"Repetitorlar vergi ödəməlidirlər"  - Yayınanlar bu qədər cərimələnəcək
23 sentyabr 2026 14:05 (UTC +04:00)

"Repetitorlar vergi ödəməlidirlər" - Yayınanlar bu qədər cərimələnəcək

1

Bir çox mərkəzlərdə, kirayə mənzillərdə müəllimlər repetitorluq fəaliyyəti məşğul olurlar.

Görəsən, həmin şəxslər xidmətlərinə görə vergi ödəyirlərmi? Ümumiyyətlə, repetitorların hər biri vergi ödəyicisi olmalıdır?

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev Lent.az-a bildirib ki, repetitorlar qanuni şəkildə vergi ödəməlidirlər:

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə  qabaqcıl ölkələrdəndir - AZƏRTAC

“Dünyanın bir çox ölkəsində, o cümlədən qardaş Türkiyədə repetitorluq fəaliyyəti var. Repetitorların təhsilə verdiyi töhfə nəzərə alınaraq bir sıra ölkələrdə onların fəaliyyətinə müəyyən güzəştlər tətbiq olunur.

Repetitor göstərdiyi xidmətə görə ödəniş alırsa, fəaliyyəti qanuni olmalı və vergi öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və fəaliyyətinə uyğun vergi rejimi çərçivəsində ödəniş etməlidir. Repetitorluq da fərdi sahibkarlıq fəaliyyətinin bir formasıdır.

Bəzi hallarda vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya vergi ödəməyən repetitorlara rast gəlinir. Digər tərəfdən, şəhid övladlarına ödənişsiz dərs keçən, şagirdlərinə güzəşt edən müəllimlər də var. Şəxsən belə repetitorlar tanıyıram. Öz evində məşğələ keçirərək uşaqlara əlavə dəstək göstərən müəllimlərin təhsilə töhfəsini də nəzərə almaq lazımdır. Bununla belə, sosial dəstək göstərilməsi ilə vergi öhdəlikləri ayrı məsələlərdir.

Hesab edirəm ki, hazırda gənclərin ali təhsil müəssisələrinə qəbulunda repetitorların böyük rolu var. Onların fəaliyyətinə maneələr yaradılarsa, abituriyentlərin hazırlığında və yüksək bal toplamasında çətinliklər yarana bilər. Buna görə repetitorluğun qarşısını almağı düzgün yanaşma hesab etmirəm.

Mövcud təhsil sistemini nəzərə alsaq, repetitorluğa ehtiyac olduğunu düşünürəm. Bu imkanın aradan qaldırılması bəzi şagirdlərin qəbul imtahanlarına hazırlığına mənfi təsir göstərə bilər.

Lakin bu, ümumtəhsil məktəbində çalışan müəllimin öz şagirdlərinə məktəbdə ödənişli əlavə dərs keçməsini doğru hesab etdiyim anlamına gəlmir. Müəllimin dərs dediyi şagirddən məktəbdə əlavə məşğələ üçün pul almasını düzgün saymıram. Şagirdin nəticələri zəifdirsə, müəllim onun çətinliklərini müəyyənləşdirməli və nəticələrinin yaxşılaşdırılması üçün pedaqoji dəstək göstərməlidir.

Eyni zamanda, məktəbdə çalışmayan və yalnız fərdi repetitorluqla məşğul olan müəllimlər də var. Onlar VÖEN alaraq, vergi ödəyicisi kimi qeydiyyatdan keçərək və qanunvericiliyin tələblərinə əməl edərək fəaliyyət göstərə bilərlər. Hesab edirəm ki, qanuni şəkildə çalışan repetitorların fəaliyyətinə maneə yaradılmamalıdır”.

Repetitorluq edən şəxslərlə bağlı monitorinqlər aparılırmı?

Dövlət Vergi Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, repetitorluq sahibkarlıq fəaliyyəti hesab olunur:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

“Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodu tətbiq edildiyi halda isə əldə olunan gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilir.

Həmçinin illik gəliriniz 45 min manatı keçmədiyi və fəaliyyətiniz Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş təhsil  sahəsində göstərilən xidmətlərə  aid edildiyi halda 75 faiz güzəşt hüququndan yararlana bilərsiniz.

"Sosial sığorta haqqında" qanunun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında hesablanır.

Bununla yanaşı, “Tibbi sığorta haqqında” qanunun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinə vergi orqanları tərəfindən ümumi qaydada nəzarət tədbirləri həyata keçirilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 376

Oxşar yazılar