat və Şərq ədəbiyyatı zallarında görürdüm. İstiqanlı bir şəkildə hal-əhval tutar, bəzən öz oxuduğu əsərləri mənə tövsiyə edər, bəzən də öz şəxsi kitabxanasından mənim üçün kitablar gətirib gələrdi.
Əgər səhv etmirəmsə, 2003-cü ilin sonlarında Dilavər müəllimlə AMEA Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində, Oqtay müəllimin otağında qarşılaşdıq. Artıq Dilavər müəllim də bizimlə eyni şöbədə çalışacaqdı. İlk günlərdən etibarən kollektivə qaynayıb-qarışdı və hamının hörmətini qazandı. Son dərəcə pozitiv və optimist bir insan idi, həmişə öz içindəki müsbət enerjini böyük bir səxavətlə ətrafa yaymağa çalışardı. Malik olduğu elmin zəkatını verməyi, yəni biliklərini paylaşmağı da əsla yaddan çıxarmazdı. Məntiqli elmi mühakimələri ilə ətrafındakı insanları heyran etdiyi kimi, duzlu zarafatları ilə də hamıda xoş ovqat yaratmağa nail olurdu. Onun olduğu mühitdən gülüş səsləri əskik olmazdı. 2014-cü ildə mən öz elmi-pedaqoji fəaliyyətimi Türkiyədə davam etdirməyə başladıqdan sonra da Azərbaycanda ən çox əlaqə saxladığım tarixçi məhz Dilavər müəllim idi. Məzuniyyət və ezamiyyətlər əsnasında Bakıya gələrkən ilk işlərimdən biri Dilavər müəllimə zəng edərək, onunla görüşüb söhbətləşmək olurdu.
Müxtəlif vaxtlarda onunla Şamaxıda, Lənkəranda, Ərdəbildə, Təbrizdə, Urmiyada, Ankarada, Eskişehirdə, Uşakda, Vanda və digər yerlərdə elmi ezamiyyətlərdə olmuş və müxtəlif konfranslarda birlikdə iştirak etmişik. Bu səyahətlər əsnasında Dilavər müəllimin bir şəxsiyyət və alim kimi ən gözəl xüsusiyyətləri bir daha özünü büruzə verirdi. Əgər bizim heyətimiz içində hər hansı bir şəxsin sağlamlıq, sənədləşmə və s. ilə bağlı problemi olsaydı, məhz Dilavər müəllim qabağa düşüb ağsaqqallıq edər, məsələnin həlli üçün əlindən gələn əsirgəməzdi. Sadəcə, dostları və tanışları ilə münasibətdə deyil, digər insanlara qarşı da qətiyyən laqeydlik göstərməzdi. Yəqin ki, onu tanıyanlar bu barədə çox sayda nümunələr göstərə bilərlər. Bir dəfə Türkiyə-İran sərhədində yükdaşıyan işləyən və epilepsiya xəstəsi olan cavan bir oğlan qəflətən qıc olub, yerə yıxılaraq çapalamağa başladı. İş yoldaşları və ətrafdakı polislər bir anda panikaya düşdülər. Hamının “doktor, doktor” deyə qışqırdığı bir vaxtda məhz Dilavər müəllim heç vaxt itirmədən, soyuqqanlı bir şəkildə hadisə yerinə qaçıb, əlini xəstənin ağzına uzadaraq onun dilinin içəriyə doğru qatlanmasına mane oldu. Bir neçə dəqiqə sonra kritik vəziyyət sona çatdı və oğlan özünə gəldi. Ancaq xəstə anlaqsız halda Dilavər müəllimin əlini yaman dişləmiş və qanatmışdı.
Dilavər Əzimli təbiət etibarilə mülayim bir insan idi. Lakin vətən, millət və milli tarix məsələləri müzakirə edilərkən həmin mülayimlikdən əsər-əlamət qalmaz, bu polemikalarda öz mövqeyini qətiyyətli şəkildə müdafiə edərdi. Çünki vaxtilə milli azadlıq hərəkatında və Birinci Qarabağ müharibəsində iştirak etmiş Dilavər müəllim sözün əsl mənasında vətənpərvər bir ziyalı idi. O, həm də akademik tarixşünaslığımızın xalqa açılan qapısı idi. Tarixi faktları heç kim onun qədər sadə bir dillə izah etmirdi. O isə heç bir vaxt özü ilə sıravi vətəndaş arasında qəliz elmi terminologiyadan ibarət sədd çəkməyə çalışmazdı. Sadə, birbaşa və açıq mətnlə danışardı. Məhz bu səbəbdən də geniş oxuyucu və tamaşaçı auditoriyasının sevimlisinə çevrilmişdi. Getdiyi hər yerdə Azərbaycanı layiqli bir şəkildə təmsil edərdi. Xüsusən də Şimali Qafqaz respublikalarında – Dağıstan və Çeçenistanda keçirilən müxtəlif elmi toplantılarda fəal iştirakı və şəxsi əlaqələri sayəsində bu ölkələrin elmi müəssisələri ilə Azərbaycan tarix elmi arasında möhkəm rabitənin qurulmasını təmin etmişdi.
Türkiyədə Dilavər müəllimi səmimi qəlbdən sevən çox sayda müəllim və tələbə heyəti var. Dilavər müəllimin xəstə yatdığı vaxtlarda Türkiyənin müxtəlif universitetlərində çalışan çox sayda alimlər mənə zəng edərək onun əhvalını xəbər alırdılar. Maraqlıdır ki, soruşanların heç biri onun adını “Dilavər hoca” deyə çəkmir, hamı ona “Dilavər abi” deyirdi. Bu isə Dilavər müəllimin nə qədər səmimi və mehriban bir insan olduğunun bariz bir göstəricisidir.
Dilavər Əzimli bir alim kimi əsas etibarilə son orta əsrlərdə Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin və Azərbaycanın ictimai-siyasi həyatında sufi təriqətlərinin rolunun öyrənilməsi istiqamətində mühüm elmi araşdırmalara imza atmışdı. Əsərləri Azərbaycandan savayı, Türkiyədə, Gürcüstanda, Rusiyada, Özbəkistanda və İranda nəşr edilmişdi. 17 il ərzində AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda çalışmış, həmçinin respublikamızın müxtəlif ali məktəblərində, o cümlədən Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı İslam Universitetində tarix dərsləri vermiş, vətənpərvər gənclərin yetişdirilməsinə əvəzsiz xidmətlər göstərmişdi.
Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun, ey böyük ustad və əziz qardaş! Əmin ol ki, elmi ictimaiyyət, dostların, tələbələrin və sevənlərin səni əsla unutmayacaq. Sənin elmi irsin bir mayak kimi hər zaman bərq vuraraq, yeni nəsillərə və tarixçilər ordusuna yol göstərməyə davam edəcək.
Prof. Dr. Namiq Musalı
Kastamonu Universiteti Tarix Bölümü