Qadınların menstruasiya dövründə oruc tutub və ya tuta bilməməsi həmişə müzakirə mövzusu olub.
İlahiyyatçı Elşad Miri Lent.az-a açıqlamasında deyib ki, qadınların menstruasiya yaşaması xəstəlik deyil:
“Guya Peyğəmbərimiz qadınlara müraciət edərək deyib ki, siz zəifsiniz, əqli qüsurlusunuz. Bunu da ona görə, deyib ki, qadınlar menstruasiya dövründə namaz qılmır, oruc tutmur, qadınların dini qüsurludur. Və bu səbəbdən də cəhənnəmin çoxu qadınlardan ibarətdir. İnsanlar nə qədər pul ödəyib Həcc ziyarətinə gedir və orada qadınlar menstruasiya dövrünü yaşayarsa, ziyarətlərini tam edə bilmirlər. Axı niyə? İslamda belə bir şey yoxdur. Bəzən bunu onunla əlaqələndirilər ki, Bəqərə surəsinin 180-ci ayəsində deyilir ki, xəstə olan zaman oruc tutulmaz. Axı qadınların menstruasiya olması xəstəlik deyil. Əksinə, olmaması xəstəlikdir”.
Onun sözlərinə görə, qadınları bu cür bəhanələrlə təcrid etmək əbəsdir:
“Amerikada bir müsəlman qadının araşdırması nəticəsində məlum olmuşdu ki, 21 gün ardıcıl tutulan oruc bütün xərçəng hüceyrələrinə qalib gəlir. Belə olan halda qadınları bundan niyə məhrum etməliyik?.. Bu əbəsdir. Qadınlar menstruasiya dövründə namaz da qıla bilər, məscidə də gedə bilər, oruc da tuta bilər. Menstruasiyanın Quranda tək şərti odur ki, ər-arvad münasibəti olmasın”.