Ruhlar şəhəri Ağdama ruhani səfər - BİZİM ŞƏRH
18 sentyabr 2021 16:15 (UTC +04:00)

Ruhlar şəhəri Ağdama ruhani səfər - BİZİM ŞƏRH

Səhər saat 6, Park Bulvarın qarşısı…

Şəhər hələ yatıb… Bizi Agdama aparacaq avtobus da görünmür. Yəqin, 7-də gələcək. Bir saat var hələ.… Bulvara çıxım, dənizin sahilindən bir, “Bakı, sabahın xeyir” deyim bu mehriban şəhərə. Səfər üstdəyəm, xeyir-duamı alım ondan, Bir saata Agdama gedirik axı...

İki gün əvvəl bir cavan oğlan zəng çalmışdı, Agdamdakı Xüsusi nümayəndəlikdən, adı Ümid idi idi. Dedi ki, İlqar müəllim, sizə bir borcumuz qalıb, onu ödəmək istəyirik; bir qrup rayon ağsaqqalının adından, bir məktub imzalamışdınız, Ağdama səfərlərin təşkil olunmasını arzulayırdınız. Getmək imkanınız varmı?.. Əlbəttə, dedim.

İşə bir bax, adın Ümid ola, özün də işıqlı ümidləri cücərtməklə məşğul olasan…

 

Bulvara çıxdım, düz dəniz qırağına gedib, məhəccərinə söykəndim, əzəmətli şəhərimizə baxdım… Oyanırdı Bakı, pəncərələrdən işıqlar boylanırdı.

Mən dönəndə, avtobusumuz artıq bura idi, ziyarətçilər də, ikibir, üçbir gəlirdilər. Tanış, simsar insanlar, gözəl ziyalılar… Hamının üzündə dərdli-qayğılı bir nur vardı. Axı, gənc ikən tərk etdiyimiz şəhərimizə, öz Ağdamımıza gedirdik…

Hamı gəldi, adlarını çəkməyəcəm, amma, görkəmli sənətkarımız, tarzən Ramiz Quliyevlə oğlu Eyyubu, ilahiyyatçı dostumuz Hacı Fərmanı görəndə, sevindim - o məktubu Hacı Fərman da imzalamışdı…

Hamı bir-birinə gözaydınlığı verir, bizi arzumuza qovuşduran uca Yaradandan ziyarətlərinin qəbulunu diləyirdi…

Nə isə… Yola çıxdıq.

Hacı Fərman mikrofona keçib, əsl meydangir kimi, məclisimizi ələ alanda, lap şad oldum, çünki, yaxşı şairliyi də vardı. Mən istəmirdim ki, camaat yolboyu öz fikirlərinə qərq olub, həsrətlə gözlədiyi Agdamı necə görəcəyinin ağrısını çəksin…

Hacı şəhidlərimizin ruhuna bir dua verib, qazilərimizi yad elədi, bir-iki şerini oxudu, sonra élan etdi ki, yolboyu hamı mikrofona keçib, ürək sözlərini dilinə gətirməlidir. Danışmaq fikrim yox idi, elə avtobusun bu başından ona göz elədim ki, mənə söz verməsin, sag olsun, sözümü yerə salmadı…

İnsanlar danışdıqca, nələr keçmədi xəyalımdan… İnanın ki, mən bu otuz ildə, ağrı-acılarımızla baş-başa qaldığımız otuz ildə belə səmimi xatirələr eşitməmişdim. İnanın ki, bu adamların hər birinin danışdığı öz şəxsi yaşanlıları idi…

Çox təəssüfləndim ki, yanımda kamera yoxdur, o mərəkəni çəkə bilmədim. Çəkib, efirə versəydin, vətən sevgisinin nə demək olduğunu, o müqəddəs şirinliyə qovuşmuş əzəmətli acının – el-oba həsrətinin və o həsrətin vüsal adlanan sonunun nə demək olduğunu hamı bütün əzəmətilə dərk edərdi. Belə səmimi yaşantılar adamı yüz kitabdan artıq anladır vallah, hər cümlənin arxasından bir insan taleyi boylanır… Kimlər yad olunmadı ki?.. Hamı vardı o geniş avtobusda. Özləri olmasa da, ruhları bizimlə idi, Ruhlar şəhəri Ağdama bizimlə gedirdilər, bizim içimizdə gedirdilər…

 

Quzanlı… Ziyarətçilərin qalan hissəsini də burdan götürəcəkdik. Sağ olsun ziyarətin təşkilatçıları, xeyi adam da, Quzanlıdan mindi, bələdçilərimiz də onların arasında idi. Amma, təbii ki, bayaqdan bəri bu ilıq ortamda bərqərar olmuş auraya elə tez qovuşa bilməzdilər… Yenə, tanış sifətlər, doğma insanlar… Artıq, hər kəs öz fikirlərilə baş-başa idi, yaddaşının qucağında pərvazlanırdı...

Ağdamın girəcəyində nəzarət postu, sənədlər yoxlandı, tərpəndik…

İlk dəfə bura gələndə səfər təəssüratımı bölüşdüyüm yazımın adı yadıma düşdü: Gedirəm bu yolları, üzü Agdama sarı…

İndi, bu yollar da məni tanımaz, nabələd qonaq sayar, axı otuz il az deyil. Onda mən də başqa idim, Ağdam da...

İlk dayanacağımız bir zamanlar Agdamın başçısı olmuş rəhmətlik Aydın Quliyevin evi ilə üzbəüzdə qurulmuş gözəl pavilyonda oldu. Mən burda bir dəfə olmuşdum, onda Prezidentimiz yeni Agdamın layihəsini ağdamlılara təqdim edirdi.

O gözəl, sevinc dolu səfərdə maraqlı bir hadisə baş vermişdi, yadıma o düşdü. O vaxt bizim avtobus meydançaya çathaçatda sürücümüz üzünü mənə tutdu ki, ay İlqar müəllim, mən Agdam məscidində şəkil çəkdirməsəm, evə buraxmazlar. Dedim, ki, görüşdən sonra, çəkdirərik. Dedi, imkan olmayacaq, bilirəm, Prezident gələnə kimi, çatdırarıq. Dedim, ay bala maşını buraxmazlar axı, dedi ki, bizim nömrələrə dəymirlər. Mən də, partizanlığıma salıb, getdik dedim…

Qısası, meydançaya sarı dönmədik, Cümə məscidinin xarabalıqlar arasından boylanan minarələrinə tərəf üz qoyduq. Heç beş dəqiqə çəkmədi Qərbi Zəngəzurdan olan o qoçaq oglanla, başqa yoldaşlarımla şəkil çəkdirdik, vaxtında da, qayıtdıq…

Bizi indi bu pavilyonda Agdamda Prezidentin Xüsusi nümayəndəsi Emin Hüseynov gözləyirdi. Təbii ki, sevindik, yurdumuzla ziyarətə nə qədər tələssək belə, çox şeyi bilmək üçün əla fürsət düşmüşdü əlimizə - indi Ağdamdakı vəziyyəti ondan yaxşı kim bilir ki?..

Çox şeydən danışdıq, camaat ona da, cavanlardan ibarət kamandasına da, təşəkkürünü bildirdi, amma, umacaqlarımızı da, dilə gətirdirdik, yoxsa, ağdamlı olmazdıq ki… Tam viran qalmış Qarahacı qəbristanında salınacaq böyük parkda bir möhtəşəm abidə istəyirdik, üzərində xatırladığımız mərhumların adları yazılsın… İndiki mərhələdə əsas arzumuzisə, gələcəkdə Ağdam şəhər məzarlığı olacaq yerin indidən, lap tezliklə ayrılması idi, bunu müraciətimizdə də, yazmışdıq.

Hacı Fərman o barədə danışa-danışa, mənim yadıma bu uzun illərdə torpağa öz vəsiyyəti ilə əmanət tapşırılan eloğlularım düşdü. Bilirsiniz, əmanət dəfn çox ağır şeydir, içində torpaq niskili ilə bu dünyadan köç edən bir ruhun əbədi narahatlığı, həm də, ən dəhşətlisi, oğul-uşağının boynuna qoyub-getdiyi ağır yük var. Və indi, artıq yaşı ötmüş, zəifləmiş insanlarımız var. Ömrə vəfa yoxdur, kim bilir nə vaxt köçəcək? istəyirdik ki, dünyanı dəyişənlərimizi üç-büş nəfərin müşayiətilə gətirib, doğma elində dəfn edək, ruhları tez rahatlıq tapsın…

Bu yerlərdə çox zəruri işlər aparıldığını, yeganə rəqibimizin məhz vaxt olduğunu özümüz də, bilsək belə, artıq əsl agdamlıya çevrilmiş, bizim dərdimizi az qala, elə özümüz qədər bilən Eminin cavabından məmnun qaldıq, sağ olsun. O dedi ki, bura səfər arzunuz necə baş tutdusa, qalanları da elə olacaq, mümkün qədər tez, hər şeyi nəzərə alacağıq…

Emin danışdıqca, ona, yanındakı gənc komandasına baxırdım. Parlaq Agdam günəşinin altında necə yanmışdılarsa, vallah elə bizim kənd adamına oxşayırdılar… Bizdən üzrxahlıq edib, dedi ki, AzTV Şahbulaqda veriliş çəkir, mən sizdən təəssüflə ayrılmalıyam…

Sağolaşdıq, əziyyətinizi bizə halal edin deyib, yola düzəldik, Agdamı gəzib, axırda Şahbulağa qalxacaqdıq.

Yolboyu fikirləşirdim ki, yaxşı ki, Bakıdan gələndə, avtobusda etdiyimiz söhbətlərdən həm ağlaşmışdıq, həm gülüşmüşdük, konstruktiv fikir mübadiləsinə, əməli təkliflər verməyə hazır idik. Bir də, onu düşündüm ki, yaxşı olardı belə səfərlərə gələnlərin hamısı özü ilə Ağdamın gələcəyinə dair təkliflər gətirsin. Onda bu ziyarətlərin gələcəyəmizə də bir faydası olardı…

Və Şahbulaq qalası…

Ağdam səfərinin məntiqi sonluğu kimi, çox istərdim ki, Vatsapıma gəlmiş bir səslə tanış olasınız. Düzdür, yazıçı Məmməd Əkbərin qızı, Şöhrət Ordeni ilə təltif olunmuş, məşhur hüquq müdafiəçisi, özümə böyük bacı saydığım Səidə Qocamanlının bu sözləri bizdən bir gün əvvəl, anası Səyyarə xalanın vətəni Şuşaya etdiyi səfərin təəssüratıdır, amma, nə fərqi? İstəyirəm, ordumuz da, xalqımız da, Komandanımız da bilsin ki, el-obasına həsrət qalmış insanlara nələr bağışlayıb…

# 1710
avatar

Oxşar yazılar