Şuşa  – Göy Tanrı yurdunun Kəbəsi
01 iyul 2022 14:00 (UTC +04:00)

Şuşa – Göy Tanrı yurdunun Kəbəsi

Şuşa mənim hüdudsuzluqdan gələn düşüncələrimin, saf duyğularımın, Göy Tanrıya ucalan ruhumun şəhəridir. Ona etdiyim səfər ora getdiyim səfərdən daha öncəyə təsadüf edir. Ona olan məhəbbətim hələ uşaqkən kitabxanada rast gəldiyim bir foto-kitabdan başladı...

1988-ci il idi. 10 yaşım vardı. Kəndimizdəki kitabxanada eşələnirdim. Üzərində rus dilində “Dağlıq Qarabağ” yazılmış nəfis tərtibatlı parlaq bir kitabı vərəqləyirdim. Elə həmin vərəqlər arasından da vuruldum Şuşaya, Qarabağa. Bir uşaq sevdası idi onunla qovuşmaq, ora getmək. Kimə deyə bilərdim? Kim anlaya bilərdi, bir uşağın şüşə kimi saf Şuşa eşqindən? İlk sualı o zaman kitabxanaçı işləyən əmimə ünvanladım. “Əmi, məni Şuşaya apararsan?”- Tərs nəzərlə süzdü məni və qeyri-müəyyən bir ünvana yönəltdi: “Get dərslərini oxu. Böyüyəndə gedərsən...”

Deməli, Şuşaya getmək üçün böyümək lazım idi. Uşaqlıqdan anladım ki, Şuşaya getmək özü də bir hüquqdur, üstünlükdü. Ona haqqın və hüququn çatsa, gedə bilərsən. Çatmasa yox. Ora getmək üçün ilkin şərt məhz böyüməkdi... Təkcə fiziki böyüməkmi? Yox. Mən böyümədən Qarabağda təlatümlər başladı, hərbi təcavüz törədildi, Şuşa ermənilər tərəfindən işğal olundu. Mənim vurulduğum Şuşa o zaman iri çaplı silahlardan vuruldu. Mən böyüyüncə Şuşa içimdə yavaş-yavaş yoxa çıxırdı... Yanırdı. Həmin o şəkil-kitabı da sonradan o kitabxanada tapa bilmədim... Hara getmişdi Şuşa? Hətta şəkillərdə yaşayan Şuşa belə yoxa çıxmışdı. Bütün köhnə sovet dövrünə aid kitabları məhv edirdilər, yandırırdılar. Şəkil-kitabı da digər kitablarla birlikdə yandırmışdılar, Şuşanın özü kimi... O zaman mənə elə gəldi ki, bir daha Şuşanı görməyəcəyəm. Elə bilirdim ki, bu ilk şəhər-eşqimi əbədi itirdim...

... Amma itirməmişdim. Şuşaya getməzdən bir gün öncə Akademik Milli Dram Teatrında “Zəfər Yolu” qəhrəmanlıq dramına baxırdım. Səhnədə taxtadan sıldırım qayalığa bənzər bir tərtibat qurmuşdular. Aktyorlar sürünərək ora dırmanırdılar. O qədər məşq etmişdirlər ki, birnəfəsə çıxırdılar. Səhnə-qayanın lap yuxarı başına çatan bir aktyor-əsgər Azərbaycan bayrağını səhnənin ən hündür yerinə sancdı. Tamaşa bitdi...Və Şuşa bizim idi.

Elə bu vaxt zəng gəldi: “Sabah saat 6.30-da Şuşaya çıxırıq”.

Zəfər yolu bizi Şuşaya tərəf aparırdı. Bu real və həqiqi yol idi. Bu Tanrının yolu, Haqqın yolu idi. Özümüz çəkdiyimiz, özümüz açdığımız yol - Zəfər yolu idi. Heç kimin yolu deyildi. Öz yolumuz idi.

Yavaş-yavaş Şuşaya doğru qalxırıq... Deyəsən, çatdıq. Xəyallarımda qurduğum, həmin yandırılmış şəkil-kitabda gördüyüm Şuşanı axtarırdım. Hanı o Şuşa? Şəkil-kitabda gördüyüm Şuşa yox idi. Başqa bir şəhər var idi. Uşaq sevdalarımla vurulduğum Şuşa bu idimi? Müharibələr təkcə insanları və şəhərləri məhv etmir, onlar həm də sevdaları məhv edir, saf duyğuları öldürür... Bir uşağın içində böyütdüyünü o uşaq böyüyüncə əlindən alır müharibələr...

Mən 44 gündə azad olunmuş bu torpaqlara 44 yaş böyüyüb qovuşdum.

Şuşaya mənəvi olaraq böyümədən getmək olmaz. Günahdı.

Daşaltıdan keçəndə bu yurdda, bu torpaqda vuruşan hərbiçilərimizi, qazilərimizi və şəhidlərimizi düşünürdüm. Düşünürdüm ki, şəhidlərimizin ruhu hardasa buralardadır. O ucalıqda... Göy Tanrının ucadan uca olan Şuşa göylərində. Onların qanı dəymiş hər bir daşı Qara daşdı, Kəbədi, ziyarətgahdı... Ruhlar şəhəridi Şuşa.

Hərbiçilərimiz də burdaydı. Yuxarıda postda... Hər bir daşına başı ilə cavabdeh olan Azərbaycan əsgəridi burdakılar. Vətən boyda Əsgər. Şuşa ucalığında Əsgər.

Qazilər isə... Bəlkə bu şəhərə gəlmək heç mənim yox, məhz onların haqqı idi. Bəlkə mənim bu şəhərə gəlməyə doğurdan da heç hüququm çatmırdı. Adam belə məqamda lap qəribə hiss edir özünü. O qədər bu şəhəri görmək istəyənlər var ki... Bəlkə mən kiminsə haqqına girirdim. Çünki, o insanlar Daşaltının üstündəki bu qayalıqlarla qalxmışdılar bu şəhərə... Sən isə rahat, sərin komfortlu avtobusla... Dostum Xalidi xatırladım. 44 günlük Vətən savaşında Daşaltıda xidmət etmiş zabit idi. Zəngləşdik. Dedim burda olmaq sənin haqqındı. Dedi “mən zatən oraları vuruşa-vuruşa gəzmişəm. Mən Şuşanı tam mənada abad olunca görmək istəyirəm. Sən illərdi erməni cinayətlərindən, erməni təcavüzündən hüquqi yazılar yazırsan. Erməni cinayətlərinə şahidlik etmiş bu şəhəri bir hüquqçunun da “dindirməsi”, bu şəhərdə faktları öz gözü ilə görməsi çox lazımdı... Şuşa tam abad olunca, ikimiz yenə də gedərik”. Xalid - Şuşanı real qaytaran adam, məni işğaldan qurtulmuş Şuşadan yenidən səkil-Şuşaya qaytardı. Bərpa etdi Şuşanı düşüncəmdə. Qaytardı Şuşanı mənə, məni Şuşaya.

Viranə edilmiş bu şəhər hətta belə vəziyyəti ilə də xoşbəxt görünürdü. Çünki, orada məhz bizim bayrağımız dalğalanırdı. Çünki, orda küçələrdə doğma insanlar gəzişirdi. Çünki, evlərinin bacalarından iki azman türk dövlətinin bayraqları asılmış Şuşanın məscid minarələrindəki, qala divarlarındakı, heykəllərindəki güllə izləri izini itirə biməmişdi bu şəhərin... Ruhunu sındıra bilməmişdi...

Bura Şuşa idi. Oraya gedənlərin əksəriyyəti təngənəfəs şəkildə Cıdır düzünə qalxırdı. Yorulub əldən düşənlər də vardı. Cıdır düzünə Daşaltının qayalarından, dağlarından qalxan igidlərimiz yadıma düşdü. Onlar nəinki özləri, hətta yaralı əsgər yoldaşlarını belə çiyinlərində daşısalar da, yorulmurdular, təngənəfəs olmurdular. Onlar ya son nəfəslərini əbədi verirdilər bu topraq uğrunda, ya da yorulmağı yasaq bilirdilər özlərinə. Bütün bunlar teatr tamaşası deyildi, real həyat və qəhrəmanlıq hekayəsi idi.

Şuşanı ziyarət edənlər, özünüzə səhnə düzəldin, süni qayalıqlar yaradın, məşq edin o səhnədə. Heç olmasa, Şuşaya gedəndə təngənəfəs olmayın. Ya da heç getməyin. Şuşa sizlik deyil. Şuşaya birnəfəsə qalxmaq lazımdı. Təcrübə belə formalaşıb. Cıdır düzünə qalxdınızsa, orda nəfəs alacaqsız. Şəhidlərin nəfəsi var orda. Tanrının nəfəsi var Cıdır düzündə.

Şuşada dəyişməyən bir Cıdır düzü idi. Şəkil-kitabda gördüyüm kimi qalmışdı. Ermənilər orda yallı gedəndə bu daşlaşmış xarıbülbüllü torpaq incimişdi bizdən. İndi tamam başqa idi, fərqli idi Cıdır düzü. İndi bu düz təkcə Şuşanın dağlarına açılan dümdüz düz yox, Azərbaycan əsgərinin sarılaraq ucalığına qalxdığı dağların düz üzü idi... Dağlarını aşdıq, daşlarını ram etdik. Cıdır düzünə - DÜZə çatdıq, haqqa çatdıq.

...Və Dədə Qorqud gəldi, “Dağlıq Qarabağ” yox, “Qarabağ” qoydu bu yerin adını. Göy Tanrının hifz etdyi türk əsgərinin al qanıyla suvarılan qara daşların altında müqəddəs Torpaq, böyük Türk düzü, Türk yurdudu buralar. Göy Tanrının Evi - Kəbəsidi Şuşa. Üstündə “Dağlıq Qarabağ” yazılmış yandırılan o şəkil-kitabın əvəzinə, üzərində ortaq türk dilində “Qarabağ” yazılan müqəddəs kitabdı Şuşa. Ziyarət yerimiz, and yerimizdi Şuşa.

Səyyad Məcidli, hüquq elmləri üzrə fəlsəfə doktoru

# 3399
avatar

Oxşar yazılar