Bakıda gecə klubunda baş verən partlayışın əks-sədası hələ də sosial şəbəkələrdən gəlir. Bu hadisə sosial şəbəkələrdə daha böyük partlayışa səbəb olub deyə bilərik. Faciə qalıb bir kənarda insanları ən çox maraqlandıran sual budur - gecə saat 3-də barda nə edirdilər? Ramazan ayının başladığı ilk gün niyə gecə klubuna gediblər ki?
Çox maraqlıdır ki, artıq iki gündür bütün dünya dövlətləri və səfirliklər Azərbaycana bu faciə ilə bağlı başsağlığı verir. Böyük əksəriyyət Azərbaycanın faciəsinə şərik olduğunu elan etdiyi zamanda vətəndaşlarımızın bir çoxu isə partlayış baş verən klubda olan insanları qınamaqla məşğul olur. Onu da deyək ki, başsağlığı verənlər arasında müsəlman ölkələri də var.
Bəs onlar nə yaxşı məsələyə “Ramazanda bara getmək olmaz” prizmasından yanaşmayıblar?
Əslində isə hadisə zamanı ölən bara əylənməyə gedən biri deyildi. Partlayış zamanı dünyasını dəyişən qadın yuxusuna haram qataraq çörəkpulu qazanan xadimə idi...
Sosial şəbəkələrdə isə həmin gün orda olanlar rəsmən linc edilir. Qınayan insanların da əsas suallar da bunlar idi:
Gecə saat 3-də onlar orda nə edirdilər? Ramazan ayının ilk günündə niyə kluba gediblər? Yaxşı olub... Gərək hamısı qırılaydı və s.
İnsanlar bu sualları verməkdə nə qədər haqlıdırlar?
Lent.az bu mövzuda araşdırmaya başladı və fərqli düşünən ekspertlərin bu mövzuda mövqelərini öyrəndi. Həmin fikirləri sizə də təqdim edirik.
Sonda özünüz qərar verin Ramazan ayında insanların əylənmək hüququ var ya yox?
Dinşünas Elşad Miri bildirir ki, dini dar olanlar, dar düşüncəli insanlar, özlərini din xadimi adlandıranlar məsələyə çox dar prizmadan yanaşırlar:
“Mənim bu haqda verdiyim açıqlamalara da mənfi reaksiyalar verirlər. İnsanların əylənmək hüququ var. Rəbbimiz Quranda insanların inanmaq və inanmamaq kimi seçimlərinin olduğunu bildirib. Siz kimsiniz ki, qarışasınız. Sizdə bu məlumat haradandı ki, orda olan insanların hamısı kafirdir. Yaralananların əksəriyyəti gənclərdir. Bu gün sizin kimi düşünən insanlara görə, gənclər dindən soyuyur. Siz onlara alternativ vermirsiniz. Orda ölən və yaralanan insanlara qarşı pis sözlər işlədən insanlar nə qədər vicdansızdırsa, məsciddə namaz qılarkən terror qurbanı olan insanlar haqqında pis fikir söyləyən insanlar da o qədər vicdansızdır”.
Onun sözlərinə görə, faciəyə bu cür yanaşmaq dinə aid deyil:
“Din insanların ölməyini deyil, yaşamağını istəyir. Günahsız insan yoxdur. Amma insanlar bunun cavabını Allaha verəcək, sizə deyil. Heç kimin ixtiyarı yoxdur ki, kimisə harada olduğuna görə günahlandırsın. Və yaxud da kimisə süddən çıxmış ağ qaşıq adlandırsın. Bu islam deyil, bu sizin uydurduğunuz dindir. Hadisə Ramazan ayında olmasaydı nə deyəcəkdiniz?! İttiham etmək bu qədər asandırmı. İttiham etdiyiniz şeyi sabah yaşamayacağınıza əminsiniz?”.
Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, partlayışdan və insan tələfatından dəhşətlisi buna sevinən şəxslərin olmasıdır:
İnsan itkisinə, xəsarətinə sevinmək faciədir. Bu natamamlıq hissinin olmasından xəbər verir. Guya bu insanlar bütün günü məsciddə ibadət edib, dualar oxuyub. Hər kəsin istirahət və yaşamaq hüququ var. Bu niyə kiməsə problem ola bilər ki?”.
Onun sözlərinə görə, faciəvi hala sevinənlər toplum və cəmiyyət üçün təhlükəlidir:
"Özləri istirahət, lap əylənə bilməyənlər, paxıllıqdan bunu edənləri qınayır. Sanki bu sevinənlər il ərzində imkansız ailələrə yardım edir, savab işlər görürlər. Etməyin belə, hər kəs bir hadisə nəticəsində vəfat edir. Məkanın heç bir önəmi yoxdur. Əsas əməldir. Hər kəs özü də əməlinə görə də bu dünyada da, o biri dünyada da cavab verəcək. Heç kim başqasının yerinə cavab vermir”.
Yazıçı, jurnalist Rəşad Məcid də qeyd edir ki, faciə baş verir, bir qrup adam sevinir, çiçəkləri çırtlayır, coşurlar:
“Sanki sağa-sola, yuxarı-aşağı ittihamlar səpələməyə fürsət gözləyirmişlər. Faciəyə sevinən insan xislətinin mahiyyəti maraqlıdır. Nədir onları belə qəddar edən, insanlıqdan çıxaran? Cahillik, xılt, kin-küdurət, yanlış ideologiyanın təsirləri? Nə? Faciəyə kədərlənmək, uğura sevinmək - qısası İnsan olmaq belə çətindir?”.