Sükutun ZÜLMƏTİ  – Həkim səhvinin qurbanı olan VÜQARIN HEKAYƏSİ
19 avqust 2024 17:14 (UTC +04:00)

Sükutun ZÜLMƏTİ – Həkim səhvinin qurbanı olan VÜQARIN HEKAYƏSİ

Ən vacib ünsiyyət orqanı hansıdır?

Yəqin ki, çoxunuz bu suala “dil” cavabını verərdiniz. Amma bir də ünsiyyəti səssiz və sözsüz olanlar var.

Elə həkim səhvinin qurbanı olan 50 yaşlı dərzi Vüqar kişi kimi...

Vüqar Qurbanov 1974-cü il martın 12-si Ağcabədi rayonunda anadan olub. Hələ bir yaşı olmamış qulağında yaranan xəstəliyi müalicə etmək üçün həkimə üz tutublar. Amma bu da onların xəstəlikdən sığınacağı ünvan olmayıb. Həkimin yazdığı yanlış müalicə nəticəsində Vüqarın qulaqları tutulur, eşitməsi pozulur. Ömrünün qalan hissəsini lal və kar olaraq yaşamağa məcbur qalır. 6 yaşında qüsurlu uşaqların oxuduğu məktəbdə təhsil almağa başlayır.

Eşitməyən və danışmayan, lakin düşüncələrini jestlə izah edənlərin yalnız xüsusi məktəbləri yox, ilk növbədə öz dünyaları olur.

Vüqar da öz dünyasını qurmağa başlayıb.

Lent.az kollektivi olaraq həyatında yaşadığı çətinliyə uduzmayaraq öz dünyasını quran Vüqar Qurbanovu ziyarətə getdik.

Yol boyu məni düşündürən bir məsələ var idi. Axı mən jest dilini bilmirəm, onunla necə ünsiyyət quracam?

Qapıda bizi həyəcanla gəlməyimizi gözləyən Vüqar bəy və onun bacısı Elnarə xanım qarşılayır. Salamlaşıb, içəri giririk. Bizi görən kimi uşaqlıqdan bəri olan quş sevdasını göstərməyə başlayır. Bəslədiyi 36 dənə rəngbərəng quşları yuvasından çıxarır.

Elə ünsiyyətimizə də Elnarə xanım vasitəçilik edir. Bizim sualımızı Vüqar bəyin oğlu və bacısı əl jestləri ilə ona çatdırır.

Elnarə xanım deyir ki, qardaşı təzə doğulanda eşidirdi, hər şey qrip virusuna yoluxduqdan sonra başlayıb:

“Vüqarın bir qulağı tam, bir qulağı da zəif eşidirdi. Qrip virusuna yoluxdu, həkimə apardıq. Həkim səhv müalicə elədiyi üçün digər qulağı da tutuldu və dili də lal oldu. Həyatını belə davam etdirdi. 6 yaşında Mərdəkanda internat məktəbinə getdi. Oradakı uşaqlar da Vüqar kimi idi. Ona görə çətinlik olmadı”.

Vüqar kişi öz həyatı kimi işində də 37 ildir ki, “yüz ölçüb bir biçir”. Dil qüsuru və eşitməməsi onun işləməsinə mane olmur. O, bəzən yazaraq müştəriləri ilə ünsiyyət qurur:

“Atam 28 Mayda dərzi tanışı var idi. Uşaqlıqdan onum yanına qoydu Vüqarı. Uzun illərdi elə həmin dərzi yerində işləyir. Dərzi üçün müraciət edənləri başa düşə bilir. Tikiləcək, kəsiləcək yerləri ya göstərir, ya yazır. Həm də bizlə danışa-danışa dodaq oxumağı öyrənib. Özünün illərdi daimi müştəriləri var. Buna görə rahat başa düşürlər”.

1996-cı ildə ailə həyatı qurduğu xanım da nitq qüsurludur:

“Qardaşım yoldaşı da nitq qüsurludur, o da sonradan olub. İki oğlu var. Övladları bizdən də yaxşı başa düşür. Gözlərini açandan ata və anasını belə görüblər. Artıq onlar da əl jestləri ilə danışmağı öyrəniblər. Oğlu həmişə deyir ki, ana dilindən qabaq bunu öyrənmişik”.

Sualları əl jestləri ilə başa salan Vüqar Qurbanovun üzündə qəribə bir təbəssüm var idi. Sanki bizim ora gəlməyimiz, danışmağımız ona ayrı bir xoşbəxtlik verirdi.

Elnarə xanım deyir ki, Vüqar özünə dost olaraq bu göyərçinləri görür. İşdən gələndə, işə gedəndə bütün günü onlarla olur:

“Göyərçin sevdası uşaqlıqdan var. Anam sonralar qoymadı saxlamağa. Güc-bəla razı saldıq yenidən quşlar aldı. Baxmağa başladı. İndi 36 dənə quşu var. Öz də quşbazlar arasında bir şey var. Kim kimin quşunu oğurladısa, qaytarmır”.

Bəs, yolda görəndə necə səsləyirsiniz?

“Bir qulağı tamamilə eşitmir, digəri isə çox zəif eşidir. Məsələn, Qurban qabaqda gedir mən arxadan onu çağırmaq üçün ayağımı yerə möhkəm vururam. Ayağımın yerə vurduğumu hiss edir, o zaman çönür arxaya baxır”.

Bunu da deyək ki, lal və kar insanları başa düşən və başa salan şəxsə surdo-tərcüməçisi deyilir. Yəni işarət dili ilə danışanlar.

Bu da belə... Özünü sözlə deyil səssiz başa sala bilənlərin yanında olaq.

Fotolar: İlkin Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6312
avatar

Fidan İlqar

Oxşar yazılar