Sizdə bu əlamətlər var? –  O zaman gün vurub
09 avqust 2023 18:30 (UTC +04:00)

Sizdə bu əlamətlər var? – O zaman gün vurub

Son günlər paytaxt və ətraf ərazilərdə havanın temperaturunun normadan yüksək olması günvurma məsələsini gündəmə gətirib. Çünki uzun müddət günəşə məruz qalmaq təkcə günəş yanığı deyil, həm də günvurma və ya istilik vurmasına səbəb ola bilər. 

Bu səbəbdən günvurmanın əlamətlərini, ona qarşı hazırlıq tədbirlərini, ondan necə qorunmağı və baş verdiyi zaman zərərçəkənə ilkin tibbi yardımın necə göstərildiyini bilmək vacibdir.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən terapevt Abbas Bağırov ciddi məsələləri diqqətə çəkib:

Onun sözlərinə görə, təbiətdə gedən proseslər kəskin iqlim dəyişiklikləri ilə özünü göstərir:

“Hərarətin normadan yüksək olması, iqlim normativlərinin kəskin dəyişməsi insan orqanizminə mənfi təsir edir. Bu dəqiqə tibb işçiləri və səhiyyə qarşısında həll olunması vacib olan məsələlərdən biri də budur. 

Əsasən günün səhər saat 10-11-dən 17-18-dək olan müddətində kəskin günəş təsirindən qorunmaq lazımdır. Məhz günəş pik nöqtəsinə qalxanda, yəni zenit nöqtəsində olanda Yer kürəsinə ultrabənövşəyi şüaların sayı çoxalır və şüaların orqanizmə zədələyici təsiri artır. 

Belə olan halda birinci mərkəzi sinir sistemi, daha sonra baş beyin sistemi günəşin şüasının məruz qalır. Nəticədə beyin qan dövranında, beyin nediatoranın balansının pozğunluğuna səbəb olur. Bu da öz növbəsində sinir və endokrin sistemində baş verən dəyişikliklərin ortaya çıxmasını təmin etmiş olur”. 

Terapevt günəş şüasının təsirinə məruz qalmanın 3 mərhələsindən danışıb:

“Əsasən, qan təzyiqi yüksək olan xəstəliklər, qanın tromblaşmasına meylli olanlar, sinir sistemi epilepsiyası və diabeti olan xəstələr özlərini qorumalıdır. Bu qorunmanın birinci metodu günəş şüasının təsirindən yayınmaqdır. Günəş şüasının təsirinə məruz qalmanın 3 mərhələsi var: Yüngül, orta və ağır dərəcəli günvurmalar. 

Yüngül və orta günvurmaları adətən ev şəraitində aradan qaldırmaq mümkündür. Belə ki, ilk növbədə günəşin təsirinə məruz qalan şəxsi kölgəlik yerdə böyürüstə uzatmaq lazımdır. Daha sonra, boynuna və başına soyuq kompres qoymaq, bol maye təmin etmək və ventilyasiyanı artırmaqla digər zəruri tələbləri icra etmək lazımdır. 

Orta və ağır dərəcəli günvurmalarda müvazinətin itməsi, baş gicəllənmə, təzyiqin kəskin dəyişməsi bəzən hipertonik kriz formasında özünü göstərir. Bu hallarda isə artıq tibbi yardım qaçılmaz halları gəlir”. 

A.Bağırov geyimlərə diqqət etməyi məsləhət görüb:

“İsti havalarda əhali istirahət və turistik zonalara meyillənir. Yaddan çıxartmamaq lazımdır ki, dağlıq və yüksək relyefli yerlərdə günəşin ulturabənövşəyi şüalarının təsiri daha güclü, daha zədələyici olur. Mütləq günün isti və qızmar vaxtında günəşin şüalarından yayınmaq lazımdır. Çimərliklərdə günəş şüasının orqanizmə, dəriyə yandırıcı təsirindən qorunmaq üçün günün günorta çağlarında çimərliklərdə açıq havada qalmaq, xüsusən, azyaşlılara və yaşlı nəslə məsləhət görülmür. Eyni zamanda, sintetik paltar geyinməsinlər, açıq rəngli, təbii liflərdən hazırlanmış geyimlərdən istifadə etsinlər. 

Bəzi insanlar var ki, onlar hipertoniyaya meyillidir. Onlarda bədəndə mayenin artıq miqdarı fəsadlar yarada bilər. Bu insanlar maye qəbuluna ciddi riayət etməlidirlər. Spirtli içkilərin və ağır yeməklərin qəbulu tövsiyə olunmur. Meteo həssas insanlar az-az, amma tez-tez qidalanmalırdır. Yüngül və sağlam pəhriz qidalardan istifadə etməli, sağlam qidalanma rejiminə keçməlidir”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4950
avatar

Fidan İlqar

Oxşar yazılar