Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynalı Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib.
Onunla vida mərasimi keçirilib. Sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak edib. Rayon rəhbəri üç rəngli bayrağı atasına təqdim edib.
Qeyd edək ki, şəhid Hüseynalı Nəbiyev subay idi.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.