Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
ASC-dən Lent.az-a bildirilib ki, Sumqayıtda həyata keçirilən nəzarət tədbirləri nəticəsində vətəndaşlar və sahibkarlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə olunduğu və sudan qanunsuz istifadə edildiyi aşkar edilib. Aparılan yoxlamalar zamanı məlum olub ki, Bakı-Sumqayıt avtomobil magistralının kənarında yerləşən “Qu Gölü” restoranında su sayğacı olsa da su təchizatı sayğacdankənar xətt vasitəsilə aparılıb. “Məhəllə” adlanan kafedə də sudan uçotsuz istifadə halı üzə çıxıb. Su təchizatı sistemlərinə qoşulmaq üçün texniki şərti olmayan kafenin sahibi yaxınlıqdakı şəbəkədən özbaşına birləşmə edib.
Nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin ətraf qəsəbə və yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz və sayğacdankənar istifadə etdiyi məlum olub. Hətta elə abonentlər var ki, unikal üsullardan istifadə edərək, gizli yollarla ev və həyətyanı sahələrə qanunsuz su xəttləri çəkib.
Aşkarlanan hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq, ödənişə yönəldilib. Eyni zamanda vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb. “Azərsu” ASC vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək.
Qeyd edək ki, 2021-ci ilin 6 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 9169, Sumqayıt şəhəri üzrə isə 954 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 mln 440 min kubmetr, Sumqayıt şəhəri üzrə isə 265 min kubmetr həcmində sərfiyyat bərpa olunub.